Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:41

İmişlidə örüş mübahisəsi bitmir


İmişlidə örüş mübahisəsi bitmir
İmişlidə örüş mübahisəsi bitmir
-

Mayın 10-da İmişlidə örüş tələbilə keçirilən aksiyadan sonra yerli icra orqanları «Depo» ərazisi ilə keçmiş Otuziki kəndinin sakinləri arasında razılıq əldə edildiyini, mübahisənin öz həllini tapdığını bildirdilər. Yada salaq ki, həmin aksiyada «Depo» ərazisinin sakinləri iddia edirdilər ki, Otuziki kəndinin sakinləri onların örüş yerlərini zəbt ediblər. İndi də AzadlıqRadiosuna danışan İmişlinin «Depo» məhəlləsinin bir qrup sakini mübahisənin həlli zamanı ədalətsizliyə yol verildiyini, onların mülkiyyət hüququna qəsd olunduğunu iddia edir.

«YER DƏ GETDİ, XƏRC DƏ...»

İmişli şəhəri «Depo» ərazisindəki İslam Bayramov küçəsi, 25 saylı evdə yaşayan Sədulla Salmanov 2,5 hektar torpaq sahəsini 2003-cü ildə bələdiyyənin qərarı ilə icarəyə götürdüyünü deyir:

Sədulla Salmanov
Sədulla Salmanov
«Əvvəlki vaxtlarda müqavilə bir illik bağlanırdı, 2007-ci ildə isə yer mənə 10 il müddətinə verilib. Torpağı təyinatına uyğun istifadə etmişəm, vaxtlı-vaxtında da icarə haqqını ödəmişəm. Ötən il bankdan kredit götürüb, sahədə planlama işi apardım, yonca səpdim, yaxşı da məhsul vermişdi. Amma bələdiyyə sədri Fərman Vəliyev polis tökdürüb, yerimi zorla əlimdən alıb, heyvanları otarıb. Torpağın əlimdən çıxmağı az deyildi, üstəlik çəkdiyim xərc də batdı».

Sədulla Salmanov ona ayrılmış torpaq sahəsinin örüş yeri olmağına şübhə edir:

«Örüş yeri olsaydı, əvvəldən bizə verilməzdi. İsrar etsək də, Torpaq Şöbəsi mübahisəni yerində araşdırmadı, ortaya xəritə qoymadı. Biz yerli icra və bələdiyyə orqanlarının hərəkətindən rayon prokuroruna və Ədliyyə Nazirliyinə şikayət etmişik, bələdiyyəni məhkəməyə verməyə hazırlaşırıq».

«BU QIŞ HEYVANLARIM OTSUZ QALACAQ»

Sulduz Gülalıyev
Sulduz Gülalıyev
Həmin ərazinin sakinlərindən Sulduz Gülalıyev də kolxoz dövründə traktorçu işlədiyini, bu yerdən pambıq yığdığını deyir:

«2001-ci ildə mənə veriləndə yer indiki vəziyyətdə deyildi, peyin verdim, vaxtında suvardım, növbəli qaydada kartof, soğan, yonca və arpa əkdim, şirinləşdirəndə, yaxşı məhsul verən vəziyyətə gətirəndə torpağı əlimdən aldılar. İndi qalmışam quru yurdda. Başqa iş yerim yox, nə də pensiya, müavinət alıram. Fərdi təsərrüfatımda heyvan saxlayıram, amma ona bu qış otu haradan tapıb verəcəyəm - bunu bilmirəm. Banka da borcum var. Bu hadisədən sonra əsəbim pozulub, yata bilmirəm».

KEÇMİŞ DEPUTAT BAKIYA GETMƏYƏ HAZIRLAŞIR - ŞİKAYƏTƏ...

Sakinlərdən Ağabəyim Gülalıyeva da uşaq yaşlarından başlayaraq torpaqla əlləşdiyini deyir:

«Məni məktəb oxumağa da qoymadılar. 32 il kolxozda can qoymuşam, elə olub bir gündə 250 kiloqram pambıq yığmışam. Qabaqcıl işçi olduğumdan mənə mebel hədiyyə ediblər, Şəhər Sovetinin deputatı olmuşam. Bu yeri Prezidentə müraciət edəndən sonra vermişdilər. 7 nəfərlik ailəm onun qazancına baxırdı, torpaqdan başqa pəhanımız yoxdur».

Ağabəyim Gülalıyeva
Ağabəyim Gülalıyeva
Ağabəyim Gülalıyeva deyir ki, dəfələrlə icra başçısının qəbulunda olub:

«Hər dəfə olmasa da, iki qəbuldan birində oluram. Keçən dəfə özünə də dedim ki, sən gələndən mənim bir problemimi həll etməmisən. Örüş yerinin 40 hektarını Daxili İşlər Nazirliyinin idarə rəisi tutub, heç ona bir söz deyən yoxdu, bunların gücü kasıba çatır. Taxılı biçdirəndən sonra Bakıya gedəcəyəm, görüm kimin qəbuluna düşə bilirəm».

«KİŞİNİ BU TORPAQ ÖLDÜRDÜ»

Örüş yeri üstə mübahisə qızışdığı vaxt «Depo» ərazisindən olan icarədarlardan biri - Havar Babayev vəfat edib. Mərhumun həyat yoldaşı Həqiqət Babayeva and-aman edir ki, icarəyə götürdüyü yerə naxır salındığını eşidəndə ərinin ürəyi tab gətirməyib:

«Səhhəti ilə bağlı heç bir narahatlığı yox idi, deyib-gülürdü. Səhər naxırı onun yerinə salanda yanıb-yaxıldı, günorta canını tapşırdı. Torpaqla əlləşib 8 uşaq böyütmüşük, onun pulu ilə ziyarətə də gedib, kənddə məscid də tikdirib. 4 hektar yerimiz vardı, külfət onunla dolanırdı».

BƏLƏDİYYƏ SƏDRİ MƏKTUB YOLLAYIB

Torpaq icarədarlarına İmişli bələdiyyəsinin sədri Fərman Vəliyevin göndərdiyi məktubda yazılıb:

«İslahat zamanı Vaqif adına kolxozun ümumi torpaq sahəsindən 85 hektar vətəndaşların mal-qaralarını otarılması üçün ayrılmışdır. Həmin örüş-otlaq sahəsi ümumi istifadədə olduğu üçün icarəyə verilə, yaxud zəbt oluna bilməz. Vaxtı ilə İmişli bələdiyyəsi tərəfindən ayrı-ayrı vətəndaşlara sözügedən ərazidən icarə yolu ilə torpaq sahəsi ayrılmışdır. Lakin mövcud qanunvericiliyi nəzərə alıb bildiririk ki, həmin müqavilələr qanunauyğun deyildir. Odur ki, xahiş edirik örüş-otlaq sahəsində zəbt edilmiş torpaq sahəsini boşaldıb, vətəndaşların istifadəsinə verilməsini təmin edəsiniz».

Mərhum Havar Babayevin oğlu Akif Babayev 4 hektar torpaq sahəsinin ailələrinin istifadəsinə İmişli bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli qərarı ilə 6 il müddətinə verildiyini, icarə müqaviləsini isə elə hazırkı bələdiyyə sədrinin imzaladığını deyir:

«Atamın vəfatından sonra Fərman Vəliyev ona məktub yollayıb ki, icarə müqaviləsi bu ilin martın 29-da ləğv edilib. Əgər qanuni iş görən adamsansa, bu qərarın surətini niyə kişinin sağlığında, mübahisə olanda ortaya çıxarmamısan? Yerin icarəyə verilməsi qanunsuz olubsa belə, bunu bələdiyyə edib, biz sahəni özbaşına tutmamışıq ki...».

«HAMINI RAZI SALMAQ ÇƏTİNDİR»

İmişli Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Rahim Zahidov deyir ki, bir-birilə yola getməyən qonşular öz mənasız mübahisələrinə icra hakimiyyətini və polisi də cəlb ediblər. Onun deməsinə görə, indiki vəziyyətdə hamını razı sala bilmək olduqca çətindir:

İmişli
İmişli
«Örüş yeri icarəyə lap əvvəldən qanunsuz verilib, sonrakı dövrlərdə də icarə müqavilələri təzələnib. O adamlar ki, hüquqlarının pozulduğunu iddia edir, illərlə onlar həmin qanunsuz qərarlarla torpaqdan istifadə edib, xeyir götürüblər. Əgər hesab edirlərsə ki, bələdiyyənin son qərarı da qanunsuzdur, məhkəməyə müraciət etsinlər».

Ədliyyə Nazirliyinin İmişli regional ədliyyə şöbəsinin rəisi Hakim Məmmədov da İmişlidəki örüş yeri ətrafında mübahisədən məlumatlı olduğunu deyir:

«Məlum aksiyadan xeyli əvvəl bizə müraciət olunmuşdu. Məsələni ciddi araşdırdıq, müvafiq sənədlərə baxdıq, bütün tərəfləri dinlədik. Müəyyən etdik ki, əhalinin ümumi istifadəsində olan örüş torpaqlarının İmişli bələdiyyəsi tərəfindən ayrı-ayrı şəxslərin icarəsinə verilməsi qanunsuz olub. Amma icarəçilərdən bu torpaqlar qanunvericiliyə uyğun qaydada geri alına bilərdi. Bizə onların şikayəti daxil olmayıb. Əgər belə bir müraciət olarsa, müvafiq bələdiyyə aktlarının qanuna uyğunluğunu yoxlaya və habelə hüquqlarının pozulduğunu iddia edən icarəçilərə tövsiyə verə bilərik».
XS
SM
MD
LG