Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:37

Naxçıvanda prezident seçkisini müxalifət izləməyə bilər...


Faiq Əliyev
Faiq Əliyev
-
Naxçıvanda Ümid Partiyası seçki komissiyalarında təmsil olunmaqdan kənarlaşdırılır. Ümid parlamentdə azlıqda olan partiya kimi bəzi dairə və məntəqələrdə komissiya üzvü kimi təmsil olunmaq hüququna malikdir. Onlardan 72 məntəqə daxil olmaqla 3 dairə Naxçıvan ərazisinə düşür.

«GUYA, ÜMİD PARTİYASININ NAXÇIVANDA TƏMSİLÇİLİYİ OLMADIĞI ÜÇÜN...»

Ümid Partiyasının yerli təşkilatını sədri Faiq Əliyev deyir ki, 2011-ci ildən isə bu hüququ Naxçıvan MR MSK-sı onların əlindən alıb. Bunu qanunsuz hesab edən təşkilat sədri həmin qərardan məhkəməyə şikayət etdiklərini deyir. O hesab edir ki, bu qərar yerli hakimiyyətə növbəti seçkiləri maneəsiz saxtalaşdırmaq imkanı yaradır:

«Qərar çıxarılıb ki, guya, Ümid Partiyasının Naxçıvanda təmsilçiliyi olmadığı üçün həmin partiya seçkilərdən uzaqlaşdırılsın. Burda bir məsələ var ki, Naxçıvan MSK-sının bu işə qarışmasının heç bir hüquqi əsası yoxdur. Buna baxmayaraq, onlar Azərbaycan MSK-sının işinə müdaxilə etdilər və bizləri komissiyalardan uzaqlaşdırdılar. Biz bu qanun pozuntusu ilə bağlı məhkəməyə müraciət etmişik. Hakimiyyətin məqsədi seçkiləri rahat şəkildə saxtalaşdırmaqdır. Bu səbəbdən uzaqlaşdırdılar bizi. Bizdən konkret olaraq çəkindilər, uzaqlaşdırdılar. Ümid Partiyası olaraq seçkilərə daha dolğun, daha dəqiq nəzarət edirdik deyə, Naxçıvan hakimiyyətini, Naxçıvan MSK-sını qorxuya saldı. Builki seçkilərdə hüququmuzu bərpa etdirməyə çalışacağıq. Bu baş verməzsə, ən azı müşahidəçi kimi iştirak etməyi düşünürük».

Naxçıvanda təkcə seçki komissiyalarında yox, hətta müşahidəçi qismində belə seçkiləri izləmək müşkül məsələyə çevrilib. Bunu Naxçıvandakı müxalifət partiyalarının nümayəndələri deyir.

«MÜŞAHİDƏÇİLƏRİN AİLƏ ÜZVLƏRİNƏ, QOHUMLARINA HƏDƏ-QORXU İLƏ BASQI EDİRLƏR»

Müsavat Partiyası yerli təşkilatının sədri Sabir Vəliyev deyir ki, komissiyalarda təmsil olunmasalar da, seçkini müşahidəçi qismində izləməyi düşünürlər. Lakin, onun dediyinə görə, müşahidəçilər təzyiqlə üzləşdiyindən bu işi görmək onlara çətinliklə başa gəlir:

«Naxçıvanda seçki müşahidəçilərinə təzyiqlər çox olur deyə, insanlar qorxur müşahidəçilik etməyə. Naxçıvanda Müsavat Partiyasından komissiya üzvü yoxdur.
Yaşar Bağırsoy
Yaşar Bağırsoy
Müşahidəçilərin ailə üzvlərinə, qohumlarına hədə-qorxu ilə basqı edirlər. Onları təqib edib işdən çıxarırlar. Bu səbəbdən müşahidəçi tapmaq çox çətindir. İstər üzvlərimiz olsun, istərsə də tərəfdarlarımız olsun. Bizim partiya üzvlərimizin çoxu, demokratik fikirli tərəfdarlarımız təqiblərdən və işsizlikdən Naxçıvanı tərk ediblər. Bu səbəbdən yetərli sayda müşahidəçi tapmaq çətindir. Hakimiyyət bunu qəsdən edir ki, insanlar olmasın, qutuları doldursunlar, etiraz edən də olmasın».

«ÖZLƏRİ ETİRAF ELƏDİ Kİ, TAPŞIRIQ YUXARIDAN GƏLİB...»

AXCP Muxtar Respublika Təşkilatının sədri Yaşar Bağırsoy 2010-cu ildə keçirilən parlament seçkilərində namizəd olub. O deyir ki, həmin seçkilərdə heç bir müxalif müşahidəçilər qeydə alınmayıb:

«2010-cu ilin parlament seçkilərində müxalifət partiyalarının seçkini müşahidə etməsinə hakimiyyət qadağa qoydu. Ötən seçkilərdə müşahidəçi siyahısını verdik, bundan sonra adı siyahıda olanları təqib etməyə başladılar. Həmin seçkilərdə mən AXCP-Müsavat blokundan həm 6 saylı Babək-Culfa seçki dairədən, həm də Naxçıvan Ali Məclisinə namizəd idim. Hər iki dairədən bizim müşahidəçiləri qeydə almadılar. Özləri etiraf elədi ki, bu tapşırıq yuxarıdan gəlib, heç nə edə bilmərik. Builki seçki ilə bağlı hələlik təşkilatımızda qərar verməmişik. Növbəti seçkilərdə bizə maneələr yaratmasalar, məntəqələrin əksəriyyətində müşahidəçi ilə iştirak etmək gücündəyik. Partiya üzvlərimizin 60-70 faizi basqılar üzündən Naxçıvanı tərk ediblər. Ancaq, şərait yaradılarsa, biz əksər məntəqələrdə müşahidə apara bilərik».

«YALAN DEYİRLƏR»

Naxçıvan Muxtar Respublika MSK sədri Məhərrəm Seyidov isə ittihamları qəbul etmir:

«Ötən seçkilərdə Ümid Partiyasının nümayəndələri məntəqələrdə təmsil olunurdular. Yalan deyirlər. Mənim Azərbaycan məntəqələrinə elə bir girişim yoxdur, mənim o dairələrə göstəriş vermək hüququm da yoxdur. Bizim MSK Naxçıvan Ali Məclisinə seçkilərlə bağlı fəaliyyət göstərir. Bu məsələ birbaşa Azərbaycan MSK tərəfindən idarə olunur. Mən Faiq Əliyevi yaxşı tanıyıram, tez-tez görüşürük. Aramızda bu barədə söhbət olmayıb. Faiq Əliyev bir də mənimlə əlaqə saxlasın.
Anar Məmmədli
Anar Məmmədli
Hətta, mən desəm ki, Ümiddən heç kimi götürməyin komissiyalara, bunun hüquqi əsası olmaz axı. 2010-cu ildə Naxçıvan Ali Məclisinə keçirilən seçkilərdə tapşırıq vermişdim ki, heç bir partiya müşahidədən kənar qalmasın. Bizim qapı açıq idi. Adam tapa bilmədilər müşahidəçi verməyə, böhtan atırlar. Çox oldu müxalifətçi müşahidəçilər. BQP, BXCP, AXCP, Müsavat, Ümid partiyalarından müşahidəçilər iştirak edirdilər. Heç bir müşahidəçiyə də təzyiq olmamışdı».

«SEÇKİ DÖVRÜNDƏ NAXÇIVANDA FÖVQƏLADƏ VƏZİYYƏT HÖKM SÜRÜR»

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli isə deyir ki, Ümid Partiyasının seçki komissiyalarından uzaqlaşdırılması qanunsuzdur. O, həmçinin bildir ki, rəhbərlik etdiyi təşkilat 2003-cü ildən bəri keçirilən seçkilərdə Naxçıvanda da müşahidəçilik edir. Anar Məmmədlinin sözlərinə görə, onlarla əməkdaşlıq etmək istəyən vətəndaşlara təzyiqlər davamlı olduğundan builki seçkilərdə Naxçıvanda müşahidəçilik edib-etməyəcəkləri sual altındadır:

«Bu il müşahidəçiliklə bağlı bizə müraciət edənlər olacaqsa, biz onlara hər cür dəstək verməyə hazırıq. İndiyə kimi daim əməkdaşlığa cəlb etdiyimiz insanlar müxtəlif təzyiqlərlə üzləşiblər. Bu vaxt onları müdafiə etmək də çətin olur. Seçki dövründə Naxçıvanda fövqəladə vəziyyət hökm sürür. Naxçıvanda vəziyyət ağırdır, seçki ilində isə daha ağır olur. Seçkidən sonra da təzyiqlər davam edib. 2010-cu il seçkilərindən sonra biz bir daha bunun şahidi olduq . Naxçıvan Azərbaycanda könüllü müşahidəçilik etmək istəyənlər baxımından ən zəif regiondur. Bu da təzyiqlərdən irəli gəlir. Polis təlimlərə müdaxilə edir, həbslər olur, insanlar incidilir».
XS
SM
MD
LG