Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:44

Zərdüşt Əlizadə: «Morsi... Elçibəy yoluyla getmədi»


Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə
-
Politoloq Zərdüşt Əlizadə Misirdəki son durumu AzadlıqRadiosuna şərh edir.

– Zərdüşt bəy, Misirdə nə baş verir, sizcə – dövlət çevrilişi, daha bir inqilab?

– Bu, əks-inqilabdır, dövlət çevrilişidir. Misir iqtisadiyyatını nəzarətdə, inhisarda saxlayan 32 ailənin, məmur burjuaziyasının Misir ordusu ilə sıx əlaqələri heç kəs üçün sirr deyil. Onlar Morsi-ni devirəndən sonra öz hakimiyyətlərini maneəsiz bərpa ediblər. Morsi Misir tarixində yeganə və birinci demokratik seçilmiş prezident olub. Əqidəsinə görə islamçı idi, «Müsəlman Qardaşları»na məxsus idi, bunun nə əhəmiyyəti vardı, axı? Demokratik seçilmişdi, heç bir zorakılıq olmamışdı, çoxlu rəqibləri vardı. Tam şəffaf və ədalətli seçkilərdə qalib gəlmişdi. Xalqın 64 faizi səs verib konstitusiyanı təsdiqlədi. O da dedi ki, «xalqın mənə verdiyi mandata söykənib idarə edirəm». Azlığın rəyi ilə hesablaşmaq məsələsinə gəlincə, Morsi srağagünkü (iyulun 2-də – A.K.) çıxışında müxalifətə 6 bəndlik güzəştlər planı təklif etmişdi. Müxalifət bunu rədd edib dedi ki, «getməlisən». Morsi cavabladı ki, «xalq mənə mandat verib, gəlin demokratiya yolundan dönməyək. Bu yoldan dönsək, Misir bir ölkə, xalq olaraq uçuruma və dalana dirənəcək». Ordu onu devirdi, seçkilərdə uduzmuş namizədlərdən yararlandı. Mohamed ElBaradei hörmətli adamdır, Nobel Sülh Mükafatı alıb, seçkidə uduzmuşdu. Onların Allahşükür Paşazadəsi olan Azhar şeyxi də gəlib oturdu hərbçilərin yanında. Sələfilərin başçısı da dedi ki, tabe olmasaq, 90-cı illərdə olduğu kimi islamçıları qıracaqlar. Morsi-ni hərbi kəşfiyyat idarəsində həbsə alıblar, ordunun təşkil etdiyi iğtişaşlarda həlak olanların günahlarını da onun üstünə yıxırlar.

– Xarici media sanki baş verənləri «çevriliş» adlandırmağa tələsmir və hansısa dairələrin bütün bunlarda maraqlı olması təsəvvürü yaranır.

– Ona görə ki, cənab Barack Obama prezident Morsi ilə əlaqə saxlayıb ona «get» dedi. O da cavab verdi ki, axı məni xalq seçib. İndi mən soruşuram: 1953-cü ildə İranda dövlət çevrilişi təşkil edən Amerika 40 ildən sonra İran xalqından üzr istədi. İndi də Misirdə dövlət çevrilişinə dəstək verən Amerika yenədəmi 40 ildən sonra üzr istəyəcək?

– Sizcə, Misir demokratiyasını xilas etmək hələ gec deyil?

– Xeyr, ortada Misir kimi, Misir büdcəsi kimi yağlı tikə var. Ordu bu büdcəni nuş etməyə öyrəşib. Ölkə iqtisadiyyatı tamamilə ordunun və məmur burjuaziyasının nəzarətindədir. Onlar bir addım da geri çəkilməyəcəklər. Meydanda sevinən, atılıb-düşən cahil, dünyadan bixəbər cavanlara gəlincə, onlara yazığım gəlir. Vaxtilə Mütəllibovu devirən cəbhəçilər də sevinirdilər, elə bilirdilər demokratiya və azadlığa qovuşurlar.
Muhammad Morsi
Muhammad Morsi

– Baş verənlər Morsi-nin sosial ədaləti təmin edə bilməməsi ilə də izah edilir, axı...

– Misir əhalisi çox və əkinə yararlı ərazisi az olan ölkədir. Mən 1969-71-ci illərdə leytenant kimi Misir ordusunda xidmət edəndə əhalisi 30 milyon idi. İndi, maşallah, 82 milyondur. Bu qədər insanı yedirmək, işlə təmin etmək asan deyil. Ölkənin gəlir mənbəyi Süveyş kanalı, turizm və məhdud sayda təbii sərvətlərdir – nefti, qazı var. Qazı da İsrailə satırdı. 82 milyonu doydurmaqdan ötrü yüksək səviyyəli, dünya bazarında rəqabətə davamlı məhsul buraxan sənayen olmalıdır. Misiri idarə edən səmərəsiz məmur burjuaziyası heç vaxt imkan verməz ki, ölkə irəliləsin. Bir misal çəkim. Əslən Misirdən olan bir alim - Ahmed Zewail Amerikada çalışır və ixtirasına görə Nobel mükafatı alır. Bütün Misir buna sevinir. O, ölkəsinə gəlir, Mubarak onu qəbul edir. Alim bir elmi mərkəz yaratmaq istədiyini, Nobel laureatlarının hamısını çağıracağını deyir. Mubarak nazirlərə tapşırıq verir. Nazirlər 5 il boyunca o Zewail-i top kimi bir-birinə ötürür, əllərini ağdan-qaraya vurmurlar. Onun da ümidi kəsilir və qayıdır Amerikaya...

– Niyə belədir ki, sizcə?

– Yəni bu sistem özü inkişafın ziddinədir. Qarətçi, talançı bir bürokratik sistemdir. 82 milyon insanı işlə təmin etmək mümkün deyil. Bir il əvvəl Kaliforniyada elmi iş müdafiə etmiş doktor Morsi-ni – dindar, təmiz adamı prezident seçdilər. Bir il ərzində sehrbaz deyildi ki, papağının altından dovşan çıxarsın, 82 milyona iş, qaz, işıq, hüquq təmin eləsin? Dövlət quruculuğu xalqın bəlli mədəni səviyyəsini tələb edir. Bu bir il ərzində tam azad olan Misir televiziyaları xalqın seçdiyi prezidenti nə qədər ələ salır, aşağılayır, lağa qoyurdular. Baxırdım o verilişlərə. Mən özümü demokrat saysam da, əlimdə olsaydılar, onları cəzalandırardım. İnsan ləyaqətinə toxunan tərzdə dövlət başçısını təhqir edirdilər.
Muhammad Morsi Müdafiə naziri Abdel Fattah al-Sissi-ni qəbul edir - 2012
Muhammad Morsi Müdafiə naziri Abdel Fattah al-Sissi-ni qəbul edir - 2012
Ona görə belə davranırdılar ki, arxalarında ordunu hiss edirdilər. Ordu Mubarak-ı ona görə devirdi ki, Mubarak hakimiyyəti mülki şəxs olan oğlu Gamal-a vermək istəyirdi. Ordu düşünürdü ki, özləri gələcək. Meydana «Büdcəni biz yemək istəyirik!» şüarı ilə çıxmaq mümkün deyildi. Bu səbəbdən ordu demokratiya şüarları ilə çıxdı. «Müsəlman Qardaşları» da hürriyyətdən və demokratiyadan yararlanıb təmiz seçkidə qalib gəldilər. Bu, ordunun planlarına əsla daxil deyildi. Ona görə vəziyyəti qızışdırdılar, pravoslav ərəblərlə müsəlman ərəbləri vuruşdurdular. Sünnilərlə şiələri vuruşdurub öldürdülər. Caniləri açıb buraxdılar. Şərləmə və qarayaxmada dindən istifadə edərək hörmətdən saldılar. Nəhayət, öz adamları vasitəsilə nəhəng mitinq topladılar. Oradakı gənclərin çoxu anlamır ki, hakimiyyət dəyişəndən sonra nə iş tapacaqlar, nə mənzillərinə su, qaz, işıq gələcək, nə də həyatları yaxşılığa doğru dəyişəcək. Əksinə, hərc-mərclik davam edəcək. İki prezidentin müqayisəsinə baxın – biri - Salvador Allende Pinochet-in qiyamına qarşı durdu, çiynində avtomat vuruşdu və kürsüsündə güllələndi. Digər nümunə – qiyam olanda tayfası ilə məsləhətləşib doğma kəndinə qaçan Elçibəy. Morsi Allende-nin yoluyla getdi, orduya müqavimət göstərdi. Ordu isə qəyyumluq etdi. Ordunu alqışlayan ilk xarici dövlətlər də ən mürtəce rejimlər – Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və İordaniya oldu.

– Sizcə, nə gözləyir Misiri – vətəndaş savaşı?

– Böhran sürəcək. Misir bu rejimin sayəsində heç cür inkişaf edə bilməyəcək. Misir demokratiyası boğuldu, ancaq Misir xalqı əbədidir, nə vaxtsa qüvvə toplayıb yenidən bu mənfur, tüfeyli burjuaziyanı devirəcək. Əminəm ki, yeni quruluş da xalqın problemlərini həll edə bilməyəcək. Xalq oyanıb başa düşməlidir ki, onları oynadırlar, cahillikdən sui-istifadə edirlər.
XS
SM
MD
LG