Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:55

«Babam almanlarla birgə vuruşub»


Çetniklər və almanlar serb kəndində

Bugünkü Belqradda «babam çetnik olub» – demək nəinki məqbuldur, hətta prestijli hesab olunur.

Çetniklər vaxtilə alman nasistləri ilə birgə vuruşanlardır.

İkinci Dünya müharibəsinin 65 illiyini bütün bəşəriyyət bayram edir. O cümlədən Balkanlar.

Ancaq eyni vaxtda Balkanlarda «satqınlıq» anlayışı da 65 il əvvəlki mənanı vermir.

Keçmiş Yuqoslaviyada anti-faşizm ideologiya idi. «Faşist-monarxist alyansı»na lənət dərsliklərdən başlanırdı. Babası partizan olan bunu fəxrlə deyirdisə, Xorvatiyanın nasistlərə yaxın Ustaş rejimi və ya Serbiyanın millətçi Çetnik yarım-hərbi qrupu ilə əlaqəsi olanlar səslərini çıxarmırdılar.

HÖKUMƏT BİNASINDA NASİST SİMVOLLARI

Müharibənin bitməsinin 65 illiyində məlum olur ki, keçmiş Yuqoslaviyada çoxları anti-faşizm tarixini rədd edir.

Sosioloqların fikrincə, bu təmayül 1990-cı illərdən başlandı. O vaxt ultramillətçi siyasətçilər keçmişdəki millətçilərin ideyalarını və özlərini dirçəltməyə başladılar. Müharibə dövrünün millətçiləri isə nasistlərlə əməkdaşlıq edənlərdir.

Hazırda millətçilik keçmiş Yuqoslavoiya ərazisində nüfuzlu sosial ideyadır, neo-nasistlərin yeni nəsli bu millətçilikdən qidalanır.

Vaxtilə partizanların azad etdiyi Serbiyada neçə illərdir ki, parlament faşist qruplarını qadağan edən qanunu qəbul edə bilmir.

Cəmiyyətdə isə mübahisə gedir ki, faşizm qadağan olunmalıdırmı?

İş o yerə çatıb ki, Serbiyanın daxili işlər naziri İvitsa Dasiç deyir ki, İkinci Dünya Müharibəsi vaxtı Serbiya faşistlərinin simvolları indi hökumət binalarındadır:

Serb çetniki
«Mən şəxsən düşünürəm ki, Serbiya hökuməti faşist simvolları ilə öz binalarında da mübarizə apara bilmədi. Hökumət binasının içində Milan Nediçin şəkli var. Nediç Hitler vaxtı baş nazir olub. Onu seçməmişdilər, Nediçi Hitler təyin etmişdi. Yaxşı olardı ki, alman işğalı vaxtı sürgündə olan Serbiya hökumətinin şəklini yerləşdirəydilər».

NASİSTLƏRLƏ ƏLBİR OLANLARA DÖVLƏT PENSİYASI

Serbiyada millətçilərin çoxluqda olduğu parlament bu yaxınlarda yeni qanun qəbul etdi. Nasistlərlə əməkdaşlıq edən Çetnik veteranlara partizan veteranlar qədər pensiya veriləcək.

2005-ci ildə Moskva Avropanın faşizmdən azad olmasının 60 iliyini qeyd edəndə Serbiya nümayəndə göndərmədi.

Serbiya Auşvits əsir düşərgəsinin nasistlərdən azad olunmasının 60 illiyinə qatılmadı.

Ancaq Serbiya Drza Mihaylovişin qəbrinin tapılmasına xeyli səy göstərdi. Mihayloviçi 1945-ci ildə almanlarla əməkdaşlıq etdiyinə görə Titonun partizanları güllələyib.

Belqrad Universitetinin professoru Mladen Laziç isə Serbiyada baş verənlərdə heç bir problem görmür. O deyir ki, «Serbiya cəmiyyətinin əksəriyyəti anti-faşist olaraq qalır. Sadəcə olaraq faşistləri dirçəltmək istəyənlər daha bərk qışqırırlar».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG