Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:43

Naxçıvanda keçmiş hərbiçilərin suyunu da kəsdilər


Hərbiçilərin söküləcək evlərindən biri
Hərbiçilərin söküləcək evlərindən biri
-
Naxçıvanda evlərindən çıxarılmalarına etiraz edən bir qrup keçmiş hərbiçinin yaşadığı əraziyə gələn sonuncu su xətti də kəsilib.

Bu haqda AzadlıqRadiosuna hərbçilərin özləri məlumat verib. Həmin hərbçilər Müdafiə Nazirliyinin Naxçıvan Hərbi Birləşməsinin «N» saylı hərbi şəhərciyinin sakinləridir. Keçmiş hərbçi Abdulla Orucov bu sifarişin Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən gəldiyini bildirir:

“Bizi burdan çıxarmaq üçün əllərindən gələni edirlər. 11 gün öncə qazımızı, işığımızı, bir də əsas su xəttimizi kəsmişdilər. Hələ, Sovet ordusunun vaxtında biz öz vəsaitimizlə əlavə su xətləri çəkmişdik. 11 gündür həmin xətlərdən istifadə edirdik. Bu xətdən xəbərləri yox idi. Neçə gündür bizi izləyirdilər ki, haradan su gəlir, yaxud həyat üçün hansı işartı var, əlimizdən alsınlar. Dünən axşam saatlarında tapdılar həmin xətləri. Bu gün səhər ekskavatorla gəlib qazdılar, bizə gələn boruları ana xətdən ayırdılar, yerini də qaynaqlayıb getdilər. İndi susuz qalmışıq. Bizə zülm edirlər. İndiyə kimi başımıza gələn haqsızlıqlarla bağlı mətbuata müraciət edirik deyə, bizdən qisas alırlar. Məqsədləri bizi ağır duruma salaraq evdən çıxmağa məcbur etməkdir. Burdakı əraziyə sahib çıxmaq istəyirlər. Naxçıvan Su – Kanalizasiya ASC-nin işçiləri gəlib kəsdilər. Göstəriş icra hakimiyyətindən gəlib. Yoxsa, ASC-nin nə işi var bizimlə”?

Söküləcək evlərdən biri
Söküləcək evlərdən biri
Naxçıvan şəhər İcra Hakimiyyəti başçısının müavini Sərdar Əliyev suallarımıza cavab vermək istəmədi.

Naxçıvan Hərbi Birləşməsinin Hərbi Mülki Məsələlər üzrə şöbəsindən də bu haqda danışmaq istəmədilər.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti ilə də əlaqə saxladıq. Mətbuat xidmətindən məsələni araşdırıb bizə cavab verəcəklərini bildirsələr də, sonradan telefon zənglərimizə cavab vermədilər.

Naxçıvan Su-Kanalizasiya ASC-dən isə hərbçilərin suyunu sifarişlə kəsmələri haqda deyilənləri təkzib etdilər. ASC-dən bildirdilər ki, onlar yalnız qəzalı vəziyyətdə olan xətlərə su verilməsini müvəqqəti dayandırıblar.

Hələ ötən ilin əvvəllərində keçmiş hərbçilər mətbuata məlumat vermişdilər ki, qəzalı olduqları səbəb göstərilərək həmin evlər sökülür. Onlar bildirirdi ki, söküntü qərarını Naxçıvan şəhər İcra Hakimiyyəti verib. İndiyə qədər şəhərcikdəki evlərin əksəriyyəti sökülsə də, 9 ailə dirəniş göstərərək evlərini boşaltmaqdan imtina edir. Məlumata görə, 1986-cı ildə tikilən 68 fərdi evdən ibarət şəhərcik hələ 1992-ci ildə hərbi hissənin balansından çıxarılaraq Naxçıvan şəhər Sovetinin balansına keçirilib. Buna baxmayaraq, evlərinin sökülməsinə etiraz edən keçmiş hərbçiləri ötən ilin ortalarında N saylı hərbi hissə məhkəməyə verib.

Ötən ilin avqust ayında Naxçıvan şəhər Məhkəməsi hərbi hissənin iddiasını təmin edəndən sonra keçmiş hərbçilər Naxçıvan Apelyasiya Məhkəməsinə, daha sonra Ali Məhkəməyə müraciət ediblər. Keçmiş hərbçilərin vəkili Xalid Bağırovun bildirdiyinə görə Ali Məhkəmə ötən ay çıxardığı qərarın surətini hələlik onlara təqdim etməyib. Vəkil Keçmiş hərbçilərin zorla evlərindən çıxarılmalarını qanuna zidd sayır.
XS
SM
MD
LG