Keçid linkləri

Təcili xəbərlər

Mentalitetimiz hakimiyyətimizin dayısıdır


SİYASİ İDARƏÇİLİYİMİZİN PSİXOLOJİ PORTRETİ


Bu yazımda məni siyasi idarəçilərimizin psixoloji portreti maraqlandırır. Azərbaycanda siyasi hakimiyyət dünya isteblişmenti ilə dil tapa, dünya oliqarxiyasına qovuşa bildi. Onları Sovet dövründəkindən fərqli olaraq indi təkcə Moskva yox, dünya dövlətlərinin az qala bütün paytaxtları qoruyur. Məni isə bu hakimiyyətin xarici dayaqları yox, hakimiyyətdəkilərin düşüncə tərzinin psixoloji-mental əsasları maraqlandırır. Mənim üçün maraqlı olan bu şəxslərin daxili dilləridir, özlərinə necə haqq qazandırmaqlarıdır, təsəllini hardan almaqlarıdır, öz vicdanları ilə necə dil tapmaqlarıdır, güzgüyə necə baxmaqlarıdır.

Azərbaycanda siyasi hakimiyyət dünya isteblişmenti ilə dil tapa bilir

Mənə məlum olan tənqidi analizlərin əksəriyyətində, məncə, yanaşma baxımından ciddi çatışmazlıqlar var. Tənqidçi mətbuat adətən belə hesab edir ki, guya bu şəxslərdən bəziləri etnik azlıqların nümayəndələri olduqları üçün çoxluğa düşmən kəsiliblər, bəziləri arvad tərəfdən ermənilərlə qohum olduqları üçün belə edirlər, bəzilərində müxalifətçilərə qarşı şəxsi qərəz və intiqam duyğuları olduğundan və s. Bütün bunlarlı nə sübut etmək, nə də inkar etmək fikrindəyəm. Amma bu yanaşma ölkəmizdəki total həyasızlığın və bu şəxslərin lazım gəldikdə lap monolit komanda kimi birləşmələrinin izahını verə bilməz. İzah üçün daha geniş bir nəzəriyyəyə ehtiyac var.

Mənim təklif etdiyim yeni bir yanaşma var: Siyasi rəhbərlərimizin düşüncə tərzinin köklərini milli mentalitetimizdə axtarmaq.

Bu xalqın qəlbinin dərinliklərində lotuluğa, qoçuluğa, qaçaqlığa, cığallığa, “razborşik”liyə, “atanşikliyə”, “ağanəzərəm belə gəzərəm” azəriliyinə qul psixologiyasından törəyən yarımgizli bir sevgi var...

ƏCƏB ELƏYİRƏM!

Biz azərilər iki rəhbərlik növü tanıyırıq: şahlıq və xanlıq. Şahlıq və xanlığın daxili nitqi belədir: “Əcəb eləyirəm!” Bu xalqın qəlbinin dərinliklərində lotuluğa, qoçuluğa, qaçaqlığa, cığallığa, “razborşik”liyə, “atanşikliyə”, “ağanəzərəm belə gəzərəm” azəriliyinə qul psixologiyasından törəyən yarımgizli bir sevgi var. Azərbaycan yaltaqlığın səmimi növünü yaradıb! Mən iddia edirəm ki, bu əhalinin əksəriyyəti Heydər Əliyevi rəğbətlə yad edir.

Adolf Hitler də XX yüzilliyin ən xarizmatik şəxslərindən biri olub, lakin almanlar ondan ikrah edirlər. Biz isə Mircəfər Bağırovun qoçuluğuna, mərhum akademik Z.Bünyadovun atamanlığına, hətta Qədir Rüstəmovun kaprizinə də heyranıq. Ta dünənəcən bəzi regionlarımızda türmədə oturmayana qız verməzdilər. Biz türmədə, hərbi xidmətdə və s. lotuluq edənlərə əslində sevgi bəsləyirik qəlbimizdə. Çünki sınmışlar üçün ən balaca dikəlmə də, yadın hakim qaydalarından ən xırda yayınma da sevimli ola bilər.

Mən hər seçkidən sonra öz qələbələrini qeyri-rəsmi məclislərlə “qeyd edən” MSK rəhbərliyinin xısın-xısın gülüşlərini xəyalən həmişə eşitmişəm. Onlar hər seçkidən sonra yeni “kəşf”lərini bir-birlərinə nəql edib, hırıldaşırlar: “Atdıq haa”. Bazarda adama düz xiyar əvəzinə əyri xiyar soxuşdurub sevinən arvaddan fərqli hırıldamır siyasi rəhbərlərimiz.

Mərc gəlirəm, xalqımız kresloya yayxanan prezidentə baxıb, öz dövlətinin nə qədər güclü olduğuna inanır

Rəsmi görüşlərdə İlham Əliyevin oturuşuna fikir verin. Doğrudanmı onun ətrafında bir nəfər tapılmır bu adama deyə bilsin ki, heç olmasa rəsmi görüşlərdə ayaqları kor bucaq qədər aralayıb oturmaq bəsitlik göstəricisidir?! Bu oturuşun tərcüməsi belədir: “Əcəb eləyirəm!” Mərc gəlirəm ki, xalqımız kresloya yayxanan prezidentinə baxıb, öz dövlətinin nə qədər güclü olduğuna inanır! Halbuki, bu “ağanəzərəmlik” nümayişi əslində natamamlıq kompleksinin ifadəsidir.

AİLƏCANLI OLMAQ

Azərilərin şüurunda nə dövlət var, nə də cəmiyyət, amma əvəzində ailə müqəddəsdir! Siyasi idarəçilərimiz də özlərinə sırf ailə prizmasından – arvadlarının, qohum-əqrəbanın gözü ilə baxıb qiymət verirlər və həyat kredoları layiqli ailə başçısı, qayğıkeş ata olmaqdan başqa heç zad deyil. Onlar bu saat ailələri üçün pul qazanırlar, nə dövlət, nə cəmiyyət axı! Lap həbs edilsələr də, mediada ictimai qınağa, söyüşə, lənətə tuş olsalar da, onlar daxilən rahatdırlar, çünki bizim yazılmamış ailə kodeksimizə görə ailə başçısı öz ailəsinin rahatlığı üçün hər cür əzab-əziyyətə qatlaşmağa hazır olmalıdır. Bu ölkədə milyonlarla insan var ki, “ailəsinə bir parça çörək aparmaq üçün” hər cür təhqirə dözməyə hazırdır. Hakimiyyətdəki ailə başçıları da elə bunu edirlər də. Sadəcə olaraq onlar evlərinə ta bir parça çörək yox, piroq aparmaq üçün belə edirlər. Bu saat həbsdə olan sabiq nazirlərin özlərinə verdikləri təsəlli budur: “Arvad-uşaq üçün kişinin başına iş gələr!”. Onlarda zərrə qədər də olsun nə xalq, nə cəmiyyət, nə dövlət şüuru baxımından peşmanlıq duyğusu var! Çünki onlar ən tipik azərilərdir! Bu adamlar üçün nə cəmiyyət var, nə də dünya. Əvəzində, qohum-qardaş var, qonum-qonşu var, arvad-uşaq var. Bizdə məmur yoxdur, ər var, ata var! Ona “kəndçim” desən başa düşər, “vətəndaş” desən gözlərini döyər.

Beləliklə, ola bilməz ki, düşdüyümüz mühasirədən neçə yüz ildir çıxa bilməməyimizdə “öz”, “milli” səbəblərimiz olmasın. Onlar bizdir, biz də onlar! Siyasi rəhbərlərimiz nə ictimai, nə də qlobal düşünə bilirlər. Onlar sadəcə milli-mental düşünürlər. Bir sözlə, mövcud siyasi idarəçiliyimizin milli-mental bünövrəsi var: azərilik! Beləliklə,

BİZ ƏN MİLLİ HAKİMİYYƏTƏ SAHİBİK. MENTALİTETİMİZ HAKİMİYYƏTİMİZİN DAYISIDIR.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG