Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:16

Həyətdə ticarət obyektinin tikintisi narazılıq yaradıb


Foto: Arxiv
Foto: Arxiv
-
Sumqayıtın «14-cü məhəllə»sində tikilməkdə olan ticarət mərkəzi oranın sakinlərində narazılıq yaradıb. Onlar «Qaynar xətt»ə şikayət ediblər ki, binaların əhatəsində olan həyət tamamilə zəbt olunub.

«İKİ QARDAŞ BÜTÜN HƏYƏTİ ZƏBT EDİB»

Məhəllə sakini Tahirə Quliyeva:

«Qonşuluğumuzda yaşayan bir ailə həyətdəki yaşıllıqları məhv edib. Uşaqların oynadıqları meydançanı, binaları, qoca, əlil sakinlərin istirahət etdikləri sahəni zəbt ediblər. Əvvəlcə kiçik tikdikləri mağazanı indi iri ticarət mərkəzinə çevirirlər. Hər yerə şikayət göndərmişik, baxan yoxdur. Onsuz da darısqal olan həyətdə ticarət obyektlərinə mal gətirən maşınların yaratdıqları sıxlıqlar biabırçı vəziyyətə çatıb. Mağazaya gətirilən malları blokların giriş qapılarının qarşısına yığırlar, bina sakinlərinin binalara giriş-çıxışına mane olurlar. Kiçik bir həyətdə bu boyda ticarət obyekti olar? Bu obyekt fəaliyyətə başlayandan sonra alverçi, müştəri əlindən bloklarımızdan çıxa bilməyəcəyik».

«ŞİKAYƏT ETDİKCƏ, OBYEKTLƏRİNİ GENİŞLƏNDİRİRLƏR»

Məhəllənin başqa sakini Məlahət Balakani deyir ki, şikayət yazıb göndərmədikləri qurum qalmayıb. Ancaq qardaşlar hər gün ağacları kəsib obyektlərini genişləndirməkdədir:

«Deyirlər pulunu vermişik, tikirik, kimə nə? Sənədlərinə baxmaq istəyəndə, deyirlər, tikintinin arxasında hansısa məmur dayanır, sənədlər də ondadır. Bir sözlə, bu boyda binaların sakinləri qalıb iki qardaşın əlində. Blokun qapısından çıxa bilmirik. Toz-tozanaq, daş-kəsək. Obyektin hündürlüyünü qaldıra-qaldıra gedirlər. Obyektlə binalarımız arasında məsafə qalmayıb. Belə çıxır ki, yaxın gələcəkdə pəncərələrimizi kərpiclə hörməli olacağıq. Çünki mağazanın yuxarı mərtəbəsindən birbaşa evlərimizin içərisi görünəcək».

Binaların sakinləri həyətdə avtomobil dayanacağının da əldən çıxmasından narahatdırlar:

«Həyətə maşınların giriş-çıxışı məhdudlaşıb, maşın saxlamağa isə ümumiyyətlə yer qalmayıb. Bu boyda mülkü tikirlər, ancaq sabah bir yanğın baş versə, ağır texnika həyətə haradan girəcək, düşünən yoxdur. Bizim binalar onsuz da zəlzələdən qəzalı vəziyyətə düşüb, divarlarında çat var. Binaların arasında dərin özül qazılır, kiçik bir təkan olsa, binalar başımıza uçacaq».

İŞLƏRİN MAYASI - 222 SAYLI SƏRƏNCAM

Sumqayıt şəhər İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirdilər ki, tikinti icra başçısının rəsmi razılığı ilə aparılır. Obyektin müasir memarlıq üslubunda yenidən qurulması üçün kommersiya mərkəzinin layihələndirilməsinə başçı 222 saylı sərəncamı ilə icazə verib. Bu icazə ümumilikdə 465 kvadratmetr sahəyə verilib. Bir sözlə, binaların əhatə dairəsindəki 5 sota yaxın yer başçının sərəncamı ilə Nəsrullayevlər ailəsinin kommersiya mərkəzi üçün istifadələrinə verilib. şəhər icra hakimiyyəti sakinlərin narahatçılığında əsas görmür. Kommersiya obyektinin şəhərdəki abadlaşdırma işlərinin bir hissəsi kimi təqdim edir.

TİKİLİDƏN DÜŞƏN DƏMİR PARÇASINDAN YARALANDI?

Sumqayıt Regional Dövlət Yanğın Nəzarət İdarəsi ərazinin müayinəsini keçirdiyini, obyektə və yaşayış binalarına yanğın avtomobillərinin yaxınlaşması üçün ərazidə şərait olduğunu bildirir.

Yavər Nəsrullayev isə «Qaynar xətt»ə qonşularının narazılıqları ilə bağlı dediyi yalnız bu oldu: «Heç nə deyə bilmərəm».

Bu arada sakinlər «Qaynar xətt»ə daha bir xəbər veriblər: İyunun 18-də binalardan birinin 11 yaşlı sakini Məhəmməd həyətdə oynayarkən başına tikilidən dəmir parçası düşüb. Onu Sumqayıt şəhər Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə aparıblar. Yavər Nəsrullayev isə 11 yaşlı oğlanın yaralanmasının tikili ilə əlaqəsi olduğunu təkzib edib.
XS
SM
MD
LG