Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 01:18

Zeynəb Xanlarovadan Aslan İsmayılova dəstək


Mətbuat icmalı
Mətbuat icmalı
-

KEÇMİŞ REKTOR YENƏ GİZLİ ÇƏKİLMİŞ VİDEO GÖRÜNTÜLƏR YAYDI

«Azadlıq» qəzeti keçmiş rektor Elşad Abdullayevin yeni yaydığı video-materiallara geniş yer ayırıb. Qəzet yazır ki, həmin video görüntülərdə Elşad Abdullayev oğurlandığını iddia etdiyi qardaşı Mahir Abdullayevin taleyi ilə bağlı bir MTN əməkdaşı ilə söhbət edir. Həmin şəxs bildirir ki, Mahir Abdullayev MTN-in klinikasında Əhmədov İsgəndər İsfəndiyar oğlu adıyla saxlanır.

«Azadlıq» yazır ki, söhbət zamanı MTN-nin əməkdaşı olduğu iddia edilən şəxs Mahirin saxlanmasını bununla izah edir: «Orada əsas götürüblər ki, o vaxt Müsavata maliyyə yardımı, dəstək göstərib, xarici ölkələrlə əlaqələrdə vasitəçilik edib. Materiallarda bunlar göstərilib. Ola bilsin, haradasa ağzından yüngül bir şey, nəsə əhəmiyyətsiz bir söz qaçırıb, bunlar da ondan yapışıblar. İndi ortada da heç bir sübut yoxdur. Daxili İşlər Nazirliyi tutub bizə köçürüb. Bu buraxsa, «MVD» deyəcək ki, mən tutmuşam, sən niyə buraxırsan? Onları çağırmaqda da məqsəd budur ki, gəlib cavab versinlər, görək ki, nəyin əsasında tutublar da».

İLHAM ƏLİYEV: «1992-93-CÜ İLLƏRDƏ AZƏRBAYCANIN DÖVLƏT MÜSTƏQİLLİYİ ƏSLİNDƏ ƏLDƏN GEDİRDİ»

«Azərbaycan» qəzeti prezident İlham Əliyevin 28 may – Respublika Günü Münasibətilə söylədiyi nitqini yayıb. Prezident deyib ki, 1991-ci ildə müstəqillik bərpa olunanda Azərbaycan postsovet məkanında ən ağır vəziyyətdə olan ölkə olub:

«Bir tərəfdən, Ermənistanın və separatçıların ərazi iddiası, digər tərəfdən, daxildə xoşagəlməz vəziyyət, hakimiyyət uğrunda çəkişmələr, xüsusilə 1992-1993-cü illərdə AXC-Müsavat cütlüyünün yarıtmaz və xəyanətkar fəaliyyəti nəticəsində Azərbaycanın dövlət müstəqilliyi əslində əldən gedirdi, tarix təkrarlanırdı. Azərbaycan Xalq Cümhuriyyəti iki il yaşadı və 1991-1993-cü illərdə - iki il ərzində demək olar ki, Azərbaycan böyük fəlakətlərlə üz-üzə idi. Ancaq onu da qeyd etməliyəm ki, müstəqilliyə gedən yolda ulu öndər Heydər Əliyevin çox böyük zəhməti olmuşdur. Hələ Naxçıvanda ikən Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi təsis edildi. Naxçıvan Muxtar Respublikasının adından «Sovet Sosialist» sözləri çıxarıldı. Sovet İttifaqının saxlanmasına dair referendum Naxçıvanda keçirilməmişdir. Yəni, bütün bu addımlar əslində müstəqilliyə yönəldilmiş addımlar idi».

ZEYNƏB XANLAROVADAN ASLAN İSMAYILOVA DƏSTƏK

«Bizim yol» qəzeti bu sayında xalq artisti, millət vəkili Zeynəb Xanlarovanın müraciətini yayıb. Müraciətində Z. Xanlarova hüquqşünas Aslan İsmayılovun vəkillikdən uzaqlaşdırılmasına etiraz edir. O, 1999-cu ildə də vəkilliyinə xitam verilmiş Aslan İsmayılovun prezident İlham Əliyevin göstərişi ilə işinə qaytarıldığını xatırladır: «Hazırda Aslan İsmayılovu vəkillikdən çıxardanlar belə çıxır Prezidentimizi də artıq saymırlar? Aslan İsmayılov baş verən qanunsuzluqları açıq şəkildə, qorxmadan dilə gətirir, mənfi halların aradan qaldırılmasını istəyir, bununla da, bir tərəfdən, bizim işimizə köməklik göstərir.

Bu kimi hərəkətlərə təxribat deyirlər, özü də Prezidentimizə qarşı təxribat! Siz Aslan İsmayılovu işdən çıxardır, onu müxalif düşərgəyə sürükləyir, daha sonra isə «müxalifət bizim işimizi əngələ salır» deyirsiz. Son günlərdə ölkə mətbuatını izləyin, həm daxildən, həm xaricdən Aslan İsmayılova verilən dəstəyə fikir verin. Siz özünüzü haqlı, Aslan İsmayılovu haqsız sayırsınız, halbuki Aslan İsmayılov haqsız olsaydı möhtərəm Prezidentimiz İlham Əliyev ona dəstək olmazdı».

RƏSULZADƏNİN ATA EVİ İNDİ UŞAQ BAĞÇASIDIR

«Yeni Müsavat» qəzeti bu günkü sayında Məmməd Əmin Rəsulzadənin Bakının Novxanı kəndində yerləşən ata yurdundan reportaj yayımlayıb. Yazı müəllifi qeyd edir ki, Məmməd Əminin doğulub böyüdüyü ata yurdu uşaq bağçası kimi fəaliyyət göstərir: «Bağçanın divarına milli hakimiyyət dövründə Rəsulzadənin barelyefi və onun həmin evdə yaşaması haqda məlumat lövhəsi vurulub. Bir qədər əvvəl isə qaz xətləri yenilənərkən məlumat lövhəsinin qarşısına dayaq qoyulub».

Müəllif yazır ki, uşaq bağçasının rəhbərliyi ona otaqlara baxmağa icazə verməyib, qonşular isə ona uşaq bağçasının keçmiş müdirəsi Minayə Fətəliyevanı axtarmağı tövsiyə edir. Minayə xanım isə müxbirə bunları danışır: «4 məhkəmə çəkişməmiz olmuşdu. Rəsulzadələrin evini özəlləşdirmək istəyirdilər. Məhkəmələrə nümayəndə kimi özüm çıxdım, imkan vermədim. Evi özəlləşdirəcək şəxsin Rəsulzadənin barelyefini sökməyəcəyinə, evi uçurmayacağına əminliyim yox idi. Məhkəmələr xeyrimizə qərar verəndən sonra Rəis Rəsulzadənin yanına getdim ki, gəl dədə-baba yurdunu götür, öz adına özəlləşdir. Dedi ki, mən həmin bağçanı Novxanı uşaqlarına bağışlayıram».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG