Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:13

Qanunsuz nərə ovu: heç kim məsuliyyəti bölüşmək istəmir...


Dünyada satılan kürünün 90 faizi Xəzər dənizinin payına düşür
Dünyada satılan kürünün 90 faizi Xəzər dənizinin payına düşür
Balıqçı gəmilərinə sahib tapılmır

Son bir ildə Rusiya və Qazaxıstan sərhədçiləri Xəzərdə Azərbaycana məxsus 10-a yaxın balıqçı gəmisini saxlayıb. Həmin gəmilərin hamısında da xeyli miqdarda nərə balığı və kürü aşkarlanıb. Bundan başqa, indiyə qədər bir neçə belə balıqçı gəmisinin dənizdə batdığı da bildirilir. Amma bu gəmilərə yiyə duran tapılmır. Hökumət rəsmləri gəmilərin onlara aid olmadığını bildirirlər. Özəl qurumlardan da həmin gəmilərə sahib çıxan tapılmır. Bəs, onda Xəzərdə həbs edilən gəmilər kimə məxsusdur? Gəmilərin suya girməsinə kim, hansı dövlət qurumu razılıq verir? Bu yaxınlarda Azərbaycana məxsus daha bir balıqçı gəmisini Rusiya sərhədçiləri saxlayıb. Həmin gəmidə də nərə balığı, qara kürü və kilkə balığı olduğu bildirilir.


Hələ ki, Azərbaycan rəsmi qurumlardan bu gəmilərin kimə məxsusluğu barədə heç bir məlumat almaq mümkün olmayıb. Bu barədə Azərbaycanın kütləvi informasiya vasitələrində yayılan məlumatlar da “Azərbaycanın daha bir balıqçı gəmisi saxlanıldı” və “bu gəmidə də nərə balığı və kürü olduğu bildirilir” kimi ifadələrdən o yana keçməyib.


Bu dəfə də monopoliya


“Hürriyyət” qəzetinin Salyan və Neftçala üzrə müxbiri Vidadi Bayramov deyir ki, bir neçə dəfə nərə ovuna, qara kürüyə kimin nəzarət etdiyini, məhsulların hara və neçəyə satıldığını araşdırıb. Jurnalist təhqiqatlarından sonra belə qənaətə gəlib ki, Neftçalada bu sahə bir neçə nəfərin əlində cəmləşib. Onun icazəsi olmadan Xəzər dənizinin Neftçala və Salyan rayonlarına aid hissələrində balıq tutmaq, kürü istehsalı ilə məşğul olmaq qeyri-mümkündür, bu həm də təhlükəli bir iş hesab edilir. Hətta hərdən bir balıq ovuna gedən rayon sakinləri bu peşələrinə birdəfəlik son qoyduqlarını deyirlər. Həmsöhbətim Vidadi Bayramovun sözlərinə görə, həmin şəxsin altı xüsusi balıqçı gəmisi var. Gəmilərdən biri kürünün emalı üçün xüsusi qurğularla təchiz olunub.


Vidadi Bayramov deyir ki, balıq ovu başa çatandan sonra həmin gəmilər bir neçə yüz metr sahildən kənarda dayanır və onların yükü katerlərə, kiçik motorlu qayıqlara yüklənilir. Ovlanan bütün nərə balığı sahilə çıxarılıb satılsa da, kürü elə həmin gəmilərlə başqa istiqamətə aparılır. Vidadi Bayramov deyir ki, kürü daha çox Gürcüstana daşınır, oradan da Türkiyəyə, Ermənistana və müxtəlif yerlərə. Rəsmi qurumlarda güclü himayəçisi olmadan onların bu işlə məşğul olmasını qeyri-mümkün hesab edən jurnalist deyir ki, bir neçə balığa görə həbs edilib 3-5 il müddətinə azadlıqdan məhrum edilənlər olduğu halda Xəzərdən on tonlarla qanunsuz nərə ovlayan, 100 kloqramlarla kürü istehsal edənlərə və satanlara “gözün üstündə qaşın var” deyən yoxdur.


Balığın qiymətinə polis nəzarət edir


Cənab Bayramov qanunsuz balıq ovu ilə məşğul olanların himayəçiləri sırasında bir yox, bir-neçə məmurun adının hallandığın deyir. Belə bir himayə altında qanunsuz balıq ovu ilə məşğul olanlar heç rayon hüquq mühafizə orqanlarına belə tabe olmurlar. Hazırda Neftçala və Salyan bazarlarında nərə balığının bir kiloqramı köhnə pulla 60-70 min manat, bir kq qara kürünün qiyməti 500 dollardır. Bazarda kilosu 250-300 dollara da kürü satılır, amma həmin kürünün təmizliyi bir qədər şübhəlidir. Bundan başqa, nərə balığı alveri ilə məşğul olanlar dənizdən tutulan balığı birinci əldən uzağı beş min manat bahasına ala bilərlər. Tutaq ki, bazarda satılan nərə balığının bir kiloqramı 70 min manatdırsa, demək, həmin satıcı balığı birinci əldən 65 min manata alıb. Nə Salyan, nə də Neftçala bazarlarında təyin olunan qiymətdən baha balıq satmaq mümkün deyil. Vidadi Bayramov deyir ki, rayon polisləri həmin qiymətlərə çox ciddi nəzarət edir. Elə bu baxımdan satıcılar da nərə balığını artıq qiymətə satmağa heç meylli olmurlar. Başqa bir tərəfdən, əldən ələ keçən balığın bahalaşması həm də balıq sahiblərinin özünə maraqlı deyil. Bir qədər əvvəl açılış mərasimində respublika prezidentin də iştirak etdiyi Neftçaladakı Xıllı balıqartırma zavodunun hazırda dənizə balıq buraxmadığını deyən həmsöhbətimə görə, zavodun açılışında söylənilən dəbdəbəli çıxışlardan indi heç bir əsər-əlamət qalmayıb.



Rusiya sahil mühafizə xidməti Xəzərdə brakonyerlərə məxsus Azərbaycan gəmisini saxlayır, 16 iyun 2003
Əslində nərə balığının olduğu ərazilərdən - Lənkərandan, Siyəzəndən və bir sıra rayonlardan balıqartırma zavodlarına hər üç aydan bir yüz ədəd kürülü nərə balığı gəlməlidir ki, onların kürüsü götürülüb süni mayalanma ilə balıq artırılıb dənizə buraxılsın. Vidadi Bayramov deyir ki, amma son anda həmin kürülü nərələrin o qədər müştərisi olur ki, zavoda həmin balıqlardan cəmi beş-altısı çatır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların artırılması və mühafizəsi şöbəsinin müdiri Ağasadıq Qasımov da deyir ki, Azərbaycanda olan dörd balıqartırma zavodu üçün bir neçə yüz törədici balıqlar lazımdır. Amma Ağasadıq Qasımov həmin törədici balıqların heç zavoda çatmaması ilə bağlı deyilənlərlə razılaşmır. Onun bildirdiyinə görə, bəzən həmin balıqlardan alınan kürüdən süni mayalanma ilə istənilən nəticəni əldə etmək mümkün olmur, bu da belə söz söhbətlərə gətirib çıxarır.


Könlü balıq istəyənin…


Xəzərdə qonşu ölkələrin sərhədçilərinin saxladıqları balıqçı gəmilərinin sahibləri kimlərdir? Təbiəti Mühafizə Cəmiyyətinin rəhbəri Nizami Şəfiyev də bu suala cavab axtardıqlarını deyir. Onun bildirdiyinə görə, bu məsələ ilə bağlı gəmilərin daha çox saxlandığı Xaçmaz rayonun sahillərində araşdırmalar aparıblar. Amma onlar da uzun axtarışlara baxmayaraq saxlanan gəmilərin əsl sahibini tapa bilməyiblər: «Sərhəd qoşunları sərhədə ciddi nəzarət edirlər, ola bilməz ki, icazəsiz balıq ovuyla məşğul olsunlar. Yəqin ki, kilkə ovuna icazə alan balıqçılar sahildən uzaqlaşandan sonra nərəkimiləri ovlamağa başlayırlar».


Əsl sahibi müəyyənləşməyən gəmilərlə Xəzərdə hər gün tonlarla balıq tutulduğunu deyən Nizami Şəfiyevə görə, təkcə bir neçə gün əvvəl Rusiya sərhədçilərinin saxladığı gəmidə 40 tona yaxın nərə balığı olub.


Təbiəti Mühafizə Cəmiyyətinin rəhbəri hesab edir ki, Xəzərin Azərbaycan sektorunda nərəkimilər azaldığından Azərbaycan balıqçıları digər ölkələrin su sərhədlərini pozmuş olurlar. Bu da tez-tez Azərbaycan gəmilərinin həbs edilməsi ilə nəticələnir. Amma Ekologiya və Təbii Sərvətlər Nazirliyində bunu başqa amillə izah edirlər. Nazirliyin rəsmilərindən birinin dediyinə görə, aparılan rəsmi araşdırmalarda nərəkimilərin azaldığını təsdiqləsə də gəmilərin Rusiya və Qazaxıstan sularında tutulması daha çox Azərbaycanın qanunsuz balıq ovuna qarşı ciddi mübarizə aparması ilə bağlıdır. Amma hanasısa səbəbdən baş verməsinə baxmayaraq, Azərbaycanın gəmiləri həbs edilir.


Azərbaycan gəmilərinə ancaq kilkə ovlamağa icazə verilir


Əldə etdiyimiz məlumatlara görə, 1993-1998-ci illərdə Azərbaycanın kürü ixracı kvotası 8 tondan bir qədər artıq olsa da sonrakı illərdə bu 1200 kq keçməyib. 2006-cı ildə isə SİTES –Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti üzrə konvensiya Xəzər sahili ölkələrindən yalnız İranın nərə ovu kvotasını təsdiqləyib. Bu baxımdan da Azərbaycan gəmiləri Xəzərdə nərəkimilərin ovuyla məşğul ola bilməz. Ekologiya və Təbii Sərvətlər nazirliyində şöbə müdiri Qəhrəman Zahidli deyir ki, Xəzərdə balıq ovuyla məşğul olan bütün gəmilərə icazəni onun rəhbərlik etdiyi şöbə verir. Bu icazə də yalnız kilkə ovu üçün nəzərdə tutulur. Qəhrəman Zahidliyə görə, bir neçə dəfə olub ki, onların kilkə ovuna lisenziya verdiyi gəmilər qonşu ölkələrin su sərhədlərini pozarkən saxlanılıb.


Tutulan gəmilərin sayını bilən yoxdur


Ekologiya Nazirliyinin icazəsi ilə Xəzər dənizində balıq ovuyla məşğul olan gəmilərin sayına gəlincə Qəhrəman Zahidli həmin gəmilərin 50-yə yaxın olduğunu bildirir: «Bizdə statistik 49-50 gəmi var. Onlar da ancaq kilkə ovuyla məşğuldurlar. Onlardan 24-ü “Xəzər-Balıq”, 5-6-sı Bakı-Dəniz balıq limanına, digər gəmilər də ayrı-ayrı firmaların və fiziki şəxslərin tabeliyində olan gəmilərdir.


Nazirlik rəsmisi söyləyir ki, kilkə ovuna verilmiş icazədən kənar nərəkimilərin ovuyla məşğul olanların lisenziyası ləğv edilir. İndiyə qədər Xəzərin Azərbaycan sektorunda bir dəfə belə hal olduğunu deyən cənab Zahidliyə görə, ən çox təkrarlanan hallar qonşu ölkələrin su sərhədlərinin pozulmasıyla bağlıdır: «Su sərhədinin pozulduğunu bildirən ölkə isə Azərbaycanın Xarici İşlər Nazirliyinə nota göndərir və bu məsələ diplomatik səviyyədə həll olunur».


İndiyə qədər nə qədər gəminin qonşu ölkələrin sərhədçiləri tərəfindən tutulmasını və həmin gəmilərin kimə məxsusluğunu nə Dövlət Sərhəd Xidmətindən, nə də Dəniz Administrasiyasından dəqiqləşdirmək mümkün olmadı.


“Hürriyyət” qəzetinin bölgə müxbiri Vidadi Bayramovun Neftçaladakı qanunsuz nərə balığı ovuyla bağlı dediklərinə gəldikdə Qəhrəman Zahidli bu məlumatları təkzib edir. Nazirliyinin Neftçala rayon şöbəsinin bu işə ciddi nəzarət etdiyini deyən həmsöhbətimin sözlərinə görə, burda aparılan nərə ovu yalnız balıqartırma zavodları üçün nəzərdə tutulub.


Müsadirə olunan nərə balıqları, Rusiya, Həştərxan, 16 iyun 2003
Yerli polis ancaq qanunsuz balın satışına qarşı mübarizə aparır


Neftçala rayonu ərazisində qanunsuz balıq ovuna polisin biganə qalmasıyla bağlı söylənilənlərə gəlincə, rayon polis İdarəsinin rəisi Mübariz Hümbətov deyir ki, Xəzərdə qanunsuz balıq ovuna qarşı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli şöbəsi və Su Polisi mübarizə apardığından onların bu işlərə heç bir aidiyyatı yoxdur, yerli polis ancaq qanunsuz balıq satışına qarşı mübarizə aparır. Yerli bazarlarda satılan nərə balığı və kürünün haradan gətirilməsi və satışına necə icazə verilməsi barədə suala isə polis rəisi hər hansı münasibət bildirmək istəmədi.


Məxfi məlumatlar


“Caspian Fish” Şirkətinin İctimaiyyətlə Əlaqələr Mərkəzinin əməkdaşı Rövşən İsmayılov da deyir ki, balıq ovuyla məşğul olsa da indiyə qədər şirkətin gəmiləri sərhəd sularını pozmayıb. Rövşən İsmayılov əvvəlcə nərə balığının tutulması və həmin məhsulun ancaq daxili bazara satılmasıyla məşğul olduqlarını desə də sonradan dediklərini elə özü də təkzib etdi. Və bildirdi ki, onlara nərə balığı və kürünü başqa şirkətlər gətirir. Əksər suallara isə “bu məlumatlar məxfidir” cavabını verdi.


DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin rəis müavini Mahir İbrahimov isə deyir ki, Xəzərin Azərbaycan sektorunda nərə ovuna icazə verilmədiyindən həmin balıqçı gəmiləri digər ölkələrin sularında ov aparmaq istəyirlər ki, buna da həmin ölkələr imkan vermir.


Kilkə əvəzinə nərə


Mahir İbrahimov da deyir ki, həbs edilən bütün gəmilər kilkə ovlamaq icazəsi ilə dənizə daxil olur. Amma sahildən uzaqlaşandan sonra kilkə yox nərə ovuyla məşğul olurlar. Bir il ərzində qonşu ölkələrin su sərhədlərini pozduğuna görə, neçə Azərbaycan gəmisinin həbs olunduğu barədə dəqiq məlumata malik olmasa da Mahir İbrahimov deyir ki, Xəzərin Azərbaycan sektorunda 2006-cı ilin altı ayı ərzində qanunsuz balıq ovuna görə Su Polisi 74 faktla bağlı cinayət açıb. Əksər gəmilər köhnə Azərbaycan manatıyla 2 milyon, bəzən də 2 milyon yarım cərimə olunub.


Qazaxıstan və Rusiya tərəfindən tez-tez verilən notalara baxmayaraq qanunsuz balıq ovu və qonşu ölkələrin su sərhədlərinin pozulması davam edir…


XS
SM
MD
LG