Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:22

Naxçıvan gömrüyündə kartof-soğan qadağası...


Foto: Arxiv
Foto: Arxiv
-
İranla həmsərhəd Culfa Gömrük Məntəqəsindən bəzi ərzaq məhsullarının Naxçıvana gətirilməsinə məhdudiyyət tətbiq olunur.

Bu haqda AzadlıqRadiosuna məlumat verən yerli sakinlərin dediyinə görə, bu məhsullara əsasən kartof, soğan və meyvə daxildir.

«KARTOFDUR DA, QIZIL DEYİL Kİ...»

Naxçıvan sakini Hidayət Vəliyev deyir ki, həyat yoldaşı ilə birlikdə bayram alış-verişi üçün İrana üz tutsa da, sonradan buna peşman olub. Çünki gətirmək istədiyi malların bir qismi elə İran tərəfindəcə geri qaytarılıb. Onun deməsinə görə, İran tərəfi də öz növbəsində şəkər, düyü, un kimi məhsullara qadağa qoyub. Onların aldığı soğan-kartofun da bir qismini Naxçıvan gömrükçüləri saxlayıb:

«Dedilər ki, hər nəfərə 5 kilodan artıq olmaz. Dedim ki, kasıb adamlarıq, biz də gedirik kartof-soğan gətirək, onunla dolanaq. Onsuz da İran tərəfi çox şey buraxmır. Kartofdur da, qızıl deyil ki... 20 kq kartofu əlimizdən alıb anbara vurdular. Bir dənə də arayış verdilər ki, malını üç gün ərzində gəlib İrana geri qaytara bilərsən. Üç gün ərzində götürə bilmədinsə, sənin deyil. Bizə 15 gündə bir dəfə İrana getməyə icazə verilir. Dedim ki, mən 3 gün sonra necə gedə bilərəm İrana? Deyilənə görə, camaatın əlindən alınıb anbara vurulan kartofu 3 gün keçdikdən sonra gətirirlər Naxçıvan Gömrük Komitəsinə, orda da öz aralarında paylaşırlar. Ona görə bizə 3 gün vaxt qoyublar ki, geri qaytara bilməyək, mənimsəsinlər malımızı. Haqqını da tələb edəndə, deyirlər ucadan danışma».

Foto: Arxiv
Foto: Arxiv
«MONOPOLİYADIR»

Hidayət Vəliyev deyir ki, sadə vətəndaşlardan fərqli olaraq, monopolistlər həmin məhsulları rahatca gömrükdən keçirərək bazarda baha qiymətə satır:

«Monopoliyadır. Özləri gedib kartofu İrandan 8 qəpiyə alıb gətirirlər, yerli kartof adına 80 qəpiyə bizə satırlar. Naxçıvanda yerli kartof demək olar ki, yoxdur. Necə olur ki, onlar tonlarla gətirə bilir, bizə isə norma qoyurlar? Gedirsən, ucuz alıb qabağa düşəsən, getməyinə peşman olursan. Gömrüyü şəxsiləşdiriblər, istədiklərini edirlər. Millətin başına oyun açırlar. Gömrükdə mallarının buraxılması üçün yalvaran kim, etiraz edən kim... Çoxu da buraxılmayan malını aparıb Araza tökür. Deyirlər get, kimə şikayət edirsən et...».

«GÖMRÜKÇÜ VƏTƏNDAŞIN 10 KİLO KARTOFUNA QALMAYIB Kİ...»

Culfa Gömrük Məntəqəsindən kartof və digər məhsulların gətirilməsinə məhdudiyyət tətbiq etdiklərini təsdiqlədilər. Lakin, məntəqənin Əliyev soyadlı əməkdaşı bu sahədə monopoliyanın yaradılması ilə bağlı deyilənləri yalanladı:

«Kartofa məhdudiyyət var. 5-10 kiloya kimi buraxırıq. Özü üçün bazarlıq edə bilərlər. Satmaq məqsədi ilə olmaz. Gömrükçü vətəndaşın 10 kilo kartofuna qalmayıb ki...
Natiq Cəfərli
Natiq Cəfərli
Kiminsə malını əlindən alanda, acıqdan hər şey deyər. 10 kilo kartofun mahiyyəti nədir ki? Anbara toplanan məhsullar Naxçıvan MR Gömrük Komitəsinə göndərilir, orada da qanuna müvafiq tədbirlər görülür».

«İNHİSARÇILIĞI QANUNİ HALA GƏTİRİB ÇIXARIBLAR»

İqtisadçı ekspert Natiq Cəfərli isə bildir ki, qanuna əsasən, yalnız standartlara cavab verməyən və keyfiyyəti aşağı olan məhsullar ölkəyə buraxılmaya bilər:

«Naxçıvanda baş verən hadisə Azərbaycanda baş verənlərin tərkib hissəsidir. Gömrük vasitəsilə oliqarxlar, məmurlar inhisarçılığı qanuni hala gətirib çıxarıblar. İnsanlara tək-tək nəzarət etmək mümkün olmadığından sərhədə nəzarət edərək gömrük vasitəsilə inhisarçılıq yaradırlar. Bu yolla da gömrüklər məmurların külli miqdarda pul qazanmasına səbəb olurlar. Müsadirə olunan məhsullar bütün hallarda sonradan sahibinə qaytarılmalıdır. Vətəndaş həmin malın dalınca gəlmirsə, həmin halda o mallar auksiona çıxarılmalıdır. Gömrük komitəsi istədiyi malı müsadirə edib, istədiyi adama bağışlayırsa, bu, dərəbəyilik sayılır».
XS
SM
MD
LG