Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:50

AXCP-nin Saatlı təşkilatının sədri polisə çağrıldı


AXCP Saatlı rayon şöbəsinin sədri Şamil Hacıbəyli
AXCP Saatlı rayon şöbəsinin sədri Şamil Hacıbəyli
-
AXCP Saatlı rayon şöbəsinin sədri Şamil Hacıbəyli polis idarəsinə çağrılıb. Bu barədə AzadlıqRadiosuna onun özü məlumat verib:

«Fevral ayından bəri partiyanın rayon şöbəsinin geniş müşavirəsini keçirmək istəyirdik. Yer ayrılması üçün yerli icra hakimiyyətinə etdiyimiz yazılı müraciətə müsbət cavab almadığımızdan, aprelin 7-də yığıncağı Saatlı rayonunun Azadkənd kəndindəki evimdə keçirməyə məcbur oldum. Bundan xəbər tutandan sonra zəng edib məni polis şöbəsinə çağırdılar. Polisə çağrılmağımın yığıncaqla bağlı olduğunu da gizlətmədilər. Amma dünən rəsmi qaydada çağırış vərəqi göndəriblər. Guya məndən polisə şikayət var və cavabdeh qismində izahatım alınmalıdır».

İZAHATI ALINAN AXCP FUNKSİONERİ SƏRBƏST BURAXILIB
AXCP Saatlı rayon şöbəsinin sədri Şamil Hacıbəyli Saatlı Rayon Polis Şöbəsində izahatı alındıqdan sonra sərbəst buraxılıb. O, AzadlıqRadiosuna polisə çağırılmağının səbəbi barədə danışıb:
«Mənə bildirildi ki, Nuhəli Kərimovun İcra Hakimiyyətinə, rayon prokurorluğuna və polis şöbəsinə yazılı şikayəti var. Guya mən aprelin 7-də keçirdiyimiz müşavirədə dövlətçilik əleyhinə çıxış etmiş, hakimiyyəti zorla dəyişdirməyə çağırış etmişəm. Nuhəli ərizəsində yazıb ki, guya o başqa kənd sakinləri ilə birgə tədbir iştirakçılarını kənddən qovub».
Şamil Hacıbəyli hesab edir ki, barəsində belə şikayətin olacağı gözlənilən idi: «Amma çox primitiv üsullardan istifadə edilir. Mənim öz evimdə yığıncaq keçirməyim başqa şəxslərin hüquqlarını pozmayıb. İkincisi, mən dövlət, dövlətçilik əleyhinə deyil, hakimiyyət əleyhinə danışmışam. Üçüncüsü, bizi kənddən heç kəs qovmayıb. Hətta bu, olsaydı belə, tədbir iştirakçıları deyil, onlara qarşı zor tətbiq etmiş insanlar məsuliyyət daşımalıdır».
Şikayətçi Nuhəli Kərimov Şamil Hacıbəylinin evində tədbir keçirməsini qanunsuz hesab edir:

«Şamil evində toy, ad günü edə bilər. Amma camaatı evinə yığıb, cürbəcür söhbətlər edib, ictimai sabitliyi pozmağa cəhd göstərməsi, təxribat tipli metodlara əl atıb camaatı üz-üzə qoyması cinayətdir. Tədbir keçirilən zaman mənə gənclər müraciət edərək, soruşmuşdu: gedib onları qovaq? Mən də Şamilə sifariş göndərdim ki, yığışdırın bu söhbəti. “Qovmaq” belə olub, daha ora yığılanları qabağımıza qatıb kənddən çıxarmamışıq. Asayişimiz var, sabitliyimiz var, bunu süni surətdə pozmaq istəyirlər. Əgər o, siyasi tədbir keçirmək istəyirdisə, kənd camaatının razılığını almalıydı».
Saatlı Rayon Polis Şöbəsinin ibtidai təhqiqat bölməsinin rəisi Əlizdə Əliyev məsələ ilə bağlı geniş şərh verə bilməyəcəyini dedi: «Bizdə hələlik bir şəxsdən edilmiş şikayət əsasında araşdırma aparılır, toplanılan materiallar əsasında müvafiq qərar qəbul ediləcək».
XS
SM
MD
LG