Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 20:34

Gəncədə seçkilər necə keçir?


Gəncədə nəticəsi ləğv edilmiş 38 saylı Nizami 2-ci seçki dairəsində parlamentə keçirilən təkrar seçkilərdə seçicilərin passivliyi müşahidə olunur. Bəzi istisnalar da var. 4 saylı seçki məntəqəsində seçicilərin çoxu gəlib səs verib. Ancaq gələnlərin bəzisinin komissiya üzvlərinə müraciətindən anlaşılırdı ki, onları icra hakimiyyətinin məhəllələrdəki nümayəndələri səsverməyə çağırıb. Ümumiyyətlə, dairənin ərazisində Mənzil-İstismar Sahəsinin işçiləri seçki günü səhər tezdən sakinlərin evlərinə gedib onları səsverməyə gəlməyə çağırır, hətta maşın da təşkil edildiyini deyirdilər. 4 saylı məntəqədə olduğumuz bir neçə dəqiqə ərzində iki «küçə üçlüyü»nün seçki məntəqəsinə gəlib komissiyaya hesabat verdiyinin şahidi olduq.


Dairə Seçki Komissiyasının sədri İbrahim Cəfərovun sözlərinə görə, MİS işçilərinin təbliğat aparmaq hüququ yoxdu: «Onlar özləri gəlib səs verə bilərlər, ailəsini gətirə bilərlər, ancaq təbliğat aparmaq onların işi deyil».


18 saylı Məntəqə Seçki Komissiyasında müşahidəçi olan Vüqar Quliyevin verdiyi məlumata görə, yerli məmurlar məntəqəyə gələrək hakimiyyətin dəstəklədiyi namizədin təbliğatını aparıblar. Müsavat Partiyasının namizədi Mürşüd Məmmədlinin seçki qərargahı isə 5 saylı məntəqədə məşvərətçi səs hüquqlu nümayəndələrinin təzyiqlər nəticəsində məntəqəni tərk etdiyini bildirir. Qərargah rəhbərliyi artıq 15, 19, 22, 23, 24, 25 saylı məntəqələrdə təkrar sesvermə keçirmək üçün MSK-ya müraciət edib.


DSK sədri İbrahim Cəfərov isə deyir ki, onlara qanun pozuntusu ilə bağlı heç bir yazılı şikayət daxil olmayıb. Müşahidəçilərin bağladığı aktları isə sədr sənəd saymır: «Bir neçə adam yığışıb istədiklərini yazırlar. Mənə ad-familya desinlər ki, kim təkrar səs verib».


38 saylı Nizami 2-ci Seçki Dairəsində 13 namizəd mübarizə aparır. Millət vəkilliyi uğrunda mübarizəyə Yeni Azərbaycan, Müsavat, Kommunist, Ədalət, Milli İstiqlal partiyalarının təmsilçiləri və bitərəf namizədlər qatılıb.


XS
SM
MD
LG