Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:06

Xəlfəli sakinlərinin şübhəsi


Foto: Arxiv
Foto: Arxiv
-
Mayın 29-da İmişli rayonunun Xəlfəli kəndindən olan bir qrup sakin icra hakimiyyətinə gedərək özəl müəssisə tərəfindən aldadıldıqlarını bildiriblər.

İcra başçısının müavini Səfa Ağayev şikayətçiləri qəbul edib.

Amma bu görüş narazılığı aradan qaldırmadığından onlar polis şöbəsinə üz tutublar. Bununla da kifayətlənməyən sakinlər poçta gedərək, şikayətlərini polisə yazılı formada yollayıblar.

«KƏND SAKİNLƏRİNDƏN 30-50 MANAT PUL ALINIB»

Kənd sakini Araz Quliyevin dediyinə görə, bir müddət əvvəl tanımadıqları 2 nəfər qapı-qapı gəzərək evlərə texniki pasport vermək üçün gəldiklərini deyiblər:

«Onları icra nümayəndəliyinin mühasibi və bələdiyyə üzvü müşayiət edib. Təxminən 130 adamdan pul toplayıblar - əksəriyyətindən 30, bəzilərindən 40-50 manat pul alınıb, amma verilən mədaxil qəbzində 25 manat ödənilməsi göstərilib. Bizə elə gəldi ki, onlar dövlət orqanlarının nümayəndələridir, amma sonradan bildik ki, hansısa MMC-dir. Səs-küy salanların pullarını qaytarıblar, deyiblər ki, başqalarına bildirməyin. Sonra da işi yarımçıq saxlayıb, qaçıb gediblər. Bəzilərinə heç sənəd də verilməyib. Ona görə camaat şübhəyə düşüb ki, bəlkə heç belə müəssisə yoxdur, ya onların verdikləri sənəd saxtadır. Hüquqi ünvanlarını bilmirik, telefon zəngimizə cavab vermirlər».

Xəlfəli kəndində evlərə texniki sənəd verən «N.V.Qiymətləndirmə» MMC-nin nümayəndəsi Mövlud Əlimuradov AzadlıqRadiosuna gördükləri işdə qanunsuz bir şey olmadığını deyir:

«Biz 2003-cü ildən bu işi görürük. Qiymətləndirmə işi Nazirlər Kabinetinin 1999-cu və 2001-ci illərdə verdiyi qərarlarına uyğun aparılır. Bu işlə tək biz məşğul deyilik, Azərbaycanda 3-4 belə müəssisə var. Ölkənin hər yerində bu iş aparılır. Qiymətləndirilən əmlak vergitutma obyekti olacaq, görünür, buna görə sakinlərdə narahatlıq yaranıb. Onlar faktiki olaraq nə torpağa görə vergi ödəyir, nə də əmlaka. Təbii fəlakət olacağı halda vətəndaşlar bu sənədi ortaya qoya bilərlər ki, əmlaklarının dəyəri nə qədər olub».

«İCRA HAKİMİYYƏTİ MƏSƏLƏDƏN XƏBƏRDARDIR»

İcra hakimiyyətinin şöbəsinin müdiri Mirzə Quliyev də sakinlərin narahatlığına heç bir əsas görmür. Deyir məsələdən xəbərdardırlar və görülən işdə hər hansı qanunsuzluq yoxdur:

«Onlar İmişli RİH-ə məktub yollamışdılar. Təqdim edilən sənədlərə baxılıb və müəyyən edilib ki, əmlakın qiymətləndirilməsi işi aparmaları ilə bağlı tam səlahiyyətlidirlər. Yerli icra və bələdiyyə orqanları bu işdə onlara kömək edib. Əmlakın qiymətləndirilməsi könüllüdür, vətəndaşın razılığı ilə aparılır. Bu, əslində vətəndaşın xeyrinə olan bir işdir. Bu yaxında Göyçayda baş verən güclü yağıntıdan sonra əmlaka dəyən ziyanın hesablanması zamanı vaxtında qiymətləndirmənin aparılmasının vacibliyi ortaya çıxdı. Əmlak qiymətləndirilməyibsə, dəyən zərəri də hesablamaq çətin olur».
XS
SM
MD
LG