Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:05

Elegiya


ELEGİYA

Ulduzlara uçan quşa dönəydim,
Ay da yollarıma nur ələyəydi.
Məğrur yerişinlə qoşa dönəydin,
Sənə yer üzündə yer eləyəydim.

Dinlə kədərimin pıçıltısını -
Mən yaxşı bilirəm ayrılıq nədi!..
Küləklər könlümün qışqırtısını
Kaş ki kainata yaya biləydi.

Könüllər yaşadır gur nəfəsini,
Sənsiz hər bir anın öz qüssəsi var.
Müqəddəs səsinin xatirəsini
Anlada bilərmi çağlayan çaylar?

Bulud karvanına qoşulum yenə,
Gəzim asimanı, hardasan görüm.
Çatıb ucalığa, yetişim sənə,
Əlimi əlindən yapışan görüm!

Acı göz yaşını sel elə gəlsin,
Ey yağış, soyumur dərdimin odu.
Qüssədən qocalan Ay dilə gəlsin,
Söyləsin, ruhunun haradı yurdu?

Dağ idin, çiynimi dağlara verdim,
Dağların dərdini çəksə, dağ çəkər.
Sənə məhəbbətim dağlar qədərdi,
Yerini dağlardan soruşum bəlkə?

Bəlkə çinarlarla baş-başa verim,
Görən qovuşarmı boyum boyuna?
Gərək sənə yetə bu qəmli şeirim,
Gərək sənə yetə... haqqım var buna.

Nurunu gözümdə saxlayım necə? -
Möcüzə yaratmaq gəlmir əlimdən.
Parçalan, ey zülmət, çəkil, ey gecə,
Günəşə qovuşmaq istəyirəm mən!
XS
SM
MD
LG