Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:35

Bakıya pul qazanmağa gələnlərin aqibəti


Foto: Arxiv
Foto: Arxiv
-
«Oğlum və başqa iki gənc Bakıda fəhləliklə məşğul olurdular. Keçən ilin avqust ayında iş yerlərindən kirayədə qaldıqları Ələtdəki evə getmək üçün taksiyə miniblər. Yol haqqı kimi 16 manat danışılıb, ancaq üstlərində cəmi 12 manat olduğundan pulu tam ödəyə bilməyiblər. Vəd ediblər ki, qalan pulu tezliklə gətirib sürücüyə verəcəklər. Sürücü əsəbiləşib, «102»yə zəng vurub, yalandan məlumat verib ki, guya sərnişinlər onu qarət edərək 300 manatını götürüblər. Oğlumu da, fəhlə yoldaşlarını da həbs ediblər. Onların yerini dörd gün bizdən gizlədiblər».

Sabirabadın Şəhriyar kənd sakini Ağaverdi Əmənov «Qaynar xətt»ə oğlu Eldar Əmənovun həbsindən danışır. O, oğlunun azadlığa buraxılması üçün istintaq orqanının ondan 25 min manat pul istədiyini iddia edir.

«MÜSTƏNTİQ ÖLƏN OĞLUMUN QANPULUNU İSTƏYİR»

Şikayətçi:

«Halbuki, zərərçəkmiş kimi tanınan taksi sürücüsü sonradan ərizə yazaraq qarət olunmadığını bildirib. «102»yə zəngini isə əsəbiləşməsi ilə əlaqələndirib».

Ağaverdi Əmənovun deməsinə görə, işi aparan müstəntiq onunla köhnə bir söhbətin ədavətini aparır. Ata deyir ki, yaşadığı kəndin cavanları işsizlikdən paytaxta üz tutur. Onların bir qismi həbsə düşür, bir qismi ağır iş başındaca canını tapşırır. Elə onun digər oğlu kimi:

«Bir il əvvəl o biri oğlum Bakıda tikintidə qəzaya düşərək öldü. Mənə kompensasiya kimi 20 min manat verdilər. O işi də həmin müstəntiq aparırdı. İndi deyir, gətir o pulu ver mənə, bu oğlunu buraxım».

Cinayət işinin istintaqını Qaradağ rayon Polis İdarəsinin istintaq şöbəsi aparır. İdarədən Ağaverdi Əmənovun dediklərini təkzib etdilər. Bildirdilər ki, Eldar Əmənovun cinayət işi üzrə istintaq müstəntiq Rəşad Nuriyevin icraatındadır. İstintaq yekunlaşmaq üzrədir. Eldar Əmənovun təqsirli olub-olmadığını yaxın vaxtlarda məhkəmə araşdıracaq.
XS
SM
MD
LG