Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:47

Xarici ticarətdə gizli dövriyyə


Gizli xarici ticarət dövriyyəsindən dövlət büdcəsi hər il milyonlarla dollar pul itirir
Gizli xarici ticarət dövriyyəsindən dövlət büdcəsi hər il milyonlarla dollar pul itirir

İqtisadi Tədqiqatlar Mərkəzinin araşdırmalarına görə, gizli xarici ticarət dövriyyəsindən Azərbaycanın dövlət büdcəsi hər il milyonlarla dollar pul itirir. Həmin Mərkəz hələ 2003-cü ildə bir sıra ölkələrlə Azərbaycan arasında ticarət əlaqələrini araşdırıb. Araşdırmalarından belə məlum olur ki, məsələn, Türkiyə Dış Ticarət Müstəşarlığı 2003-cü ildə Türkiyədən Azərbaycana 316 milyon dollarlıq mal gətirib. Amma «Azadlıq» radiosunun sorğusuna cavab olaraq Azərbaycanın Statistika Komitəsi həmin il Türkiyədən cəmi 195 milyon dollarlıq mal gətirildiyini bildirir. Az qala arada iki dəfə fərq var.


İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğluna görə, beləliklə Türkiyədən Azərbaycana gələn 316 milyon dollarlıq malın 120 milyon dolları gömrük rüsumu və idxal vergisi ödənilmədən bazara daxil olub.


Ekspert deyir ki, bu təkcə Türkiyə ilə bağlı məlumatdır. Onun sözlərinə görə, Çinlə bağlı məlumatlarda fərqlər var.


Çin Baş Gömrük İdarəsinin məlumatına görə, 2003-cü ildə Azərbaycana bu ölkədən 203 milyon dollar mal yola salınıb. Amma Azərbaycan Statistika Komitəsinin məlumatında göstərilir ki, 2003-cü ildə Çindən 95 milyon dollarlıq mal gətirilib. Burda da iki ölkənin statistik məlumatları arasında 100 milyon dollardan çox fərq var. Bu məlumatlardan belə görünür ki, təkcə iki ölkə üzrə idxalda gizli xarici ticarət dövriyyəsinin həcmi 220 milyon dollardan artıqdır.


Qubad İbadoğluna görə, hazırda Azərbaycanın ən geniş ticarət əlaqələri İran, Türkiyə və Rusiya ilədir. İran və Rusiya ilə bağlı məlumatları əldə edə bilməsə də o hesab edir ki, yəqin ki, burda da vəziyyət fərqli deyil. Məlumatların əldə olunmasından 3 ilə yaxın vaxt ötsə də ekspert gizli xarici ticarət dövriyyəsinin həcminin ötən dövrlə müqayisədə azalmadığı fikrindədir. Qubad İbadoğluna görə, gömrük qeydiyyatından kənar qalan malların bazara daxil olması həm də ədalətsiz rəqabət şəraitinin formalaşdırılmasında və son nəticədə azad sahibkarlığın boğulmasında xüsusi rol oynayır.


Dövlət Statistika Komitəsi bildirir ki, Türkiyədən Azərbaycana 2003-cü ildə 195, 2004-cü ildə 225, 2005-ci ildə isə 313 milyon dollarlıq mal gətirilib. Türkiyə Dış Ticarət Müstəşarlığından “Azadlıq” radiosunun Türkiyədəki müxbirinə verilən məlumata görə isə, Azərbaycana 2004-cü ildə 536 milyon, 2005-ci ildə isə 794 milyon dollarlıq mal göndərilib. Qaldı ki, Çin Xalq Respublikasından nə qədər mal gətirilməsinə, Statistika Komitəsindən aldığımız məlumata görə, 2003-cü ildə bu ölkədən Azərbaycana 93, 2004-cü ildə 145, 2005-ci ildə isə 173 milyon dollarlıq mal idxal olunub. Azərbaycana ən çox mal Rusiyadan idxal olunur. Statistika Komitəsi xəbər verir ki, Azərbaycana idxal olunan malların 25 faizi bu ölkənin payına düşür. Sonrakı yerləri isə Böyük Britaniya və Türkiyə tutur.


Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən isə nə üçün ticarət dövriyyəsində belə fərqin yaranması ilə bağlı suala cavab vermək səlahiyyətində olmadıqlarını bildirdilər.


Sabiq millət vəkili Əli Əlirzayev hesab edir ki, əslində Azərbaycana gətirilən mallara müxtəlif vergi rüsumları tətbiq olunduğundan eyni malın qiyməti Azərbaycanın təqdim etdiyi rəqəmlərdə daha yuxarı görünməlidir. Yəni, tutaq ki, Türkiyədən 5 manatlıq mal Azərbaycana göndərilir, burada onun üzərinə müxtəlif vergilər əlavə edildiyindən həmin malın qiyməti Azərbaycanda məsələn 7 manat göstərilə bilər. Keçmiş millət vəkili düşünür ki, əksinə, Azərbaycanda daxil olam malların miqdarının aşağı göstərilməsi gizli xarici ticarət göstəricisi olmaya da bilər. Onun fikrincə, hökumət xaricdən gələn malın miqdarını aşağı göstərməklə ola bilər ki, ölkənin xarici mallardan asılılığının az olduğunu, ehtiyacın çoxunun özündə istehsal edildiyini nümayiş etdirmək istəyir.


Əli Əlirzayevə görə, düşünür ki, ola da bilər məhsul ölkəyə gətirilsin və satılmasın, bu zaman statistik məlumatlarda satılan mallarla bağlı qeydiyyat aparılır. Amma ölkəyə gətirilən mallar gömrükdə qeydiyyata alınmırsa, onda bu qaçaqmalçılıqdan başqa bir ad vermək olmur. Cənab Əlirzayev belə ehtimalı da istisna etmir ki, məsələn, Türkiyədən Azərbaycana göndərilmək adıyla çıxarılan mal Türkiyə sərhədindən çıxdıqdan sonra heç Azərbaycana gətirilməyə də bilər. «Ola bilər bu mal elə Türkiyədən Azərbaycana gəlincə hansısa üçüncü bir şirkətə satılsın və həmin şirkət də o malı Dübaya və ya başqa bir yerə aparsın, hər şey ola bilər».


1990-cı illərin əvvəllərində Gömrük Komitəsində sədr müavini işləmiş Cümşüd Nuriyev isə hesab edir ki, Türkiyədən və ya hansısa ölkədən çıxan mal Azərbaycana gəlir. Sadəcə məsələ həmin malın hansı gömürük rejimində nəzərdə tutulmasındadır. Onun dediyinə görə, gömrükdə əsasən daxili bazar üçün nəzərdə tutulan mallar qeydiyyata alınır. «Əgər mal ölkə ərazisinə gətirilibsə və ölkə ərazisində gömrük nəzarətində təkrar emala məruz qala bilər və ya rüsum ödənilməyəndə mal altı aydan üç ilə qədər gömrükdə saxlanıla bilər. Yəni ola bilər 2003-cü ildə Türkiyədən Azərbaycana gələn mal həmin il deyil, ondan sonrakı il qeydiyyata düşsün».


Cümşüd Nuriyevə görə, əgər belə bir qeydiyyat yoxdursa, onda görünür, həmin mallar daxili bazar üçün hər hansı təhlükə törətmir, ya da həmin yüklər tranzit yüklərdir.
XS
SM
MD
LG