Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:50

İrana əzablı yollarla...


Astara gömrüyü - 2013
Astara gömrüyü - 2013
-
Səhər saatlarında Astara keçid məntəqəsinin önündəyik. İrana keçmək üçün yüzə yaxın adam növbəyə durub. Nəzarətçi deyir ki, bir o qədər də adam gömrüyün ərazisindədir. Astara keçid məntəqəsi səhər saat 10-dan 19-a kimi açıq olur. Buraya gəlməyimizin məqsədi də İranda keçirilən prezident seçkisindən sonra keçid məntəqəsində baş verənlərlə tanış olmaq idi. Öyrənmək istəyirdik ki, İrana gediş-gəlişdə çətinliklər əvvəllər olduğu kimi qalırmı?

«ŞƏRAİT YARATSINLAR RAHAT KEÇƏK»

Yenə İrana keçmək istəyənlər arasında qadınlar, müalicəyə gedənlər çoxluq təşkil edirdi. Növbəyə duranlardan biri bildirdi ki, istər İran gömrüyündə, istərsə də Azərbaycan tərəfində vəziyyət olduğu kimidir:

«Belədir də vəziyyət, gördüyünüz kimi. Şərait yaratsınlar rahat keçək».

Növbəyə duran bir başqası da narazılığını gizlətmədi:

«Mən əliləm, veteranam. Ayda bir dəfə gedirəm. Belə də iş olar?!».

SƏRHƏDDƏ QADAĞALAR...

İrandan qayıdanlar isə deyirlər ki, keçiddə sakitlikdir. Lakin İran tərəfi əvvəlki kimi zəruri ərzaq məhsullarının ölkədən çıxarılmasına icazə vermir. Azərbaycan tərəfinin də bir çox malların-xalça, banan və toyuq məhsullarının gətirilməsinə qeyri-rəsmi qadağa qoyduğu söylənir. Bu qadağaların əsasən piyadalara şamil edildiyi bildirilir.
İrandan gələn, adının çəkilməsini istəməyən Astara şəhər sakini deyir ki, əvvəllər orada dollar sistemli şəkildə bahalaşırdı. İndi o bahalaşma dayanıb. 1 ABŞ dollarına 40-41 min İran realı verirlər. İran realı qalxdıqca, istehlak malları da buna uyğun olaraq bahalaşır. Onun fikrincə, İranda tacirlər əvvəlki kimi həyəcan keçirmirlər. Prezident seçkisindən sonra arxayınçılıq yaranıb.
Astara gömrüyündə yük maşınları
Astara gömrüyündə yük maşınları

Astara yük terminalında da sakitlik idi. Burda bizə dedilər ki, İrandan Azərbaycana gələn yük maşınların sayı çoxalıb. Tranzit yüklər də artıb. Sərhəddən keçən yük maşınların sayı gün ərzində 100-ə yaxın olur.

Cənub bölgəsində yaşayıb siyasətlə maraqlanan insanlar deyirlər ki, İranda islahatçı Hassan Rouhani-nin prezident seçilməsi nisbətən müsbət haldır.

CƏNUB BÖLGƏSİNDƏ İRANDAKI PREZİDENT SEÇKİLƏRİ HAQDA NƏ DÜŞÜNÜRLƏR?

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Aqil Yaqub qeyd edir ki, İranda prezident seçkisini televiziyadan müşahidə edib. Bütün çatışmazlıqlara baxmayaraq, müsbət hallar da görüb:

«Eşitmişdim ki, sərhəd bağlanacaq. Yəni ki, bu taydan o taya, o tayadan bu taya gəlmək qadağan ediləcək. Bu, olmadı. Yeni seçilmiş prezident nə cür olacaq, İranın daxili və xarici siyasətini neçə müəyyənləşdirəcək, bunu zaman göstərəcək. İran həmişə istəyir ki, Azərbaycanla münasibətləri yaxşılaşsın. Biz də ona cavab verməliyik. Ən yaxın qonşumuzdur. Həm də çoxlu bağlılığımız var. O mənada ki, mədəni, mənəvi, əxlaqi dəyərlərimiz demək olar ki, eynidir».

Astara rayon mədəniyyət işçisi Vaqif Əhmədoğlu da İranda keçirilən prezident seçkisinə müsbət yanaşır:
Vaqif Əhmədoğlu
Vaqif Əhmədoğlu

«Azərbaycan hökuməti ilə İran hökuməti arasında münasibətlər daha yaxşı olmalıdır ki, cənub zonasına təsir etsin. Dövlət səviyyəsində bu həll olunmalıdır. Hassan Rouhani tanınmış adamdır, Avropada təhsil alıb, islahatlara meyllidir. İstər-istəməz islahatlar aparılmalıdır. Çünki hər bir yeni prezident yeniliklər etmək istəyir. Yaşayarıq, görərik».

Lakin Astara şəhər 1 saylı orta məktəbin tarix müəllimi Taarif Əliyev hesab edir ki, İranda rejim dəyişməsə, münasibətlərdə səmimilik olmayacaq. O da qeyd edir ki, İranla münasibətlər yaxşılaşsa, cənub bölgəsi üçün bu yaxşı olardı. Çünki cənub bölgəsində yaşayanlar alış-verişə daha çox İrana gedirlər:

«İranda prezident dəyişikliyi hər hansı bir ciddi dəyişikliyə çıxarda bilməz. Prezidentə namizədlər senzuradan keçən namizədlərdir. Onların içərisində islahatçılar, mühafizəkarlar var idi. Onların prezidentləri böyük səlahiyyətə malik deyillər, birinci şəxs deyillər. Səlahiyyətlər ali dini rəhbərin əlindədir. Hər hansı bir iqtisadi dəyişiklik ola bilər. Amma bu, ciddi dəyişiklik olmayacaq».

İranda iyunun 14-də prezident seçkisi olub, islahatçı Hassan Rouhani prezident seçilib.
XS
SM
MD
LG