Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:59

Ermənistan universitetlərində yerlər boş qalıb


Ermənistanın Amerika Universitetinin tələbələri
Ermənistanın Amerika Universitetinin tələbələri
-

Lilit Harutyunyan


«TƏHSİL HAQQI ARTSA DA, TƏHSİLİN KEYFİYYƏTİ ARTMIR»

Ani Navasardyan bir ildən sonra Yerevan Konservatoriyasını bitirir. Dediyinə görə, hər il Ermənistan universitetlərində təhsil haqqı artırılsa da, təhsilin səviyyəsi yerindəcə saymaqdadır:

«Dostlarımın çoxu təhsil haqqını ödəyə bilmədiklərindən xaricdə təhsil almağa üz tutur. Xaricdə oxumaq üçün müxtəlif fondların maliyyə dəstəyi ilə keyfiyyətli təhsil almış olurlar. Məsələn, Yerevan konservatoriyası keyfiyyətli təhsil verməsə də ildən-ilə qiymətləri artırır. Səbəb nədir? Aydın deyil...».

Ani Navasardyanın sözlərinə görə, universitetlər təhsil haqqını yüksəltsə də, müəllimlərin maaşı artırılmır. Nəticədə yaxşı mütəxəssislər universitetləri tərk edir, xaricdə işləməyə gedirlər.

«Bu barədə öz müəllimlərimizlə söhbət etmişik. Sən demə təhsil haqqı artsa da, maaşlar elə də qalxmayıb. Onlar demək olar ki, əvvəlki əmək haqqını alırlar.
Müəllimlərimdən biri tam ştat çalışmadığından ayda cəmi 5 min dram (təxminən 10 manata yaxın) maaş alır. Bu, sadəcə gülüncdür», deyə Ani Navasardyan əlavə edir.

«DİPLOMUN İŞLƏ VƏ YÜKSƏK GƏLİRLƏ TƏMİN ETMƏDİYİNİ ANLAYIBLAR»

Gagik Melikian
Gagik Melikian
Ötən illə müqayisədə bu il Ermənistan universitetlərində təhsil almaq istəyənlərin sayı xeyli azalıb – təxminə 2,5 min yer boş qalıb. Testləşdirmə mərkəzinin direktoru Gagik Melikian-ın fikrincə, artıq həm valideynlər, həm də gənclər diplomun önəm daşımadığını, onun işlə və yüksək gəlirlə təmin etmədiyini anlayıblar:

«Uşaqlar və valideynləri artıq anlayırlar ki, zaman dəyişib və universitet diplomu o qədər də əhəmiyyət kəsb etmir. Başa düşürlər ki, diplom alıb işsiz qalmaqdansa, bir peşəyə yiyələnib çörəkpulu qazanmaq daha yaxşıdır. Araşdırmalarımız göstərir ki, son illər texnikum və peşə məktəblərinə qəbul olanların sayı xeyli artıb. Eyni zamanda, Ermənistanda fəaliyyət göstərən xarici universitetlərə də sənəd verənlər çoxalıb – bu, Slavyan, Amerika və Avropa universitetləridir».

MÜHARİBƏ, DEMOQRAFİK PROBLEM, İQTİSADİ BÖHRAN...

Təhsil məsələləri üzrə mütəxəssis Nvard Manasyan qeyd edir ki, birinci kurs tələbələrinin sayının azalması demoqrafik problemlə, həmçinin iqtisadi böhran və təhsil haqqının yüksəlməsi ilə bağlıdır:

«Bu gün 90-cı illərdə doğulan uşaqlar tələbə adını qazanırlar, həmin illərdə isə doğum sayı aşağı idi. 2008-ci ildə dünyadakı iqtisadi böhrandan sonra yoxsulluq səviyyəsi artıb və bir çox ailələrin övladı təhsil almaq imkanından məhrum qalıblar. Təhsil haqqını ödəyəcək fondlarımız da yoxdur. Ödənişsiz təhsil alanların sayı da getdikcə azalır. Ona görə, tələbələrin əksəriyyəti beynəlxalq universitetlərə qəbul olur. Son zamanlar təhsil haqqının artması da prosesə təsirsiz ötüşməyib».

«AŞPAZ PEŞƏSİ YÜKSƏK QİYMƏTLƏNDİRİLİR»

Yerevan Dövlət Universiteti
Yerevan Dövlət Universiteti
Nvard Manasyanın dediyinə görə, Ermənistan universitetləri rəqabətqabiliyyətli mütəxəssis hazırlamır. Hərçənd orta ixtisas müəssisələrinin vəziyyəti əhəmiyyətli şəkildə düzəlib. Sovet dönəmindəki yanaşmaya görə, peşə məktəbi və texnikumlara daha az qabiliyyətli gənclər üz tutur, üstəlik, bu tələbələr təhsillərini də davam etdirə bilmirdilər. Ancaq indi vəziyyət tamam dəyişib. Manasyan deyir:

«Texnikum və peşə məktəbləri tələbələr üçün cəlbedici olub. Bu gün məsələn, əmək bazarında aşpaz peşəsi yüksək qiymətləndirilir və yaxşı əmək haqqı alırlar. Bu o deməkdir ki, əgər yemək hazırlamağı sevirəmsə nüfuzlu ixtisaslardan hesab olunan beynəlxalq əlaqələri öyrənməyəcəm. Aşpazlığı öyrənməyə üstünlük verəcəm, üstəlik, bu işlə sevə-sevə məşğul olacam».

TƏHLÜKƏLİ VƏZİYYƏT

Bu arada Ermənistan universitetlərinə qəbul olanların əksəriyyəti humanitar fakültələrə üstünlük verirlər. Təbiət elmləri ilə texniki ixtisasları öyrənmək istəyənlərin sayı isə ilbəil azalır.

«Rus dili ilə maraqlananların sayı azalır, əksinə, ingilis dilinə maraq artır. Alman və fransız dillərinə gəlincə, burda vəziyyət təxminən dəyişməz qalıb. Təbiət elmləri - fizika, riyaziyyat, kimya və texniki ixtisaslar populyar deyil. Ancaq hüquqşünaslıq, politologiya və beynəlxalq əlaqələr fakültəsi hələ də nüfuzunu qoruyub saxlayır» deyən, Nvard Manasyan bu tendensiyanı təhlükəli hesab edir. Səbəbini də belə izah edir:

«İnkişaf etmiş ölkələrdə tələbələrin təxminən 20 faizi elmi-texniki ixtisaslar üzrə təhsil alır, bizdə isə bu göstərici heç 5 faizi də keçmir. Bu, çox təhlükəli vəziyyətdir. Belə çıxır ki, tələbələrin 95 faizi humanitar ixtisasları seçirlər. Bu ixtisaslar fundamental elm sahələridir, bu o deməkdir ki, biz iqtisadi inkişafı və rəqabətqabiliyyətliliyi təmin edə bilmirik».
XS
SM
MD
LG