Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:03

Qafqaz respublikalarında kazinolar necə işləyir?


«Gənclik» mehmanxanasının yanında gizli kazino aşkar edilib
«Gənclik» mehmanxanasının yanında gizli kazino aşkar edilib

Kazinolara embarqo


Sovet dövründə kazinoların qadağan olunmasına baxmayaraq, müstəqillik dövründə biznesin bu sahəsi dirçəlməyə başladı. Təbii ki, bu proses Qafqaz ölkələrindən də yan keçmədi. Amma bu yeni biznes sahəsinə münasibət heç də birmənalı olmadı. Məsələn, Azərbaycanda kazinolar 8 ildir ki bağlanıb.


Bu yaxında Bakı polisi «Gənclik» mehmanxanasının yanında gizli kazino aşkar edib. «Amerika ruletkası», «Poker» və başqa oyun avtomatlarının olduğu bu kazino yenicə açılıbmış. Ümumiyyətlə, kazinolar Azərbaycanda 1998-ci ildə qadağan edilib. Amma gizli şəkildə bu bizneslə məşğul olanlar yenə var.


Hökumət qadağanı tətbiq edəndə bunu kazinoların mənəvi dəyərlərə və milli mentalitetə zidd olmasıyla əsaslandırmışdı. Cəmiyyətdə də bu qərar müsbət qiymətləndirilmişdi.


Qafqaz Müsəlmanları İdarəsinin qazisi Hacı Əhməd deyir ki, hökumətin qumarın qadağan olunmasıyla bağlı qərarını alqışlayırlar, çünki qumar Quranda şeytan əməli sayılır.


Amma kazinoların qadağan edilməsini düzgün saymayanlar da var.


«Qumarın milli mentalitetə uyğun olmadığını kim sübut edib? Bu, insanların psixologiyası ilə bağlıdır. Onlar asan yolla böyük gəlir əldə etmək istəyirlər». İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Azər Mehdiyev belə deyir. Onun fikrincə, qadağa çıxış yolu deyil. Halbuki kazinolar dövlət büdcəsinə böyük gəlir gətirə bilərdi. «Qadağa onunla nəticələnir ki, bu sahəyə pul yatırmaq istəyənlər kölgə iqtisadiyyatına keçir, yaxud qumara meylli adamlar isə kazinoda oynamaq üçün başqa ölkələrə gedir».


Lotereyalar monopoliyadadır


Kazinolar bağlansa da, az xərclə böyük uduşlar əldə etməyə imkan verən tirajlı lotereyalar qadağan deyil. Amma bu da dövlətin monopoliyasındadır. Özəl şirkətlərə isə yalnız stimullaşdırıcı lotereyalar keçirməyə imkan verilir, yəni məsələn, siz çay alırsız və çay qutusundan çıxan kuponlarla müxtəlif bahalı hədiyyələr udmaq şansı əldə edirsiz.


Bundan öz tirajlarını artırmaq üçün müxtəlif mətbuat orqanları da istifadə edir. «Futbol-planet» İnternet saytı kimi. Saytın rəhbəri Azər Məmmədov:


«Bizim saytda futbola bağlı ən son məlumatlar olur. Kim saytı oxumaq istəyirsə pin-kod əldə etməlidir. Hər pin-kod bir dəfə sayta daxil olmaq və bir proqnoz variantı qeydiyyatdan keçirmək imkanı verir. Bu bir intellektual viktorinadır».


Hər tiraja təxminən 35 min dollar pul oynanılır və bu pul daha çox oyunun nəticəsini düzgün tapanlar arasında bölüşdürülür.


Amma digər həmsöhbətim – «Futbol+» qəzetinin sahibi Vüqar Məmmədov şikayətlənir ki, futbol proqnozlarıyla bağlı stimullaşdırıcı lotereyanın keçirilməsi üçün bir neçə dəfə dövlət orqanlarına müraciət etsə də, məsələnin həlli uzadılır.


Azərbaycandan fərqli olaraq Gürcüstanda…


Gürcüstanda daşı atırsan kazinoya dəyir. Futbol üzrə dünya çempionatı isə totalizatorların müştərilərini artırıb. Udub sevinən də olur, uduzub oyun aparatını sındıran da. Tbilisidən Tamar Çikovani bildirir ki, keçmiş prezident Şevardnadzenin parlamentə göndərdiyi çox az qanun layihəsi olub ki deputatlar onu dəstəkləməsin. Belə iflasa uğrayan qanun layihələrindən biri də kazinoların paytaxt hüdudlarından kənara çıxarılmasıyla bağlı olub. Amma o vaxt kazino biznesinin parlamentdə elə güclü lobbisi vardı ki, qanun layihəsi heç müzakirəyə də çıxarılmadı. Halbuki parlamentin əksər üzvləri elə Şevardnadzenin öz partiyasından olan deputatlardan ibarət idi. Sonralar bu məsələni yenidən qaldıran olmadı.


Yeni iqtidarın oyun biznesinə dəyib-dolaşmaq fikri yoxdu. Sadəcə, indi bu sahədə çalışan biznesmenlər büdcəyə daha çox vergi verməlidirlər. Məsələn, 2003-cü ildə oyun avtomatı zalı açmaq üçün lisenziya haqqı 2000 lari idi, kazino açmaq üçünsə büdcəyə bundan da çox pul ödəmək lazım idi – 20 000 lari. İndi isə kazino açmaq üçün 5 milyon lari ödəmək gərəkdi, yəni əvvəlkindən 250 dəfə çox.


Totalizatorların müştəriləri artıb


Dünya çempionatı başlayan kimi totalizatorların müştəriləri daha da artıb. Oyunların necə nəticələnəcəyini əvvəlcədən düz tapıb çoxlu pul qazanmaq istəyənlərin sayı-hesabı yoxdu: «Mən totalizatorda tez-tez oyanyıram. Bəzən elə olub ki, bir günə bütün qoyduğum pulları uduzmuşam, o biri gün yenə gəlmişəm, o biri gün yenə gəlmişəm… Desəm ki bəxtim çox gətirir, yalan olar. Ayda bir-iki dəfə. Buna da şükür. Uduzandan sonra udmaq ümidilə yenə oynamağa başlayıram». Bu gəncdən fərqli olaraq 22 yaşlı Nika totalizatorda oynamaqdan çəkinir: «Totalizatora az-az gedirəm, çünki həmişə uduzuram. Kazinoya isə ümumiyyətlə getmirəm, heç fikrim də yoxdu. Əvvəla gərək orda oynamaq üçün pulun çox olsun, bundan da başqa adamı çəkib aparır, kazino aludəçiliyi yaranır».


Gürcüstanda oyun biznesi sahəsində baş verən cinayət hadisələrinə aid statistik məlumat yoxdu. Vaxtaşırı cəmiyyət belə cinayətlər haqqında xəbərdar olur. Adətən uduzan şəxs kimisə girov götürür.


Ermənistanda 16 kazino var


Gürcüstanda kazino sahiblərinə batan olmasa da, Ermənistanda onları şəhərdən kənara çıxara biliblər. Amma oyun biznesi də təslim olana oxşamır, hətta İnternetdə də kazinolar açılır. Yerevandan Narek Qalstyanın sözlərinə görə, 2003-cü ilə qədər, yəni kazino və uduşlu oyunlar haqqında qanun qəbul edilənəcən Ermənistanda 3 kazino vardı. Qanun qəbul ediləndən sonra onların sayı artmağa başladı və indi 16-a çatıb. Bəs görəsən kazinoların fəaliyyəti üçün münbit qanunvericilik bazası varmı? Maliyyə Nazirilyinin uduşlu oyunlara nəzarət idarəsinin rəisi Manuk Vartanyan deyir ki, var. «Qanunvericilik bazası tam formalaşıb. Kazino biznesinin fəaliyyətini tənzimləyən çoxlu qanunlar qəbul edilib».


Manuk Vartanyan deyir ki, kazino üçün lisenziya almaq mürəkkəb bir proseduradır və Ermənistandakı kazinoların əsasən «nüfuzlu şəxs» adlandırılan adamlara məxsus olduğu nəzərə alınsa, onların həmin mürəkkəb proseduralardan yan keçməklə qısa müddətdə lisenziya almaq istəyi yarana bilər. Amma Manuk Vartanyan deyir ki, bu istək həyata keçə bilməz. Onun sözlərinə görə, bundan əlavə son illər ərzində bir neçə kazino lisenziyadan məhrum edilib.


Qanuna görə, kazinoları yaşayış məntəqələrində açmaq olmaz, ona görə də heç bir şəhərdə kazinoya və ya oyun zalına rast gəlmək olmaz. Bu qərardan o vaxt hamı razı idi. Amma parlamentin deputatı Akop Akopyan əmindir ki, bu, iqtisadi cəhətdən əlverişli deyil və ölkə büdcəsinə böyük ziyan vurur. O öz təklifini irəli sürüb və təklif rədd edilib.


Ermənistanda internet kazinolar da var


Son vaxtlar isə Ermənistanda yeni maraqlı qurumlar qeydiyyata alınıb. Bunlar İnternetdə yaradılan kazinolardır. Onlayn kazinonun əməkdaşı Qayk Karapetyan: «Elə adamlar var ki, kazinoda oynamaq istəyir, amma getməyə vaxtı yoxdu. İndi onlar işdə oturub İnternet vasitəsilə kazinoda oynaya bilərlər».


Amma belə kazinoların bir pis cəhəti də var ki, oyunçuya nəzarət etmək mümkün deyil. Hətta uşaqlar da müxtəlif yollarla onlayn kart alıb kazinoda oynaya bilər. Amma əsl faciələr əgər belə demək mümkünsə klassik kazinolarda baş verir. Bir neçə il əvvələcən yolu tez-tez kazinolardan düşən Artak deyir ki, bəzi adamlar qumar oynamaq üçün hər şeylərindən keçməyə hazır olurlar: «Kazinoya elə adamlar gəlirdi ki, böyük məbləğdə pul uduzub evlərini satmağa məcbur olurdular, lombardlarda qızıl əşyalarını girov qoyurdular…»


XS
SM
MD
LG