Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:30

Mən şeirlərimi reseptlərdən sonra yazdım...


Fərid Hüseyn
Fərid Hüseyn
-

Fərid Hüseyn


Şairlər

Biz hər axşam evə iki çantayla gəldik
Birində kitab, birində çörək oldu
birinci çörək olan çantamızı boşaltdılar.
Biz quşları da övladımız kimi sevdik,
ovcumuzdan su əmdi sərçələr.

Biz atomlara siqaret yandırdıq,
sellərə su içdik
tufanlara saç daradıq.
zəlzələ keçsin deyə
ayağımızı yerə dayadıq.

Biz şeir yazdıq,
nəğmə oxuduq
kinoya tələsdik,
Siz – otağa, yatağa, villaya.
Biz sizinlə görüşmədik,
biz sizinlə rastlaşdıq ancaq...


Başqa cür olmur

Oxumalıyam, alim olmalıyam,
sənin təbəssümünü araşdırmalıyam.
İşləməliyəm, vəzifəm artmalıdı –
Busəçi olmalıyam,
Küsməliyik, saatımı kosmetika dolabında gizləməlisən,
yerini soruşub barışmalıyıq.
Telefonun bu başında öpməliyəm yeddi dəfə,
telefonun o başında düzməlisən öpüşləri bədəninə.
Mülkümü satıb qollarında yer almalıyam.
"Ayağın əlim boydadı" deməliyəm
sənin balacalığına gülüşməliyik.
Əsgər papağımı başına qoymalısan,
mən sənə "komandir" deməliyəm.
Şəkil çəkdirməliyik və "komandir" sözü şəkildə düşməməlidi.
Belə olmalıdı, yoxsa xoşbəxt olmaq olmur.


Hər üzü tanışdı hər üzü yaşanmış

Mən şeirlərimi reseptlərdən sonra yazdım, –
o zaman ki, dərmanlar kar etməmişdi ağrılara.

Sevgilərdən sonra yazdım sevgi şeirlərimi, –
artıq ayrılıq möhürləmişdi könlümdə yerini.

Uşaqlıqdan sonra böyük xoşbəxtlik istəmədim, –
çün uşaqlıqdan sonra bəllidi böyüklüklər.

İndi dərdi oyan-buyan çevirirəm;
hər üzü tanışdı, hər üzü yaşanmış.


Bilirəm bu adamlar

Şəhərdə guruldayan maşınların səsi artdıqca,
dodağımıza "sus" qoyan barmaqlar çoxalır..
Bilirəm bəzi arıq adamlar
içindəki qurdlarla nələri yeyiblər şərikli.
Və çox görmüşəm xəyalında banan soya-soya
bir xurmayla yaşadığını deyən adamları.

Hər axşam öz kölgəmdən qalxır,
və şükr edirəm işığa – Ona
nədirsə gözəgörünməzin sirridi.
yerdə qalan boş şeydi, –
çənə zənguləsidi.
İri ağızdan tüpürmək nəyə gərək,
nədisə budur:
artığı əskiyiylə qədərsiz.
əskiyi artığıyla dolmaz.
XS
SM
MD
LG