Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:31

İlham Əmiraslanov aclıq aksiyasını dayandırıb


İlham Əmiraslanov
İlham Əmiraslanov
Salyanın 5 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan «Kür» Vətəndaş Cəmiyyəti Qərargahının üzvü İlham Əmiraslanov aclıq aksiyasını dayandırıb.

Bu barədə Penitensiar Xidmət məlumat yayıb. Məlumatda bildirilir ki, aclıq aksiyasını dayandıran İ. Əmiraslanov kütləvi informasiya vasitələrinə yazılı müraciət də edib.
O, şərti azad olunmağı barədə müraciətinə gec baxılmasına etiraz olaraq aclıq aksiyasına başladığını və məhkəmənin növbəti həftə baş tutacağı bildirildiyindən sonra aksiyanı dayandırdığını yazıb. İ. Əmiraslanovun adından yayılan müraciətdə deyilir ki, o, bəzi KİV-də aclıq aksiyasının siyasiləşdirilməsinin əleyhinədir:
«Bildirirəm ki, mən heç bir siyasi oyunbazın əlində vasitə olmaq istəmirəm. Siyasi məhbus, vicdan məhbusu adlandırılmağımın qəti əleyhinəyəm. Eləcə də hörmətli cənab prezident İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləyirəm və qarşıdan gələn prezident seçkisində xalqımızın böyük əksəriyyətinin səsi ilə yenidən Azərbaycanın prezidenti seçilməsinə bütün varlığımla inanıram».

«Kür» Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev İ. Əmiraslanovun belə bir müraciət yazmasına inanmır:

«Müraciətin hər bir cümləsindən görünür ki, bu sözlər İ. Əmiraslanova aid deyil. Mən dəqiq bilmirəm nə baş verir. Amma ola da bilər ki, müraciət təzyiq altında yazılıb».

İlham Əmiraslanov 2012-ci il iyunun 8-də qanunsuz silah saxlamada təqsirli bilinib. Məhkəmə onu 2 il müddətinə azadlıqdan məhrum edib.

İ. Əmiraslanov 2010-cu ilin yazında baş vermiş Kür daşqınlarının yaratdığı problemlərin həll olunması, daşqınlardan ziyan çəkmiş vətəndaşlara hüquqi yardım göstərilməsi istiqamətində fəaliyyət göstərib.
XS
SM
MD
LG