Keçid linkləri

Təcili xəbərlər

Bir millətin 94-cü baharı


Arxiv foto: Müxalifət fəalları AXC-nin yaranmasını Novxanıda qeyd edir
Arxiv foto: Müxalifət fəalları AXC-nin yaranmasını Novxanıda qeyd edir
Hər dəfə 28 May haqqında düşünəndə yadıma çox məşhur bir deyim düşür. Mənası budur ki, qaranlıqların ardınca deyinməkdən və danışmaqdansa heç olmasa bir şam yandır!... Və hər dəfə də özümə bir sual verirəm: əgər həmin vaxt bu şam yandırılmasaydı, millət heç olmasa iki il istiqlaliyyətin şirinliyini dadmasaydı nə baş verərdi? Mən indi belə bir hipotetik fərziyyənin mümkün siyasi nəticələrini müfəssəl şəkildə sadalamaqda acizəm. Onu deyə bilərəm ki, bəlkə də indiki Azərbaycan olmazdı! Lakin bu fikri heç də hamı bölüşmür və bəlkə də bölüşmədiklərindən H. Əliyevin doğum günü daha böyük coşqu və təntənə ilə qeyd olunur, nəinki Respublika günü. Yox, mən bu kiçik yazıda bu günün bütün siyasi gerçəkliyini şərh edib bayram ovqatını korlamaq və yaxud da öz suallarımla tərəddüdləri, narazılıqları dərinləşdirmək, onları bir günün qayğısına çevirmək istəmirəm, çünki o gün, haqqında bir gün, yalnız bayram vaxtı düşünüləsi qədər adi və sadə gün deyil. Ondansa həmin tarixi bu gün üçün də aktual ola biləcək prizmadan keçirmək daha yaxşı olardı...

HAKİMİYYƏTƏ MÜNASİBƏT

M.Ə.Rəsulzadə haqda o qədər yazılıb ki, adam hansısa yeni ştrix tapmağa çətinlik çəkir. Lakin köhnə və tanış ştrixləri yeni biçimdə vermək də o qədər faydasız məşğuliyyət deyil. M.Ə.Rəsulzadəyə bir neçə dəfə prezidentlik təklif olunub, amma o, hər dəfə bundan imtina edirmiş ki, millətimiz onsuz da şahsevəndir. İndi kiminsə vəzifədən könüllü imtina etməsini fərz etmək çox müşkül məsələdir. Amma bir dəfə, neftlə bağlı korrupsiya ittihamı dilə gətirilərkən, F.Xoyski dərhal baş nazir postundan imtina edir. Bəlkə də belə misallar mənə məlum olduğundan da çoxdur. Əsas o deyil. İndi hakimiyyət mənsublarının postda və vəzifədə qalması üçün nələr etdiyinə baxanda bir sual gəlir adamın ağlına: o illərin kübarlığı, hadisələrə aristokratik yanaşma öz mahiyyətini haradan götürürdü? Bir dəfə 1918-1920-ci illər haqqında böyük yazı tərcümə etmişdim, müəllifi də əcnəbi idi. Həmin yazıdan kiçik bir detal hələ də yadımda qalıb. O vaxt xaricilər ucqar bir diyarda belə avropalı insanlar görməkdən heyrətə gəliblərmiş! O insanların avropalı mahiyyəti elə bu gün də təəccübləndirir, çünki sonrakı 92 il ərzində bu millətin Avropaya doğru atdığı addım 2 il ərzində atdığı addımdan böyük ola bilmədi, çünki bu addımı necə var atmağa imkan vermədilər...

SİYASƏTİ DƏYİŞƏNLƏR

Tarixin elə çağları olur ki, siyasətin özü, onun haqqında təsəvvürlər dəyişir.
O vaxt da belə oldu. Bir neçə adam siyasət haqqındakı təsəvvürləri dəyişdi.
Təəssüf ki, sonradan bu ənənəni saxlamaq mümkün olmadı, insanların əsl siyasətçi haqqındakı təsəvvürü sovet məmurunun obrazından uzağa gedə bilmədi. Məsələn, H.Əliyev tipik sovet məmuru idi. Lakin nə edəsən ki, hamı siyasətçidə məhz bu tipik sovet məmuru obrazını sevdi. Bilirsiniz, Rusiyanı götürsək, orada bir neçə ay hakimiyyətdə olmuş insanlar da çox avropalı və mütərəqqi insanlar idi. Lakin Rusiya tarixşünaslığı həmin insanlar haqqında susmağa üstünlük verir. Mən bunun haqqında da çox düşünmüşəm və mən bunun da səbəbini yeni yaranmış siyasətçi obrazının mentalitetdəki obrazla uyğun gəlməməsində görürəm: bəli, bolşeviklər hakimiyyəti zəbt edənə qədər Rusiyanın müvəqqəti hökumətinin rəhbəri olan Kerenski hələ də rusların əksər hissəsi üçün anlaşılmaz siyasi fiqurdur. Bunu elə çağdaş azərbaycanlının təsəvvür dünyası haqqında demək mümkündür, insanlar hələ də o sovet məmurlarını daha yaxşı başa düşürlər, nəinki qeyrilərini...

«QAFQAZ EVİ» İDEYASI

İndi üç Qafqaz ölkəsi haqqında «dağlar arxasında üç dost» demək olduqca çətindir. Elə o vaxt da çətin idi. Amma istiqlaliyyət və demokratiya ataları bu durumun da dəyişəcəyinə ümid edirdilər. Mən axırıncı dəfə bu ideya haqda da M.Saakashvili Milli Məclisdə «Bir kərə yüksələn bayraq bir daha enməz!» - deyərkən xatırladım. Mənə elə gəlir ki, elə gözəl ideyalar da belədir, onların müəllifləri ölür, lakin ideyalar, fikirlər nəsildən–nəslə keçir. Elə demokratiya və istiqlaliyyət ideyası kimi. Bir gün insanlara elə gəlir ki, nəsə yeni bir şey tapıblar, amma sonradan məlum olur ki, o yeniliyin ən azı bir əsr yaşı var. Nahaq yerə demirlər ki, yeni yaxşı unudulmuş köhnədir...
XS
SM
MD
LG