Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:47

6 faiz yoxsulluq, yoxsa statistika saxtakarlığı


Mətbuat icmalı
Mətbuat icmalı
-

ƏLİ İNSANOV AZADLIĞA ÇIXIR

«Bizim yol» yazır ki, sabiq səhiyyə naziri «Əli İnsanov azadlığa çıxır». Qəzet sabiq nazirlə bağlı Avropa İnsan Haqları Məhkəməsinin qərarının qüvvəyə mindiyini yazır:

«Avropa İnsan Haqları Məhkəməsi hesab edir ki, Əli İnsanov barəsində ədalətsiz məhkəmə keçirilib. Onun müdafiə hüququ və digər prosessual qaydalar pozulub. Bunları əsas götürərək, Avropa Məhkəməsi Əli İnsanovun xeyrinə qərar çıxarıb və ona bəraət verilməsini, eyni zamanda Azərbaycan hökumətinin 10 min avro cərimə ödəməsi barədə qərar çıxarıb».

Əli İnsanov 2005-ci ilin oktyabrında «dövlət çevrilişi»ndə təqsirləndirilərək həbs edilib. Amma sonradan ona qarşı cinayət məcəlləsinin 5 maddəsi üzrə «külli miqdarda mənimsəmə», «vəzifə səlahiyyətlərindən sui-istifadə», «rüşvət alma», «vəzifə saxtakarlığı», «məhkəmə qərarını icra etməmə» maddələri ilə ittiham irəli sürülüb.

2007-ci ilin aprelində əmlakı müsadirə olunmaqla, 11 il müddətinə azadlıqdan məhrum edilib. Onunla birgə sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev də həbs edilib.

6 FAİZ YOXSULLUQ, YOXSA STATİSTİKA SAXTAKARLIĞI

«Yeni Müsavat» qəzeti yazır ki, «Qərbdə orta yoxsuluq səviyyəsi 14-16 faiz olduğu halda, Azərbaycan hökuməti sosial mühitdə «inqilab» edərək, bu göstəricini 6 faizə «endirib». Qəzetə görə, hökumət rəqəmlərin şişirdilməsinə o qədər aludə olub ki, hətta bəzi reallıqları unudub:

«Müqayisə üçün deyək ki, inkişaf etməkdə olan Azərbaycanda əhalinin 6 faizinin yoxsul olduğu halda Hollandiya və Avstriyada yoxsulluğun səviyyəsi 10, Rumıniya və Bolqarıstanda 20, Fransada 13, Almaniyada 15, Böyük Britaniyada 19 faiz olub. Baxmayaraq ki, bu ölkələrdə güclü sosial təminat sistemi var, işsizlərə davamlı müavinətlər verilir. Heç bir sosial proqramlar həyata keçirməyən Azərbaycanın bu ölkələri geridə qoyması yalnız statistika saxtakarlığı və hökumət texnologiyasının savadsızlığı ilə izah edilə bilər».

«QURBAN MƏMMƏDOVUN OĞLUNDAN PREZİDENTƏ MÜRACİƏT»

«Heç kim unutmasın ki, tarix ilk növbədə hökmdarları ittiham edir, onun xidmətçilərini, ona yaltaqlananları, onu səhv yönəldənləri yox». Bu, vəkil Qurban Məmmədovun oğlu Qoşqar Məmmədovun həbsdə olan atası ilə bağlı prezidentə yazdığı məktubdandır. «Azadlıq» qəzetində dərc olunan məktubunda müəllif prezidenti ölkədə tezliklə barış üçün addım atmağa çağırır:

«Milli barış təkliflərinə, iqtidar özünü kifayət qədər güclü hesab etdiyi üçün indiki mövqeyindən, müxalifət isə seçki öncəsi xarici qüvvələrdən və beynəlxalq təşkilatlardan dəstək alaraq, güclənə biləcəyi xülyası ilə yaşamamalıdır. Vətəndaş sülhü ölkəmiz viran olmadan əldə edilməlidir».

DÖVLƏTÇİLİKDƏ İKİ MÜHÜM AMİL

«Azərbaycan» qəzeti yazır ki, «dövlətin müstəqilliyinin şərtləri çoxdur. Onlardan ikisi xüsusilə vacibdir. Biri xalqın təbii sərvətlərinin sahibi və sərəncamçısı olmasıdır». Qəzet bu məsələdə problemin olmadığını yazır:

«Dövlət başçısı Azərbaycanın milli maraqlarına və iqtisadi mənafeyinə cavab verən müqavilələri seçib imzalayır. İkinci şərt isə dövlətin müstəqil xarici siyasət yürütməsidir. Tarazlaşdırılmış və balanslaşdırılmış siyasət yeridən cənab İlham Əliyev üçün Azərbaycanın dövləti maraqları hər şeydən ucadır! Dövlət başçısı daxildə möhkəm ictimai-siyasi sabitliyə, qanunçuluğa nail olmadan, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunda kompleks addımlar atmadan xarici siyasət sahəsində hansısa uğurlu nəticələr əldə etməyin qeyri-mümkünlüyünü dəfələrlə bildirmişdir. Azərbaycan prezidentinin yeritdiyi uğurlu diplomatiya sayəsində dünya siyasətinə təsir imkanları getdikcə artan Azərbaycanın bütövlükdə Avratlantik coğrafi arealında sülh, tərəqqi və əməkdaşlıq paytaxtına, habelə beynəlxalq miqyaslı enerji-kommunikasiya layihələrinin lokomotivinə çevrildiyi getdikcə daha qabarıq görünür».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG