Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:15

Ağdaşda Qarabəy Karvansarayı uçmaq təhlükəsi ilə üz- üzə...


Qarabəy Karvansarayı
Qarabəy Karvansarayı
-

«Sosial yardımımı da kəsiblər. O gün icraya getmişəm, məni polislər çağırtdırıb, incidiblər. Bax «pataloka», bax, yağır ordan şırhaşır».

Ağdaşda Həsənovlarla birgə 17 ailənin sığındığı, qəzalı vəziyyətdə olan Qarabəy karvansarayı rayonun tarixi abidələrindən biridir. 1900-cü ildə inşa olunan Qarabəy karvansarayının qayğıdan kənarda qalması burda yaşayanlara, necə deyərlər, yeni-yeni qayğılar yaradıb. Bir müddət karvansara kimi fəaliyyət göstərən binanın hazırda birinci mərtəbəsi ticarət və məişət obyektləri tərəfindən, üst qatı isə yaşayış yeri kimi istifadə olunur. Lakin tarixi abidənin vəziyyəti artıq bu qədər yükü daşımağa imkan vermir və hər an uçma təhlükəsi gözlənilir:

Rövşanə Həsənova deyir:

«OĞLUM GƏLƏCƏYİN ƏSGƏRİ, QIZIM GƏLƏCƏYİN ANASIDIR»

Rövşanə Həsənova
Rövşanə Həsənova
«6 ildir bu çarpayıda yatırıq, gördüyün bu, tozun-torpağın içində. Oğlum gələcəyin əsgəri, qızım gələcəyin anasıdır. İstəmirəm xəstə düşsünlər, amma düşüblər».
Tikili yaşayış binası üçün nəzərdə tutulmadığından Həsənovlar kimi bura sığınanları belə şəraitə dözməyə vadar edən yoxsulluqdu.

«BİR SAAT YAĞIŞ YAĞIR, XALÇA-PALAZI QATLAYIB, VANNA-VEDRƏ QOYUB, YATIRIQ»

Sakinlərdən Mariya Lobova deyir: «Bir saat yağış yağır, xalça-palazı qatlayıb, vanna-vedrə qoyub, yatırıq. Bizə nə qaz versinlər, nə işıq, bizə ancaq ev versinlər. Çatlardan kərtənkələlər gəlir. Buranın abrını biz örtürük. Qız gətirdi məni bura, yoxsa mən gəlmərəm bura».

Kanalizasiya xətti olmayan karvansara binasının vaxtıyla dəvələrin saxlandığı birinci mərtəbəsindən ayaqyolu kimi istifadə olunur. Odur ki, burda yaşayanların həm üfunətdən, həm də hər an baş verəcək uçqun qorxusundan rahat nəfəs alması müşkülə çevrilib. Binanın hansı vəziyyətdə olması kənardan da aydın görünür. Binalardakı çatlar, dam örtüyünün, ağac konstruksiyaların çürüyərək çökməsi kənardan sezilir. Ancaq nə bu tarixi abidənin, nə də sakinlərin bu halını görən var.

«BAXACAĞIQ, BAXACAĞIQ DEYİB, BAXMIRLAR»

Əşrəf Quliyev
Əşrəf Quliyev
Əşrəf Quliyev deyir : «Dəfələrlə gedib icra hakimiyyətinə demişik, ərizə vermişik. Bakıya da ərizə vermişik, baxacağıq, baxacağıq deyib, baxmırlar. Əməl eləmirlər. Uşaqlarım xəstə düşüb, özüm xəstə düşmüşəm. Böyrəklərim ağrıyır, işçi qüvvəmi itirmişəm».

Ağdaş rayon icra hakimiyyətinin sosial iqtisadi məsələlər üzrə müavini İsmayıl Yusifzadə isə deyir ki, onlar Qarabəy karvansarayının vəziyyəti ilə tanışdır və bina texniki baxışdan keçirilib:

«TƏRTİB OLUNMUŞ AKTDA BİNANIN QƏZALI OLDUĞU VURĞULANIB»

«Tərtib olunmuş aktda binanın qəzalı olduğu vurğulanıb. Bu, müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinə FHN tərəfindən göndərilib. Təbii ki, sakinlər haqqında Nazirlər Kabineti hansı qərarı çıxaracaqsa, həmin qərar da icra olunacaq».

Sakinlərdən Rövşanə Həsənova isə deyir ki, tək öz hallarına yox, karvansaranın da halına yanırlar. Belə vəziyyətdə qaldıqca onlar abidəyə, abidə də onlara təhlükə yaratmaqdadır.
XS
SM
MD
LG