Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:55

«Üç nöqtə»: «Azərbaycanın 4500-dən artıq yaşayış ərazisində içməli su problemi yaranıb»


«Üç nöqtə» qəzetində bildirilir ki, Azərbaycanın 4500-dən artıq inzibati yaşayış ərazisində içməli su problemi yaranıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi içməli su kimi istifadə edilən Kür çayının Gürcüstan və Ermənistan ərazisində ciddi çirklənməyə məruz qaldığını bildirir. Eyni zamanda, Azərbaycanda da ciddi çirklənmə mənbələri var. Hazırda Mingəçevir – Yenikənd su hövzəsində və Tovuz rayonunun yaxınlığında süni yaradılmış göllərdə çirklənmənin qarşısını almaq məqsədilə müəyyən işlər görülsə də, bu, suyun keyfiyyətinin artmasına təsir göstərmir. Ekspertlərin qənaətinə görə, Oğuz və Qəbələdəki təbii su mənbələri Bakının təmiz içməli su ilə təchizatında olduqca böyük köməklik göstərə bilər.


«Əgər «Barmek»lə bağlanmış müqavilə pozularsa, hökumət qanunvericiliyə müvafiq olaraq paylayıcı şəbəkələrin idarə olunması üçün yeni tender keçirəcək. Tenderin qalibi Bakı, Sumqayıt və şimal rayonlarının enerji paylayıcı təşkilatının funksiyasını yerinə yetirəcək». «Azərenerji»nin prezidenti Etibar Pirverdiyev «Yeni Azərbaycan» qəzetinin müxbiri ilə söhbətində belə deyib. «Barmek»in Azərbaycan bazarını tərk edəcəyi təqdirdə, Rusiyanın «RAO VES» şirkətinin paylayıcı şəbəkəyə sahib olacağı barədə məsələyə gəlincə, «Azərenerji» rəhbəri əgər müsabiqə keçirilsə, bütün şirkətlər kimi Anatoli Çubaysın rəhbərlik etdiyi qurumun da tenderə qatılma ehtimalını gizlətmir. Amma cənab Pirverdiyev indidən bu şirkətin enerji bazarına daxil olmasına «yaşıl işıq» yandırılmayacağını da qeyd edir.


«Yeni Müsavat» qəzeti xəbər verir ki, Pentaqon Mərkəzi Asiya, Afrika, Cənub-Şərqi Asiya və Mərkəzi Amerika regionlarında yerləşən bir sıra ölkələrlə narkotranzitə qarşı əməkdaşlığı genişləndirməyə hazırlaşır. Bu ölkələrin arasında Azərbaycan da var. Müəllif «Military.com» saytına istinadən yazır ki, ötən ay Pentaqon bu məqsədlə Konqresə qanun layihəsi təklif edib. Əgər bu qanun layihəsi təsdiq olunsa, Pentaqon Əfqanıstan, Tacikistan, Türkmənistan və Özbəkistana narkotiklərə qarşı mübarizədə yardım göstərə bilər. Eyni zamanda, hərbi komandanlıq xahiş edib ki, Pentaqon əlavə 14 ölkədə narkotranzitə qarşı mübarizə ilə bağlı Amerika hərbi missiyalarının açılması üçün Konqresdən icazə istəsin. Bu siyahıya Azərbaycan, Qazaxıstan və Qırğızstan da daxildir.


XS
SM
MD
LG