Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:13

«Sərsəngin suyundan içib qoturluğa yoluxuruq»


Foto: Arxiv
Foto: Arxiv
-
«Neçə vaxtdır ki, Seydimli, Qaravənd, Kolanı kəndləri su qıtlığı yaşayır. Kənddə su mənbələri quruyub, suyu sudaşıyan maşınlardan pulla alırıq. Susuzluqdan məhsullarımız da yanıb. Bazara satışa çıxarmağa meyvəmiz, tərəvəzimiz olmadığından müflis vəziyyətə düşmüşük. İndi su almağa da pulumuz yoxdur. Müflis günə qalmışıq».

Bunu AzadlıqRadiosunun «Qaynar xətt»inə Tərtərin Seydimli kənd sakini Veyis Babayev danışır. Onun dediyinə görə, rayonun bu kəndləri aprel ayından susuz qalıb. Səbəbini kəndlilər özləri də bilmir:

«Məhsullarımız susuzluqdan zay olduğuna görə torpaq vergisini də ödəyə bilmirik. Dəfələrlə icra başçısının qəbuluna getmişik. Məcbur qalıb Sərsəngdən gələn sudan istifadə edirik. Nəticədə xeyli kəndli qotur xəstəliyinə tutulub. Bələdiyyənin qarşısına yığışırıq, su tələb edirik, dağılışırıq».

Avqustun 12-də yerli portallar da Tərtərin bir sıra kəndlərinin susuzluqdan məhv olan təsərrüfatları üçün bələdiyyə qarşısında etiraz aksiyası keçirməsindən yazıblar.

«SƏRSƏNGİN SUYU KƏNDLİLƏRİ QOTURLUĞA YOLUXDURUB»

Kolanı kəndindən AzadlıqRadiosunun «Qaynar xətt»inə zəng vuran Qürur Əvəzov bildirib ki, rayonun 7 kəndi ermənilərin verdiyi suya möhtac qalıb:

«Tələb edirik ki, kəndlərdə artezian quyuları qazılsın. Ermənilər Tərtərçayın üzərində yerləşən Sərsəng su anbarından bizə gün ərzində 2 saat su verirlər. Bu sudan istifadə edib qoturluq xəstəliyinə tutuluruq. İçmək üçün deyil, hətta məişətdə istifadəyə də yaramır. Uşaqlar yara töküb. Meyvə bağlarımız, tərəvəz bostanlarımız yanıb, məhv olub».

Kənd sakini deyir, günaşırı 10 manata su alırlar. Çəni su ilə tam doldurmaq isə 25-30 manata başa gəlir. İndi ailələri «su üçün pulu haradan tapmalı» sualı düşündürür.

Seydimli bələdiyyəsinin vergi müfəttişi Tünzalə Məmmədova bildirib ki, kəndlərdə artezian quyuları var. Ancaq bu quyular əhalinin suya olan tələbatını ödəmir.

Tərtər rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildiriblər ki, rayonun qeyd olunan kəndlərində artezian quyuları var. Ancaq əlavə quyuların qazılması üçün Nazirlər Kabinetinə, Meliorasiya və Su Təsərrüfatı ASC-yə əlavə artezian quyularının qazılması ilə bağlı təkliflər göndəriblər. Uzağı iki aya kəndlərdə əlavə artezian quyularının qazılması işləri başa çatdırılacaq.
XS
SM
MD
LG