Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:12

Keçmiş geoloqla Dövlət Neft Şirkətinin məhkəmə çəkişməsi


Foto: Arxiv
Foto: Arxiv
-
«İşlədiyim idarə ləğv olundu, qısa müddətdən sonra məni hərbi xidmətə çağırdılar. Tələb etdim ki, işlə təmin etsinlər, maaşımı ailəmə kəssinlər, sonra hərbi xidmətə gedim. Buna baxmayaraq məni məcburi hərbi xidmətə apardılar. Qayıdandan sonra isə Dövlət Neft Şirkətinə işə götürmədilər».

Məhəmmədiyə Əliyev «Qaynar xətt»ə danışır ki, təqribən 20 il əvvəl Dövlət Neft Şirkətinin Zərdab Dəri Kəşfiyyat Qazma Ekspedisiyasında geoloq kimi işə düzəlib. 4 il işləyəndən sonra onunla olan müqaviləyə xitam verilib. Deməsinə görə, o vaxtdan Dövlət Neft Şirkətinə müraciət edir ki, ona iş versinlər:

«Ailə vəziyyətimlə əlaqədar 1996-cı ildə ordudan tərxis olundum. Uzun müddət şirkətin kadrlar idarəsinə gedib-gəldim. Hər dəfə arxayın etdilər ki, işlə təmin olunacaqsan. Ancaq sonralar başa düşdüm ki, hamısı boş vədlərdir».

Məhəmmədiyə Əliyev 2012-ci ilin avqustunda AzadlıqRadiosunun efirində şirkətin İnsan Resursları Departamentinin rəisi Asif Bəşirlinin çıxışını dinləyib. Son vaxtlar şirkətə 25 mindən çox işçi qəbul olunması barədə dediklərindən ürəklənib, yenə şirkətə üz tutub:

«Həmin vaxt internet vasitəsilə də məlumatlar topladım ki, şirkətə son illər bu qədər işə götürülən var. Ancaq həmin məlumatlar internetdə yerləşdirilən vaxtlar mənə şirkətdən məktublar gəlirdi ki, şirkətin işçi götürmək imkanı yoxdur. İmkan yoxdursa, bunlar 25 min adamı necə işlə təmin ediblər? Belə çıxır ki, yalan danışırlar?».

MƏHKƏMƏLƏRDƏ...

Məhəmmədiyə Əliyev deyir, ailə başçısıdır, uzun illərdir ki, məhkəmə yollarında qalıb. Hərçənd ki, məhkəmələr də ona qahmar çıxmayıb. Şirkətə qarşı işə bərpaya dair qaldırdığı iddiasını təmin etməyib.

Neft Şirkətinin nümayəndəsi Comərd Mustafayev bildirir ki, Məhəmmədiyə Əliyev idarə ləğv olunduğuna görə yox, onunla olan əmək müqaviləsinin müddəti bitdiyi üçün işdən çıxarılıb. Bundan sonra o, hərbi xidmətə gedib, qayıdandan sonra isə başqa yerdə işləyib. İş üçün müraciət etdikdə isə, artıq Ekspedisiyanın fəaliyyəti dayandırılmış olub.

Məhəmədiyyə Əliyev isə Dövlət Neft Şirkətində işə götürüləcəyinə ümidini itirmir. Səbail rayon Məhkəməsi onun işə bərpa iddiasını təmin etməsə də, Bakı Apellyasiya Məhkəməsi həmin qərarı qüvvədə saxlasa da, şirkətin keçmiş işçisi Ali Məhkəmədən onu qaneedəcək qərar gözləyir.
XS
SM
MD
LG