Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:49

Avropa Birliyi rəsmisindən Rəqabət Məcəlləsi çağırışı


Toralf Pilz
Toralf Pilz
-
«Biz Azərbaycanda biznes mühitinə dair nüfuzlu beynəlxalq qurumların dəyərləndirməsinə baxırıq. Həmin reytinqlər də çox yüksəkdir. Biz orada gördüyümüz nəticələrə inanırıq». – Avropa Birliyinin Azərbaycandakı missiyasının rəhbəri vəzifəsini icra edən Toralf Pilz belə deyir. O, sentyabrın 11-də Bakıda keçirilən 1-ci Avropa-Azərbaycan investisiya konfransından sonra AzadlıqRadiosunun suallarını cavablandırıb.

İLİN SONUNADƏK 25 MİLYARD DOLLAR

«Azərbaycan gənc ölkədir və üzləşdiyi problemlərin əksəriyyəti onun inkişaf yolunda olmasından yaranır. Buna baxmayaraq, çətinliklər qətiyyətlə aradan qaldırılmalıdır, çünki bunlar Avropa Birliyi ilə biznes əlaqələrinə əngəl törədir. Azərbaycan hökuməti ilə birgə onların üzərində işləyirik. Əminik ki, ölkədə biznes mühiti yaxşılaşacaq». – Toralf Pilz-in sözləridir.

Cənab Pilz konfransdakı çıxışında xarici investisiyaya Azərbaycanın önəm verməsindən AB-nin məmnunluğunu dilə gətirib:

«Prezident deyib ki, ilin birinci yarısında ölkə iqtisadiyyatına 12 milyard 600 milyon dollar yatırılıb. İlin sonunacan bu rəqəmin 25 milyard dollara çatacağına ümid edirik».

Bu günlərdə Dünya İqtisadi Forumu 2013-2014-cü il üzrə «Dünya Rəqabətlilik Hesabatı»nı açıqlayıb. Hesabata əsasən, Azərbaycan rəqabətlilik reytinqi baxımından 4.51 balla 148 ölkə arasında 39-cu yerdə qərarlaşıb. Rusiya 64-cü, Gürcüstan 72-ci, Ermənistan 79-cu yerdədir.

KORRUPSİYA, VERGİ...

1-ci Avropa-Azərbaycan investisiya konfransı
1-ci Avropa-Azərbaycan investisiya konfransı
Toralf Pilz bunun daha çox Azərbaycanın əla makroiqtisadi göstəricilərindən qaynaqlandığını bildirib. O, eyni zamanda ölkənin biznes mühitini yaxşılaşdırmaq üçün bəzi problemləri həll etməli olduğunu da vurğulayıb:

«Bunlara, məsələn, korrupsiya, vergi dərəcələri, peşə hazırlığı olmayan işçi qüvvəsindən istifadə, maliyyə və vergi mənbələrindən sui-istifadə kimi hallar daxildir. Biz hökumətin bu problemlərin mövcudluğunu etiraf etməsinə, onlara qarşı mübarizə strategiyasını hazırlamasına müsbət yanaşırıq – məsələn, neft gəlirlərindən kəskin asılılığın aradan qaldırılması istiqamətində. Bu strategiyanın uğuru Rəqabət Məcəlləsinin tez bir zamanda qəbulundan da asılıdır. Potensial xarici investorlar belə bir addımı yüksək qiymətləndirər və onlar Azərbaycana gəlişən dünya bazarının ciddi bir hissəsi kimi baxmağa başlardılar. Azərbaycan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olmaq istiqamətində cəhdlər göstərsə, inkişaf edən bir bazar kimi öz mövqeyini daha da gücləndirərdi. Belə cəhdlər Avropa Birliyi ilə daha dərin və daha geniş ticarət əlaqələrinin yaradılması perspektivinin təməlini qoya bilər. Avropa Birliyinin bu istiqamətdə irəli sürdüyü iqtisadi əməkdaşlıq təklifləri həm xarici investorlara Azərbaycanda, həm də Azərbaycan investorlarına Avropa bazarlarında əlverişli şərait yaradardı».

Cənab Pilz çıxışında bir daha bildirib ki, AB investisiya mühitini yaxşılaşdırmaq və iqtisadiyyatı şaxələndirmək sahəsində Azərbaycanın cəhdlərini dəstəkləyir.
Sevinc Həsənova
Sevinc Həsənova

İSLAHATLAR DAVAM EDƏCƏK

İqtisadi İnkişaf nazirinin müavini Sevinc Həsənova Azərbaycanda əlverişli biznes mühitinin yaradıldığı, ölkədə sahibkarlığın inkişafına önəm verildiyi və bu sahədə inkişafın dəstəkləndiyi fikrindədir:

«Azərbaycan 2009-cu ildə Dünya Bankının hesabatına ən islahatçı ölkə kimi düşüb. Ölkədə biznes mühiti daim inkişaf edir. Bunu beynəlxalq qurumlar da öz hesabatlarında qeyd edirlər. Dövlət islahatları davam etdirəcək».

Sevinc Həsənova vergi siyasətinin də biznesi dəstəklədiyini bildirir. Onun dediyinə görə, ölkədə infrastruktur quruculuğu da biznesin inkişafına yönəlib. Axı infrastruktur, kommunal xidmətlər, yollar olmayan yerdə hər hansı inkişafdan, biznesin qurulmasından danışmaq mümkün deyil:

«Bunların hamısı dövlət tərəfindən biznesin inkişafı üçün yaradılan şəraitdir».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG