Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:45

Nigar An. Susmağa gələcəm, Amur, susmağa...


Nigar An
Nigar An
​-

"Ədəbi Azadlıq-2013" Müsabiqəsinin şeir onluğuna keçən yazarları "Oxu zalı"nda daha geniş təqdim edirik.


Nigar An


Amur

Səndə yaşaya bilmədim, Amur...
Suyunu çox gördü atam.
Biz heç danışmadıq.
Ya danışmağa sözümüz olmadı,
ya da zamanımız.
Nə vaxtsa gələcəm, dost.
Çəkdiyim həsrətə and olsun, gələcəm.
İndi səni bir çay kimi yox,
Bir qadının kişi sığalına olan
məhəbbəti kimi sevirəm.
İndi səni keçmiş kimi yox,
gələcək kimi xatırlayıram...
Və sevinirəm...
Gələndə mən sənə
dərd danışmayacam.
Onda mən sənə heç
xoşbəxtlikdən də danışmayacam.
Susmağa gələcəm, Amur, susmağa...
23 ilə and olsun ki, mən elə həminkiyəm.
Mən elə o balaca qızcığazam.
Yad kimi qarşılamazsan məni.
Səndə böyüməyən arzularımı
"bu yer" daha da kiçiltdi.
Kiçilə - kiçilə özümə sığışdım,
sənə sığmamağa gələcəm, Amur.
Ölümdən yox,
səndə ölə bilməməkdən qorxuram.
Atam məni səndən ayıranda
indiki halımı bilmirdi.
Atam məni sevirdi, Amur.
Şairlərin dünyaya "göz yumduğu" yerdə
gözlərimi açsam da,
"Şeirlərin öldüyü yer"də ölməyimi istəmirdi.
Gələcəm, Amur.
Onda bəlkə atam olmayacaq.
Amma mən mütləq gələcəm.
Səndə boğula bilmədiyim üçün
üzr istəməyə gələcəm...


Darıxmağın adı olmur

Bilirsən nədir darıxmaq, adam?!
Özünü itirib səni tapana qədər içməkdir.
Ac qalmaqdır darıxmaq,
Somalidəki uşaqlardır.
Fələstindəki güllə yerləridir darıxmaq.
Darıxmaq elmlərdəki dilənçi kişinin
kəsilmiş qıçının yeridir.
Bir də... Bir də səni qucub
hönkürməkdir darıxmaq...
Eh sən hardan biləsən?!
Sən indi orda - mənim bilmədiyim
və ya təxmin etdiyim yerdə,
mən burda - sənin bilmədiyin,
bəlkə təxmin etməyə vaxtının olmadığı yerdə
Oturub şeir cızıram - bir az rəssamlığım var.
Darıxmağın adı olmasa da rəngi olur:
kimi boz darıxır, kimi qara, kimi də qırmızı.
Mənim darıxmağımsa rəngsizdir, adam.
Başqa kişi şəklinə baxmaqdır darıxmaq,
Gəlməyəcəyini bildiyin mesajdır.
Öpülməyən dodaq yeridir darıxmaq,
Qucağındakı boşluqdur.
Darıxsam adını azadlıq qoy.
Yəni, sən yoxsan,
yəni itirməyə heç nə yoxdur,
yəni azadam, bu qədər bəsit...
Bizim heç bəxtimiz olmadı ki,
ona "xoş" və ya "bəd" deyək.
Bizim heç ağlayıb çiyninə
baş söykəyəcək anamız da olmadı.
Bizi dinləmədilər, adam.
Soldakı boşluq ağrıyanda
anam "soyuqlamısan" demişdi.
Anam hardan biləydi ki,
xəstəliyin adı sənsən?!
Anam hardan biləydi ki,
məni şeir yazacaq günə salmısan?!
O mini ətəkli qızın itinin boynundakı
zəncir qədər darıxıram.
Yusif Sərracın edama susayan
xeyirxahlığı qədər.
Qaraçı qızın yalvarışlarındakı
yalan qədər darıxıram,
Mənə sevdiyini demədiyin
an qədər darıxıram.
Ən çox yanımda olanda darıxdım, adam.
Bircə söz ver:
Məni heç vaxt sevməyəcəksən!


Qara adama məktub

Salam, qara adam!
Bizim aramızda çox da fərq yoxdu.
Sənin rəngin qaradır, mənim günüm.
Salam, qara adam.
İndi sizdə saat neçədir?
Bizdə dərdə işləyib
son dəqiqə.
Bizdə hava isti də olur, soyuq da.
Biz gah qaralırıq, gah ağarırıq.
Siz isə həmişə qarasınız,
sizin bir üzünüz var.
Salam, qara adam!
biz ağ olsaq da ağ günə çıxa bilmirik,
sizdə vəziyyət necədi?
Bizdə özümüzlə mübarizədə
hesab heç-heçədi.
Məktubum yetişəndə xəbər edərsən,
üzünü göyə tutub
bir ağız ulayarsan, qara adam,
And olsun gecənin əkizi olan
qaralığına ki, eşidəcəm səni.
Salam qara adam!
Məktubuma cavab yazarsan.
Bilirəm, sizdə internet yoxdu,
köhnə üsulla yazarsan məktubu:
Bir az aclıq qoyarsan içinə, bir az susuzluq,
bir az günəş şüası da əlavə edərsən,
sonra göz yaşınla isladıb
bağlayarsan məktubu.
Poçtla da yox, göyərçinlə göndərərsən.
Bəlkə də göyərçin səhv ünvana aparacaq,
qara adam,
amma əsas odur hansısa bir ağ adama
çatacaq məktubun.
Salam, qara adam!
Ağlama, qurban olum.
Bizim aramızda elə də fərq yoxdu.
Sən də acsan, mən də.
Mən pəhrizdəyəm, sənin isə yeməyin yox.
İkimiz də ağ oluruq,
mən həmişə, sən isə ancaq öləndə.
İkimizin də allahı var:
mənimki yaxındadı eşidir,
səninki varlığını çoxdan unudub.
Salam, qara adam!
Bizim aramızda fərq var:
sənin dərdin yemək dərdidir,
mənimki yaşamaq...
XS
SM
MD
LG