Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:02

Əlçatmaza çevrilən bir ovuc torpaq


Arxiv foto
Arxiv foto
-
“Evimizin qarşısında boş torpaq sahəsi var. Bələdiyyə torpağıdır, 2001-ci ildən yazıram ki, bu boş sahəni verin mənə, kiçik bir köşk tikim, alverlə məşğul olum, özümü də saxlayım, ruhi xəstə olan qardaşlarımı da. Məndən sonra müraciət edənlər çoxdan torpağı alıb tikiblər. Hamı da mağaza, salon tikir. Mən isə 12 ildir get-gəldəyəm”.
Şəki şəhər sakini Gülşən İskəndərova 2-ci qrup əlildir, şəhərin Sabit Rəhman küçəsində yaşayır. Deyir, evinin qarşısındakı torpaq sahəsi yerli bələdiyyənin fonduna aiddir. Mərkəzdə yaşadığını səbəb gətirib evinin qarşısındakı torpaq sahəsini ona vermirlər. Onun isə bu torpaq sahəsində kiçik bir köşk tikib çörəkpulu qazanmasına çox ehtiyacı var:
“BİR KÖŞK TİKİM, MEYVƏ- TƏRƏVƏZ SATIM”
“Özüm əliləm, atam-anam yoxdur, üç qardaşım var, üçü də ruhi xəstə, birinci qrup əlildilər. Ailə qurmamışam, həyatımı onlara həsr etmişəm. Üçünü də mən saxlayıram. Əvvəllər bazarda alverlə məşğul olurdum. İndi buna imkanım yoxdur. Həm səhhətim yol vermir, həm də xəstə qardaşlarımı tək qoya bilmirəm. 12 ildir yerli bələdiyyəyə gedib-gəlirəm ki, bir parça boş sahəni versinlər, balaca bir köşk tikim, meyvədən-tərəvəzdən töküm satım, başımızı dolandıraq. İstədiyim bir ovuc torpaqdır ki, acından ölməyək. Ətrafımda yaşayanların hamısına bu şərait yaradılıb, bircə məndən başqa. Torpaq biznesi ilə məşğuldular. Kimin pulu var, ona torpaq verirlər, mənim isə başqaları kimi rüşvət verməyə pulum yoxdur. Səsimi çıxaranda da polisi tökürlər üstümə”.
“SƏNƏDLƏRİ TOPLADIM, AMMA...”
Şəki bələdiyyəsi 2001-ci ildə Gülşən İskəndərovaya cavab məktubu göndərib ki, yaşadığı küçə şəhərin mərkəzi küçəsi olduğuna görə orada alış-veriş üçün köşk tikmək olmaz. Buna görə də torpaq sahəsini ona verməyib. 2005-ci ildə Gülşən İskəndərova ikinci dəfə yerli bələdiyyəyə müraciət edib ki, əgər torpaq sahəsini tikinti üçün vermirsinizsə, o zaman əkinçilik üçün verin. Bələdiyyə də ona bu şərtlə torpaq sahəsini icarəyə verməyə razılaşıb və sənəd toplamasını məsləhət görüb. O, tələb olunan sənədləri yığıb bələdiyyəyə təqdim etsə də, bələdiyyə torpaq sahəsi üçün icarə müqaviləsi bağlamaqdan imtina edib. Məlum olub ki, torpaq sahəsi artıq başqalarına icarəyə verilib.
Şəki bələdiyyəsindən “Qaynar xətt”ə bildiriblər ki, Gülşən İskəndərovanın iddia etdiyi torpaq sahəsi 2004-cü ildə Şəki sakinləri Fatmaxanım Əkbərovaya və Mehman Əbdülrəhmanova icarəyə verilib. Həmin şəxslər bələdiyyədən kommersiya məqsədi ilə obyekt tikmək üçün torpaq sahəsi istəyiblər. Bələdiyyə də Fatmaxanım Əkbərova ilə 40, Mehman Əbdülhəhmanovla 60 kvadratmetr torpaq sahəsinə icarə müqaviləsi bağlayıb. Həmin torpaq sahələri Gülşən İskəndərovanın yaşadığı evindən xeyli aralıdadır. Bələdiyyədən bildirilib ki, Gülşən İskəndərova torpaq sahəsi üçün onlara sonuncu dəfə 8 il əvvəl müraciət edib. Əgər müraciətini təzələsə, həm də yalnız evinin qarşısındakı torpaq sahəsi ilə kifayətlənsə, bələdiyyə məsələyə bir də baxa bilər.
Şəki bələdiyyəsi torpaqların ayrı-ayrı şəxslərə rüşvət qarşılığında icarəyə verilməsi ilə bağlı deyilənləri də təksiz edib.
XS
SM
MD
LG