Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:38

Hicran Hüseynova: Qız uşaqları kütləvi şəkildə tələf edilir


Mətbuat icmalı
Mətbuat icmalı
-

HAKİMİYYƏT GÖZLƏMƏDİYİ VƏZİYYƏTLƏ QARŞILAŞIB

«Azadlıq» qəzeti AXCP sədri Əli Kərimlinin Milli Şura ilə bağlı fikirlərini dərc edib.

Əli Kərimli bildirir ki, «Milli Şuranın yaranması yeni situasiya yaradıb. Hakimiyyət çox pərtdir. Uzun illər ərzində təbliğat aparırdılar ki, müxalifət birləşə bilməz. Sözləri yalan çıxdı, müxalifət birləşdi. Deyirdilər ki, müxalifət liderləri çox iddialıdırlar, öz ambisiyalarından vaz keçməzlər, heç kimə güzəştə getməzlər, yalnız öz şəxsi mənafelərini düşünürlər. Yalan çıxdı. Müxalifətçilər Milli Şurada birləşməklə sübut etdilər ki, ümumi maraqlar naminə güzəştlərə, keçmişdə olmuşları unutmağa hazırdırlar. Hakimiyyət indi onlara tanış olmayan, gözləmədikləri vəziyyətlə qarşılaşıb».

AZƏRBAYCANDA MÜSTƏQİL DÖVLƏTÇİLİYİ YARADAN VƏ YAŞADAN HEYDƏR ƏLİYEV...

«Azərbaycan» qəzeti Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Heydər Əliyevlə bağlı məqaləsini dərc edib. Ramiz Mehdiyev məqaləsində yazır ki, «idarəçilikdə diletant metodlar və ölkə rəhbərliyinin, xüsusilə də xarici siyasət, müdafiə qabiliyyəti və iqtisadi islahatlar sahəsində tam fərasətsizliyi Azərbaycan cəmiyyətində daxili siyasi qarşıdurmanı son həddə qədər qızışdırmış və separatçılıq əhval-ruhiyyəsinin güclənməsi üçün zəmin yaratmışdı. Bu cür şəraitdə hər hansı uzunmüddətli plana nail olmaq üçün millətin birləşməsindən söhbət gedə bilməzdi. Tarixi miqyaslı şəxsiyyət olan Heydər Əliyev ölkədə yaranmış vəziyyəti dəqiq qiymətləndirərək bütün Azərbaycan cəmiyyətini Azərbaycan dövlətinin mövcudluğu baxımındın həyati əhəmiyyət daşıyan məsələlərin, o cümlədən hakimiyyət vakuumunun aradan qaldırılması, separatçılıq və silahlı bandit dəstələrinin təhdidlərinin qarşısının alınması, döyüş qabiliyyətli ordu yaradılması məsələlərinin həll edilməsi üçün səfərbər etdi».

HAKİMİYYƏT ÖZÜNÜN AXIRINCI ADDIMLARINI ATMAĞA ÇALIŞIR

«Hakimiyyət bu yaxınlarda bir qrup adamı Bakıya gətirib beynəlxalq dəstəyinin olduğunu nümayiş etdirməyə çalışdı. Gətirdiyi adamların hamısı keçmiş vəzifəli şəxslər idi. Bu gün önəmli mövqe tutan, bu gün təmsil olunduqları ölkələrin, ABŞ-ın siyasətinə həlledici dərəcədə təsir edən adamlar demək olar ki, yox idi».

Bunu «Yeni Müsavat» qəzetinə Müsavat Partiyasının başqanı İsa Qəmbər deyib. O bildirib ki, «beynəlxalq birliyin mövqeyi, məncə, Avropa Şurasının Venesiya Komissiyasının bəyanatında ifadə olundu ki, eyni şəxsin üçüncü dəfə prezidentliyə namizədliyini irəli sürməsi, prezident olması beynəlxalq demokratiya normalarına ziddir. Venesiya Komissiyasını mən beynəlxalq birliyin, Qərbin hüquqi dili hesab edirəm. Bu hüquqi dil də Avropanın ümumi mövqeyini ifadə elədi».

QIZ UŞAQLARI KÜTLƏVİ ŞƏKİLDƏ TƏLƏF EDİLİR

«Bizim Yol» qəzeti yazır ki, Azərbaycanda abort ciddi problemə çevrilib: «Mütəxəssislər deyir ki, əvvəlki illərdə ultrasəs müayinəsi yox idi. Ona görə də qızların sayı çox olan ailələr var idi. Dalbadal qız uşaqları doğulurdu. Ta ki, bir oğlan uşağı doğulana qədər. Yalnız ondan sonra əl çəkirdilər. İndi USM var deyə bu hal baş vermir. O illərdə ki, 5-6-7 bacılar olurdu, indi onlara rast gəlməzsiniz. Həmin o doğulacaq bacılar indi abort olunur. Ana yalnız birini dünyaya gətirir».

Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın verdiyi məlumata görə, parlamentdə «Reproduktiv sağlamlıq haqqında» qanun layihəsi müzakirə olunacaq. Komitə bu problemlə bağlı tövsiyəsini verəcək:

«Cinsi fərqliliyə gətirib çıxaran məsələyə mütləq baxılacaq. Məsələ qanunvericilikdə əks olunmalıdır. Onda biz biləcəyik ki, hələ doğulmayan qız uşaqları dövlət tərəfindən qorunur. Bu çox ciddi məsələdir», deyə Hicran Hüseynova bildirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG