Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:27

«Ayna»: «Bakıda antiNATO toplantısı»


«Ayna» qəzetindəki «Bakıda antiNATO toplantısı» başlıqlı məqalədə müəllif bu gün Bakıda keçiriləcək Müstəqil Dövlətlər Birliyi Müdafiə nazirləri Şurasının növbəti iclasını şərh edib. Müdafiə Nazirliyindən verilən məlumata görə, iclasda MDB-yə üzv dövlətlər arasında hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə ediləcək. «Ayna»ya daxil olan məlumatlara görə, iclas iştirakçıları hərbi, hərbi-texniki əməkdaşlığa, o cümlədən Hava Hücumundan Müdafiə üzrə birləşmiş sistemin inkişafı, rabitənin birləşmiş sistemi, metroloji xidmətlərin qarşılıqlı əlaqələri, aviasiya uçuşlarının təhlükəsizliyi məsələlərinə dair 20-dən artıq məsələni müzakirə edəcəklər. Müəllif xəbər verir ki, Ermənistan, Gürcüstan və Türkmənistan iclasda iştirak etməyəcək. Türkmənistanın mövqeyi «neytrallıq statusu» ilə bağlıdır. Gürcüstan isə ümumiyyətlə MDB-dən çıxmağa hazırlaşır. Ermənistana gəldikdə isə, Yerevan təhlükəsizlik məsələlərini əsas gətirir.


«Bakı-Xəbər» qəzetindəki «Qeyri-neft sektoruna ciddi zərbə» başlıqlı məqalədə bildirilir ki, Azərbaycan hökuməti neftdən gələcək gəlirlərin böyük hissəsini yerli iqtisadiyyata yatırmaq əvəzinə, bu pulları ölkədə yox, xaricdəki banklarda saxlamaq niyyətindədir. Sənaye və Energetika naziri Natiq Əliyevin sözlərinə görə, Azərbaycan nefti bugünkü templə çıxarılarsa, 30 ildən sonra tükənə bilər. Elə bu səbəbdən, iqtisadçı ekspertlər ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsinin indi olduqca mühüm əhəmiyyət kəsb etdiyini vurğulayırlar. Yaranmış bu situasiyada hakimiyyətin neftdən gələn gəlirləri xarici banklarda saxlaması qeyri-neft sektoruna növbəti zərbə kimi dəyərləndirilir. Eyni zamanda, bu, Azərbaycan iqtisadiyyatının mövcud hakimiyyətin həyata keçirdiyi siyasət nəticəsində neftdən gələn pullara hazır olmadığını göstərir.


«525-ci qəzet»də isə bildirilir ki, NATO Parlament Assambleyasının sessiyasında Londonda fəaliyyət göstərən Münaqişələr və Yeni Dövlət Quruculuğu Məsələləri üzrə Araşdırma Mərkəzinin rəhbəri Dennis Sammut Cənubi Qafqazdakı münaqişələrlə bağlı məruzəsində Dağlıq Qarabağ probleminə və Gürcüstandakı münaqişələrə toxunub. Dennis Sammutun çıxışına Azərbaycan tərəfdən münasibət bildirən Milli Məclisin NATO PA-dakı nümayəndə heyətinin üzvü Qüdrət Həsənquliyev məruzəçiyə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı işğal olunmuş ərazilər və qaçqınlar barədə məlumatların çıxışında əksini tapmaması barədə irad bildirib. O, Azərbaycan torpaqlarının 20 faizdən çoxunun işğal edildiyini, 1 milyondan artıq qaçqın və məcburi köçkün olduğunu bildirib. Bundan sonra söz alan Ermənistan nümayəndə heyətinin üzvü Mqer Şahgəldiyan isə azərbaycanlı deputatı yanlış informasiya verməkdə suçlayıb.


XS
SM
MD
LG