Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:07

«Dövlətimizi idarə edənlərdən belə ədalətsizlik gözləmirdik»


-

Bənövşə Abbasova
Bənövşə Abbasova
«Oğluma qarşı törədilənlər ədalətsizlikdir». Bunu İsmayıllı hadisələrilə əlaqədar həbs olunan Ceyhun Abbasovun anası Bənövşə Abbasova deyir.

Ana oğlunun günahsız yerə həbsdə saxlandığını bildirir və ölkə başçısından onun azad olunmasını istəyir:

«HƏRTƏRƏFLİ ARAŞDIRILSA ÖVLADLARIMIZIN GÜNAHSIZLIĞI ÜZƏ ÇIXAR»

«Hamı kimi Ceyhun da səs-küyə çıxıb, sonra da yandırılan «Çıraq» otelinin olduğu əraziyə gedib və orada kameraya düşüb. Oğluma qarşı törədilənləri biz sırf ədalətsizlik kimi qəbul edirik. Dövlət başçısından xahiş edirəm övladlarımızı azad etsin. Onların heç bir günahı yoxdur. Əgər bu hadisələr hərtərəfli araşdırılsa onda rəsmilər görərlər ki, İsmayıllı məhkumlarının günahı yoxdur. İsmayıllı hadisələri ilə bağlı prezidentə yalan məlumat verilib».

«HADİSƏ BAŞ VERƏNDƏ OĞLUM POLİSLƏRLƏ BİRGƏ YEMƏKXANADA OLUB»

Naibə Möhbalıyeva
Naibə Möhbalıyeva
Naibə Möhbalıyeva da oğlu Şükran Möhbalıyevin rayonda baş verənlərlə hər hansı əlaqəsini inkar edir:

«İnanın ki, rayondakı hadisələrlə bağlı prezidentə səhv məlumat veriblər. Mən üç əsgər böyüdüb, yola salıb, qarşılamışam. Həmişə övladlarıma görə ünvanıma təşəkkür məktubları gəlib. Əgər qohum-əqrəbamdan, qonşulardan maraqlansanız, hamı övladlarımdan razılıq bildirər. Hadisə olan gün oğlum rayondakı yeməkxanalardan birində idi, orda polislər də var imiş. Bu zaman polislərə həyəcan siqnalı verilib, oğlum da marağa həmin otelin yerləşdiyi əraziyə gedib və onu orada həbs ediblər. Birinci dəfə həbs etdikdən sonra sərbəst buraxıblar, heç evə gəlib çatmamış yenidən mobil telefonuna zəng edib, deyiblər ki, qayıt gəl, hansısa sənədə imza atmamısan. Oğlum geri qayıtdıqda yenidən onu həbs ediblər. Bizim xəbərimiz olmayıb. Evə gec gəldiyini görəndə zəng etdik və telefonuna cavab verən polis onun saxlandığını bildirdi».

«OĞLUM SİFARİŞLƏ HƏBS OLUNUB»

İndiyə qədər oğlu ilə bir dəfə görüşdüyünü deyən Naibə Möhbalıyeva, ondan saxlanma şəraiti və sağlamlığı ilə bağlı hər hansı şikayət eşitmədiyini bildirir. Onun da ümidi «yuxarılar»adır.

Məhbubə Həsənova
Məhbubə Həsənova
Məhbus Anar Həsənovun anası Məhbubə Həsənova da oğlunun sifarişlə həbs olunduğunu iddia edir. Deyir, hadisələr baş verən vaxt oğluna zəng edib, ora çağırıblar:

«Onun həbsi sifarişlidir, iki azyaşlı övladı var. Bu hadisələr İsmayıllı əhalisinə qarşı böyük hörmətsizliklə tarixə düşdü. Dövlətimizi idarə edənlərdən belə ədalətsizlik gözləmirdik. Gözləyirdik ki, haqq-ədalət öz yerini tutacaq, ancaq əksi oldu».

Anar Həsənovun 4-cü sinifdə oxuyan qızı Aysudla balaca oğlu Rasim «atamızın yerini bilirik, istəyirik o, evimizə gəlsin, darıxmışıq» deyirlər.

«EVƏ TƏK PUL GƏTİRƏN XƏYAL İDİ, ONU DA HƏBS EDİBLƏR»

Sergey Şaranovla həyat yoldaşı Gülüstan Şaranova qəhərdən danışa bilmirlər. Ailənin yeganə qazanc gətirən üzvünün həbsi onları çıxılmaz vəziyyətə salıb:

«Evin tək övladıdır və heç bir siyasi partiya, birliyin üzvü olmayıb. İş olanda ustalıqla - hörgü, suvaq, molyar işi ilə, olmayanda fəhləliklə məşğul olub, evi dolandırırdı. Bizlər işsizik, evə tək pul gətirən Xəyal idi, onu da həbs ediblər. Axı o da hamı kimi ora tamaşaya getmişdi, bəyəm kameraya düşməklə insanı həbs etmək olar? Bəs haqq-ədalət harada qaldı?».

«GÜNAHKARLARI AZADLIQDA, GÜNAHSIZLARI ZİNDANDA GÖRƏNDƏ ADAMIN SABAHA ÜMİDİ QIRILIR»

Şaranovlar ailəsi
Şaranovlar ailəsi
Mayın 2-də Xəyalın ilk övladı dünyaya gəlib. Amma ailə bunu şadyanalıqla qarşılaya bilməyib. Səbəbsə aydındır:

«Özü həbsdədir deyə hamımızın sevinci elə bil uçub. Dörd aydır gözümüzün yaşı qurumur. İmkanımız yoxdur, Xəyal həbs olunandan sonra yanına gedə bilməmişik, yalnız vəkili ilə ondan xəbər ala bilirik. Günahkarları azadlıqda, günahsızları zindanda görəndə adamın sabaha ümidi qırılır».

İSMAYILLI HADİSƏLƏRİ

2013-cü il yanvarın 23-24-də İsmayıllıda icra hakimiyyəti başçısının istefası tələbi ilə etiraz aksiyası keçirilib.

Etirazlara rayondakı «Çıraq» otelinin iki əməkdaşının sərxoş vəziyyətdə yerli sakinləri təhqir etməsi səbəb gətirilir.

Həmin aksiya ilə əlaqəli 18 nəfər həbs olunub. Onlardan 14 nəfəri İsmayıllı sakini, 2 nəfər rayon sakini olmayan otel inzibatçısıdır.

Həbs olunalar arasında hadisələrdən bir gün sonra müşahidə üçün rayona gedən REAL Hərəkatının sədri İlqar Məmmədovla Müsavat başqanının müavini, «Yeni Müsavat» qəzetinin əməkdaşı Tofiq Yaqublu da var.

İsmayıllı hadisələri ilə bağlı həbs olunanlar Cinayət Məcəlləsinin «külli miqdarda əmlakı məhv etmə», «kütləvi iğtişaşlar təşkil etmə, bu cür hərəkətlərdə fəal iştirak etmə» və «hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə» maddələri ilə ittiham olunurlar.
XS
SM
MD
LG