Gözlərimdən kədərli insan keçir
Ürəyimdən nəmişli zindan keçir
Dodağımda ədəbli bir söyüş var
Yumruğumda məhəbbətli döyüş var
Qucağımda ümidsizlər yatırlar
Sonra durub qucağımı satırlar
Unudurlar suçlarını örtməyə
Dəsmalımla saçlarını örtməyə
Danışanda danışırlar VƏTƏNdən
Alışanda alışırlar BƏDƏNdən
Sözlərimin serçəsinə daş atan
Gözlərimin gözlərini yaşladan
Gözyaşımla əllərinin qanını
Baş daşımla ağacdakı qarğanı
Külüng olan, qələmləri sındıran
Azadlığı üstümüzə fınxıran
Yarı qarqa, yarı bayquş, adamlar
Yarı darda, yarı evdə qalanlar
Öz dostunun arvadını qandıran
Sonra dönüb dostuna can yandıran
Biz ağrılar meyvəsiyik və bunlar
Oynayırlar kəməraltı oyunlar
Güzqüləri xoşlamayan dostlarım
Tutduqların boşlamayan dostlarım
Güzgü özün görə bilməz, neyləsin
Kor götürüb gedə bilməz kölgəsin!
Biz quyruqsuz, biz qanadsız quşlarıq
Çatmağı yox, getməyi biz xoşlarıq
Siz oturun qucaqlayın dizləri
Yağış yağar çıxardar ilbizləri!
***
Vətənin üstündə vətən tikirlər
Bədənin üstündə bədən tikirlər
Deyirlər camaat, qloballaşın
Buraxın vətənin toprağın, daşın
And ola baharsız yağan yağışa
Vətən bahar deyil çevrilə qışa
Vətən topraq deyil, vətən daş deyil
Vətən səni satan vətəndaş deyil
Ruh kimi dolanır bütün canımda
Qırmızı inamdır damarlarımda
Vətən adam deyil deyəsən azma
Millətin cəhlini vətənə yazma
Şərəfsiz insana vətən nə lazım
Şərəfsiz insana bədən nə lazım
Vətən millətçinin batan səsidir
Hələ duyulmamış düşüncəsidir
Vətən çəkilməmiş sınırlar kimi
Hələ keçilməmiş cığırlar kimi
Gözümdə məsnəvi baxışlarımdır
Fəlsəfi danışan baxışlarımdır
Vətən sürgün demək, yalqızlıq demək
Vətən öz tökdüyün yaşları yemək
Dünyada hər bir şey gəlib gedəndir
Vətən dəyişməzdir, vətən vətəndir.