Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:15

53 faiz ailəsini yoxsul sayır


Bakı - 22 yanvar 1990
Bakı - 22 yanvar 1990

20 Yanvar hadisəsi, əhalinin sosial vəziyyəti, iqtisadi böhranın dərinləşəcəyi ilə bağlı proqnozlar və ölkədən kapital axını bu gün medianın aparıcı mövzularıdır...

MİLLİ QÜRUR GÜNÜ

«Azərbaycan» qəzetində «Qəhrəmanlıq və iftixar günü» sərlövhəli məqalə dərc edilib.

Məqalədə xatırladılır ki, 27 il bundan öncə, 1990-cı il yanvarın 20-də SSRİ rəhbərliyi Bakıya qoşun yeridərək insanları qətlə yetirdib. Yanvarın 22-də isə Azərbaycanın Moskvadakı Nümayəndəliyinə gələn Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun keçmiş üzvü, Nazirlər Soveti sədrinin keçmiş birinci müavini Heydər Əliyev bəyanatla çıxış edərək rəsmi Kremlə etiraz edib.

Müəllif hesab edir ki, həmin ağır və faciəli günlərdə Azərbaycan xalqınınsoyqırımına məruz qaldığını ilk dəfə cəsarətlə bütün dünyaya bəyan edən Heydər Əliyev olub.

Məqalədə vurğulanır ki, bundan sonra H.Əliyev artıq Moskvada da qalmayaraq Azərbaycana qayıdıb.

Müəllifə görə, H.Əliyevin Azərbaycan rəhbərliyindən də əsas tələblərindən biri 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilməsi idi.

Məqalədə qeyd edilir ki, nə Ayaz Mütəllibov, nə də Xalq Cəbhəsi hakimiyyəti bu hadisələrə hüquqi-siyasi qiymət verib: «Yalnız ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra - 1994-cü ildə 20 Yanvar hadisələrinin əsl mahiyyəti hüquqi müstəvidə açıqlandı».

Məqalədə vurğulanır ki, H.Əliyev siyasi kursunu davam etdirən İlham Əliyev də 20 Yanvar qurbanlarının xatirəsini uca tutur, bu şəxslərə dövlətin qayğısı daim artırılır.

Rövşən Ağayev
Rövşən Ağayev

BÖHRAN DƏRİNLƏŞƏCƏK...

Azadliq.info saytında dərc edilən «İqtisadi fəallığın azalması böhranı dərinləşdirəcək» sərlövhəli məqalədə ölkənin liberal iqtisadi sistemə keçid imkanları ekspert Rövşən Ağayevlə dəyərləndirilir.

Müəllif bildirir ki, Azərbaycanda üzən məzənnə sistemi ilə birgə liberal iqtisadi sistemə keçid də gündəmə gəlib. Ölkənin buna nə dərəcədə hazır olub-olmamasını isə ekspert belə şərh edir: «Liberal iqtisadi sistemin ən vacib baza elementləri kimi azad sahibkarlıq, rəqabətli bank sektoru, çeşidli alətləri özündə birləşdirilən maliyyə bazarları və dayanıqlı makroiqtisadi sabitliyə təminat verən tədiyyə balansı yoxdur».

R.Ağayev belə bir şəraitdə liberal məzənnə sisteminə keçidi yanlış siyasət adlandırır.

Ekspertə görə, indiki qeyri-sabit bank və qeyri-müəyyən məzənnə rejimində heç bir işadamı yığımlarını yatırım kimi iqtisadiyyata yönəltməyəcək. Onun fikrincə, bunun nəticəsi olaraq iqtisadi fəallıq daha kəskin azalacaq, böhran isə daha da sərtləşəcək.

R.Ağayev bildirib ki, sərbəst üzən məzənnə rejiminə keçid o şəraitdə iqtisadiyyatda kataklizmlər yaratmır ki, tədiyyə balansının ümumi saldosu tarazlıq nöqtəsinə yaxın olur.

Yazıda qeyd edilir ki, 2015-2016-cı illərdə Azərbaycanın tədiyyə balansında böyük kəsir yaranıb. 2017-ci ildə isə neftin qiyməti indiki səviyyədə qalacağı halda bu kəsiri aradan qaldırmaq heç də real görünmür.

Dolanışıq
Dolanışıq

ÖLKƏDƏ NƏ QƏDƏR YOXSUL VAR?

«Exo» qəzeti oxucuları arasında keçirdiyi sorğunun nəticələrini açıqlayıb.

Yazıda qeyd edilir ki, «Sosial-maddi baxımdan siz ailənizi necə sayırsınız» sualına respondentlərin 53 faizi kasıb cavabını verib. 41 faiz isə ailələrini orta təminatlı sayıb.

Respondentlərin yalnız 3 faizi ailələrini təmin olunmuş, 2 faiz varlı adlandırıb.

Ekspert Nəriman Ağayev sorğunun nəticələrini qəzetə belə şərh edib: «Son vaxtlar Azərbaycanda özünü qida ilə təmin edə bilməyən insanların sayı çoxalıb. Buna görə də, minimal əməkhaqqı və istehlak səbətinin dəyəri 300 manat həcmində müəyyən edilməlidir».

Ekspertə görə, bu sorğunun nəticələri həm də onu göstərir ki, ölkədə yoxsulluğun səviyyəsi heç də hökumətin xalqı inandırmağa çalışdığı kimi 5 faiz yox, daha yuxarıdır: «Əlbəttə, Azərbaycanın əksər sıravi vətəndaşları ən zəruri ərzaq və xidmətlərdən istifadə edə bilir. Uzun zamandır ki, müstəqil ekspertlər, ictimaiyyət, bəzi QHT-lər dövlət qurumlarını istehlak səbətinin dəyərinə yenidən baxmağa çağırırlar. Əgər bu məsələyə yaxın zamanlarda baxılmasa, ölkədə onkoloji və başqa xəstəliklərə tutulan şəxslərin sayı artacaq».

Dollar
Dollar

MİLYARDLAR HARA GEDİR?

«Novoye Vremya» qəzetində «Pullar hara getdi?» sərlövhəli məqalə diqqət çəkir.

Müəllif yazır ki, ölkədə maliyyə durumu ağırlaşıb: «İş o yerə çatıb ki, Azərbaycan xarici tərəfdaşlarından pul verilməsini xahiş edir. Azərbaycan İslam İnkişaf Bankına (İİB) sənaye park və zona layihələrinə sərmayə qoyulmasını təklif edir».

Müəllif yazır ki, investisiya istənilən ölkənin iqtisadiyyatından ötrü əhəmiyyətlidir. Ancaq yazıda hökumətə belə bir sual da verilir: Ölkəyə neft satışından daxil olan 120 milyard dolların taleyi necə oldu?

Yazıda vurğulanır ki, regionların inkişafı ilə bağlı həyata keçirilən layihələr səmərəsiz olub. Həmin proqramlara qoyulan milyardlarla vəsait havaya sovrulub.

Müəllif yazır ki, rəsmilər son dövrlər Azərbaycanda regionların inkişafına 27 milyard dollar vəsaitin qoyulduğunu iddia edirlər.

Yazıda qeyd edilir ki, həmin pulların təyinatı üzrə xərcləndiyi ciddi şübhə doğurur. Hər il ölkədən qanunsuz şəkildə 9 milyard dollardan çox vəsait çıxarıldığı bildirir.

XS
SM
MD
LG