Keçid linkləri

2024, 02 Noyabr, şənbə, Bakı vaxtı 22:23

Prokuror polis mayoruna 4 illik həbs cəzası istəyib


Bu gün Yasamal rayon Məhkəməsində Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşı, polis mayoru Emin Əhmədbəyovun məhkəməsi prokurorun çıxışı ilə davam edib. Prokuror polis mayoruna 4 illik həbs cəzası istəyib.

Təqsirləndirilən şəxsin vəkili Namiq Hacıyev müdafiə çıxışı üçün məhkəmədən martın 11-dək vaxt istəyib. Proses həmin gün davam edəcək.

Emin Əhmədbəyov ötən il dekabrın 1-də Mətbuat prospektində onun «Pajero» markalı maşınını saxlayan yol polis müfəttişi Məhərrəm Qurbanovla mübahisə edərək ona xəsarət yetirməkdə təqsirləndirilir. Polis mayoru özünü təqsirsiz bilir və iddia edir ki, onun həbsi sifarişlidir. Polis mayorunun məhkəmədəki çıxışlarına görə, əslində onun həbsinin kökündə duran səbəb vətəndaşlıqdan imtina etmək üçün prezidentə iki dəfə müraciət etməsi və Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərməsi olub.

Emin Əhmədbəyov 2003-cü ildə daxili işlər orqanından xaric edilib. 2006-cı ildə işə bərpa olunub və ona mayor rütbəsi verilib. O isə işsiz qaldığı 3 illik məvacibini tələb edib. Tələb Azərbaycan məhkəmələrində təmin olunmadığından Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərib, prezidentə haqlarının tapdanması və vətəndaşlıqdan imtina etməsi barədə iki dəfə müraciət edib.
XS
SM
MD
LG