Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:37

Lənkərandan gələn təndir çörəyinin ətri... -[Video]


Lənkərandan gələn təndir çörəyinin qoxusu...
Gözlə

No media source currently available

0:00 0:01:29 0:00

Lənkərandan gələn təndir çörəyinin qoxusu...

-

Lənkəran ərazisindən keçən Bakı-Astara magistral yolunun hər iki tərəfində onlarla təndir sexi var. Hər sexdə bir neçə təndir qoyulub. Burdaca çörək bişirilir və satılır. Yoldan keçən minik avtomobilləri, yük maşınları, avtobuslar bu sexlərin qarşısında dayanır, bişirilən isti təndir çörəyinin qonağı olurlar.

Bu sexlərdə əsasən qadınlar çalışır. Sexlərin birinə baş çəkirik. Təndirin alovundan üzü pörtmüş bir qadın jurnalist olduğumuzu biləndə xahiş etdi ki, onu narahat etməyək.

GÜNÜ 5-7 MANATA ÇÖRƏK BİŞİRƏN QADINLAR...

Qadının deməsinə görə, təndir sexinin sahibi başqasıdır, o, günəmuzd işləyir. Gün çıxandan günbatana qədər... Bəzən onu əvəz edən də olur. Çörək çox satılan günü 7 manat, az satılan günü isə 5 manat zəhmət haqqı alır.

"Ay lolo" təndiri
"Ay lolo" təndiri
Bir neçə çörək sexinə baş çəksək də suallarımıza ətraflı cavab ala bilmədik. Nəhayət istəyimizə «Ay lolo» təndir sexində nail olduq.

«AY LOLO» TƏNDİR SEXİ...

Sexdə 6 təndir qoyulub. Burada 4 nəfər çalışır. Təndirlər növbə ilə qalanır. Təndirin alov dilimləri tavana qədər yüksəlir. Bir anda ətrafı tüstü bürüyür. Bütün bunlar çalışanları narahat etmir. Hərə öz işi ilə məşğuldur. Xəmiri təndirə yapan işçidən çörəyin hazırlanma qaydasını soruşuruq:

«Xəmiri vururuq, kündəyə düşür, sonra təndirə yapırıq. Təndirə yapanda çörəyin üstünə su vururuq ki, parlasın».

Öyrəndik ki, bir təndir çörəyinin çəkisi 500 qrama qədərdir. Çörəyin bir ədədi isə 40 qəpiyə satılır. Hər çörəkdən 10 qəpikdən çox gəlir əldə olunur. Gündə təxminən 4-5 kisə 45 kiloqramlıq un kisəsindən istifadə edirlər. Çörək bişirənlər unun keyfiyyətli olmasını əsas şərt hesab edir. Tələbat artanda iş saatı da uzanır. Sexlərdə əsasən qohumlar çalışır.

TƏNDİR ÇÖRƏYİNİN FAYDASI...

Təndir çörəkləri
Təndir çörəkləri
Müştərilər deyir ki, təndir çörəyinin öz yeri var. Gec boyatlaşır. Ətrini uzun müddət saxlayır.

«Təndir çörəyi yaxşıdır, yeməlidir. Həmişə təndir çörəyindən istifadə edirəm. Təndir çörəyi çox gözəldir».

Digər alıcı isə deyir ki, insanlar əsrlər boyu təndir çörəyindən istifadə ediblər.

«Bəzi zavod çörəyindən keyfiyyətli bişirilir. Mağazalarda satılan çörəklərdə demək olar ki, keyfiyyət yoxdur. Camaat da təndir çörəyinə daha çox üstünlük verir. O çörəklər iki saatdan sonra yeməli olmur. Çörək bişirmək belə əzab-əziyyətlidir. Yaxşı bir şey yemək istəyirsənsə əziyyət çəkməlisən. Onun odunu var, suyu var, müəyyən əzab-əziyyətləri var. Ona görə əhali təndir çörəyindən daha çox istifadə edir».

Çörək sexləri əsasən rayon mərkəzlərində yerləşir. Lənkəran şəhərində isə belə sexlərin sayı daha azdır. Bunu şəhərdə sovet dövründən qalma çörək zavodunun fəaliyyət göstərməsi ilə əlaqələndirirlər. Kənd sakinləri isə ənənəvi təndir çörəyindən istifadə edir.

BİR VAXTLAR TƏNDİR ÇÖRƏYİNƏ QADAĞA QOYULUB...

Vidadi Mirzəyev
Vidadi Mirzəyev
İqtisadçı Vidadi Mirzəyev deyir ki, təndir çörəyi sovet dönəmində də olub. Hətta onun deməsinə görə, bir ara təndir çörəyi bişirməyi qadağan da etmişdilər. Müstəqilliyin ilk dövrlərində çörək zavodlarının çoxu bağlanıb. Buna görə də insanlar ən rahat vasitəyə, təndirə əl atıblar.

İqtisadçının sözlərinə görə, təndir çörəyi ucuz başa gəlir. Əsas yanacaq nazik ağac budaqlarıdır ki, bunlardan odun kimi istifadə etmək mümkün deyil.

Təndir çörəyin geniş yayılmasının bir səbəbi də onun keyfiyyətli və uzun müddət qalmasıdır.

Vidadi Mirzəyev deyir ki, təndir çörəyinin istehsalı ilə kasıb təbəqə məşğul olur. Təndir sexinin yaradılması da böyük xərc istəmir. Onun fikrincə təndir çörəyi kasıbçılığın əlamətlərindən biridir.

Təndir sexləri qonşu rayonlarda, böyük şəhərlərdə də fəaliyyət göstərir.
XS
SM
MD
LG