“Yeni Azərbaycan” qəzetindəki “Paytaxtda sərnişindaşıma xidməti yaxşılaşdırılacaq” başlıqlı məqalədə bildirilir ki, “Avtonəqliyyatservis” departamenti tabeçiliyindəki müəssisələrin hesabına Bakı şəhərinə xarici ölkələrdən iritutumlu avtobuslar gətirməyi planlaşdırır. Departament nəqliyyat təsərrüfatının inkişafı ilə bağlı proqram hazırlayıb. Məqalə müəllifinin yazdığına görə, tədbirlər planına həm də nəqliyyatdakı ekoloji vəziyyətin yaxşılaşdırılması üçün ekoloji postların yaradılması, tıxacların aradan qaldırılması, sərnişinlərin təhlükəsizlik şəraitinin yaradılması, xarici ölkələrin avtomobil daşınmaları sahəsində təcrübənin tətbiq edilməsi, maşın parkının yeniləşməsi və digər işlər daxildir.
“Şərq” qəzetində bildirilir ki, Daxili İşlər Nazirliyi Baş Cinayət-Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov istintaq ifadələrində ona “Monitor” jurnalının mərhum baş redaktoru Elmar Hüseynovu öldürməklə bağlı sifariş gəldiyini, lakin bu sifarişi yerinə yetirməkdən imtina etdiyini bildirib. Sifarişin kim tərəfindən gəldiyini açıqlamayan Hacı Məmmədov onu yerinə yetirməkdən nə üçün imtina etdiyi barədə də məlumat verməyib. Müəllif yazır ki, Hacı Məmmədovun ifadəsində toxunduğu bu məqama münasibət birmənalı deyil. Bəziləri mərhum Hüseynovun Hacı Məmmədovun dəstəsi tərəfindən qətlə yetirilməsinin reallığa yaxın olduğunu düşünsə də, bir çoxları bu fikirləri paylaşmır. Elmar Hüseynovun qətlinin araşdırılması məqsədi ilə yaradılmış İctimai Təhqiqatlar Qrupunun üzvü Əlövsət Əliyev Hacı Məmmədovla Elmar Hüseynovun qətlinin əlaqəli olmadığını düşünənlər sırasındadır.
“Ayna” qəzetinin əməkdaşı yazır ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyanat verərək Qarabağ
münaqişəsinin nizamlanması ilə bağlı tərəflərdən təşəbbüs gözləməsi problemin həllində mahiyyətcə yeni mərhələ yaradıb. Belə ki, indi sülh sazişi çox da uzaqda görünmür. Amma ona çatmaq üçün hərbi əməliyyatların bərpası qaçılmaz amilə çevrilib. Müəllif yazır ki, diplomatik qaynaqlardan “Ayna”ya daxil olan məlumata görə, hazırda münaqişə tərəfləri və beynəlxalq vasitəçilər yaranmış vəziyyətin nə dərəcə həlledici olmasını yaxşı dərk edir. Müşahidəçilər hesab edir ki, hərbi əməliyyatların başlanmasına daha ciddi çağırışları artıq yaxın vaxtlarda eşitmək mümkün olacaq. Bunun ardınca cəbhədə - Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin təmas xəttində vəziyyətin gərginləşəcəyi, hətta lokal xarakterli hərbi əməliyyatların həyata keçiriləcəyi gözlənilir.
“Bakı-Xəbər” qəzetindəki “Siyasi məhbus problemi həll edilibmi?” başlıqlı məqalədə bildirilir ki, Ədliyyə naziri Fikrət Məmmədov bəzi hüquq müdafiəçilərinin hazırladıqları yeni siyasi məhbus siyahılarına baxıldığını deyib. Nazir bildirib ki, əslində, həmin siyahılara daxil edilənlərin hamısını, avtomatik olaraq bu kateqoriyadan olan məhbus saymaq düzgün deyil. Bununla belə, Fikrət Məmmədov hüquq müdafiəçiləri tərəfindən tərtib olunan siyahılarda adı göstərilən hər bir məhbusla bağlı fərdi araşdırmalar aparıldığını və onların cinayət işlərinin öyrənildiyini diqqətə çatdırıb.