Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:47

Bakıda ünvan xaosu


Küçə ünvanları təkcə binalarda deyil, binaların əsas girişlərində də əksini tapacaq.
Küçə ünvanları təkcə binalarda deyil, binaların əsas girişlərində də əksini tapacaq.
-
Təsəvvür edin ki, evinizdə oturub dincəlirsiniz. Birdən qapı döyülür və qapının ardından poçtalyon sizə bir məktub uzadır. «Nə olsun?» – deyə soruşmayın. Axı nə məktubun üstündə yazılan ünvan sizinkidir, nə də ünvanlandığı adam sizsiniz. «Köhnə» ünvanı Nizami küçəsi, ev 21-22 olan Gülnarə Mahmudova belə bir olayı yaşayıb:

«Rayondan gələndə gördüm ki, evimin üstünə 149 rəqəmi vurulub. Heç bilmirik onu ora kim vurub, nədir. Ertəsi gün poçtalyon əlində məktubla gəldi. Baxdım ki, nə ünvan bizimkidir, nə də ki adı göstərilən şəxs bizik. Poçtalyonsa qapımızın üstündəki rəqəmi göstərib deyir ki, burada 149 yazılıb və məktubun üstündəki ünvandır. Heç nə anlamadım... Məktubu da almadım».

«YANVARDAN YENİ ÜNVAN QAYDALARINI TƏTBİQ ETMƏYƏ BAŞLAMIŞIQ»

Ölkə prezidenti İlham Əliyev «Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları»nda dəyişiklik edilməsi barədə 2008-ci ilin noyabrında fərman imzalayıb. Bu fərman giriş ünvanı konsepsiyasını nəzərdə tutur. Yəni küçə ünvanları təkcə binalarda deyil, binaların əsas girişlərində də əksini tapacaq. Fərmana əsasən, 2010-cu ilin iyununda Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Statens Kartverk-Norveç Xəritəçəkmə Təşkilatı arasında «Azərbaycanda ünvan reyestrinin informasiya sisteminin yaradılması» layihəsinin gerçəkləşdirilməsinə dair Qrant Sazişi imzalanıb.

Dövlət Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov bildirir ki, bu ilin başlanğıcından Bakı şəhərində dəyişikliklərə başlanılıb. Komitə sözçüsü yeni ünvan reyestri xidmətinin istər vətəndaşların, istərsə dövlət qurumlarının işini asanlaşdırmaq məqsədi daşıdığını bildirir:

«Beynəlxalq təcrübə öyrənildikdən sonra Norveçin uyğun təşkilatı ilə birlikdə yeni ünvan reyestri sistemi işlənilib. Yanvar ayından yeni ünvan qaydalarını tətbiq etməyə başlamışıq. Bu dəyişiklik bir neçə mərhələdən ibarətdir. Əvvəlki qaydada ünvanlar binalara verilirdi. Yeni qaydada ünvanlar binanın əsas girişlərinə verilir. Sistem kökündən dəyişəcək.
Yanvar ayından yeni ünvan qaydalarının tətbiqinə başlanıb.
Yanvar ayından yeni ünvan qaydalarının tətbiqinə başlanıb.
Bu dəyişiklikdə məqsəd vətəndaşlara, digər dövlət qurumlarına ünvanları daha dəqiq tapmaqda yardım etmək, ünvan axtararkən yaranan vaxt itkisini aradan qaldırmaqdır. Yeni ünvan reyestrinin vətəndaşlar üçün heç bir narahatçılığı olmayacaq. Sistem tam qaydaya salındıqdan sonra lap xaricdən köhnə ünvana yazılan məktub da avtomatik olaraq yeni ünvanına çatdırılacaq. Mülkiyyət sənədlərinin dəyişdirilməsi gərəkli deyil. Sahibləri mülkiyyətlərini satarlarsa, o zaman sənədləşdirmə yeni ünvanla aparılacaq».

HÜQUQŞÜNAS XƏBƏRDARLIQ EDİR

Ev ünvanları dəyişən sakinlərin bu məsələyə münasibəti birmənalı deyil. Dəyişikliyi qiymətləndirən də var, dəyərsiz sayan da:

- Yan-yana olan bu binaların hər ikisinin ünvanı Xaqani, 22 idi. Təcili yardım maşını gəlib həyətə girirdi və qalırdı burda... Bilmirdi hansı binaya qalxsın. İndi bu binalar ayrılıqda rəqəmlənib və gələn biləcək ki, Xaqani küçəsi, 50 ünvanına çağırılıbsa, bu binaya qalxmalıdır. Bu, çox yaxşı sistemdir.

Bakı sakini Yeganə Bağırova
Bakı sakini Yeganə Bağırova
- Bu dövlət üçün əlavə iş açır. Proses çox çətinliklərə yol açacaq. Evimizə gələn qonaqlar üçün, sənədlərimiz üçün problemlər olacaq. Bu dəyişikliyi müsbət qarşılamıram.

- Dünən televizorumu düzəltmək üçün usta çağırmışdım. Ünvanı deyəndə, soruşdu ki, təzə ünvan, ya köhnə? Mən təəccübləndim: Axı ünvan dəyişikliyindən xəbərim yox idi. Yəqin, bəzi sənədlərin də dəyişdirilməsi lazım gələcək. Mən yaşlı qadınam. Bu işlərin arxasınca gəzə bilmərəm.

- Bu işlər hökumət tərəfindən aparılırsa, mənim bununla razı olub olmamağım o qədər də əhəmiyyət kəsb etməz. Məsələ burasındadır ki, mən bir yerə gedib ünvan soruşanda bildiyim ünvanımı deyəcəyəm. Ancaq araşdırılandan sonra məlum olacaq ki, bu, başqasının ünvanıdır. Bu olayın mənim üçün də zərərləri olacaq. Şəhərin mərkəzində ünvan dəyişdirilirsə, heç olmasa, əvvəlcədən ictimaiyyətə xəbər verilməli idi.

«Ünvan dəyişikliyi vətəndaşların cibində də dəyişiklik yaradacaq?» sualını ünvanlarkən, hüquqşünas Müzəffər Baxışovdan qanqaraldıcı cavab aldıq:

Müzəffər Baxışov
Müzəffər Baxışov
«Vətəndaşlar gələcəkdə «başlarının ağrımaması»nı istəyirlərsə, mütləq mülkiyyət sənədlərini yeniləməlidirlər. Belə toplu halında islahatlar keçirilirsə, mütləq evlərin sənədləri dəyişdirilməlidir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ünvan dəyişmələri ilə bağlı onlara yeni çıxarışlar verilməlidir. Ünvanla bağlı dəqiqləşdirilmələr aparılmalıdır. Əks halda gələcəkdə həmin ünvan sahibləri problemlə üzləşə bilərlər. Məsələn, gələcəkdə evini satmaq istəyən şəxsin sənədini notarius təsdiqləməz, alıcı ilə problem yarana bilər ki, faktiki ünvan başqadır, sənəddəki ünvan başqa. Evini satana qarşı saxta sənədlə evsatma iddiası da qaldırıla bilər. Şəxsiyyət vəsiqələrində də qeydiyyat ünvanı dəqiq göstərilməlidir. Buna görə də vəsiqələr dəyişdirilməlidir. Yeni ünvan reyestrini dövlət gerçəkləşdirdiyi üçün sənədləşdirmələrin xərcini də dövlət çəkməli və yeni sənədlərə dövlət rüsumu alınmamalıdır».

BİR NEÇƏ SUAL

Bu ilin yanvarında başlayan ünvan reyestri Bakıda bitəndən sonra Gəncə, Sumqayıt və Azərbaycanın digər şəhərlərində də aparılacaq.

Yeni ünvan reyestrinin 2013-cü ilin sonunadək başa çatdırılması planlaşdırılsa da, daha bir neçə sual aktuallıq qazanır:

– Az qala 3 il öncə imzalanmış prezident fərmanının icrası niyə məhz seçki ilində başlanıb?

– Ünvan dəyişiklikləri seçki siyahılarında necə əksini tapacaq? Orada yeni ünvanla yanaşı, seçicinin köhnə ünvanı da göstəriləcəkmi?

Mövzuya qayıdacağıq.
XS
SM
MD
LG