Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:56

Jurnalistlər Cənubi Qafqaz forumuna buraxılmır


Yerli jurnalistlər Bakıda keçirilən Cənubi Qafqaz forumunun 1-ci hissəsinə buraxılmayıblar. Bu barədə tədbirə bir gün əvvəl akkreditə olunmuş «Yeni Müsavat» qəzetinin əməkdaşı Fərahim İlqaroğlu məlumat verib:

«Forumun əsas hissəsi Bakıda keçirilir və tədbirə yerli media nümayəndələri buraxılmır. Diaspora Komitəsi tərəfindən tədbirə akkreditə olunan jurnalistlərə bildirildi ki, onlar yalnız forumun ikinci hissəsini işıqlandıra bilərlər. Prezident Administrasiyasının mühafizəçiləri buna etiraz edən jurnalistləri ərazidən uzaqlaşdırdı».

Mayın 7-də Bakıda «Four Seasons» hotelində Cənubi Qafqaz Forumu öz işinə başlayıb. Forumda Azərbaycan prezidenti İlham Əliyev, Gürcüstan prezidenti Micheil Saakashvili ilə yanaşı, «Madrid Klubu»nun, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri və 400-dən artıq yüksək səviyyəli mütəxəssislər, alimlər iştirak edirlər.

İştirakçılar arasında çoxsaylı Nobel və Oskar mükafatçıları var. Ümumilikdə, foruma dünyanın 60 ölkəsindən hökumət və dövlət başçıları, 70 ölkədən alimlər qatılıb.

İki gün davam edəcək forumda qadın məsələləri, dinlərarası, mədəniyyətlərarası dialoq, regionda gedən proseslər, Dağlıq Qarabağ münaqişəsi və bölgədəki digər münaqişə ocaqları ilə bağlı vəziyyət müzakirə olunacaq.

Forumun təşkilatçıları Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və «Madrid Klubu»dur. Onun əsas tərəfdaşları Diasporla İş üzrə Dövlət Komitəsi, İsgəndəriyyə Kitabxanası, Sülh Fondu və Gəncə şəhər İcra Hakimiyyətidir.
XS
SM
MD
LG