Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:28

Cəbhəçinin atası: ‘Gözlədiyimizin əksi baş verdi: evə nəsə atmadılar’


Ruslan Nasirli, Azerbaijan Popular Front Party
Ruslan Nasirli, Azerbaijan Popular Front Party

“ Mayın 25-də axşamüstü saat təxminən yeddinin yarısı olardı ki, qəfil evə bir dəstə adam gəldi. Təxminən 25 nəfər olardılar. Polis uniformasında olan da vardı, mülki geyimdə də. Amma gözlədiyimizin əksi olaraq, özləri ilə nəsə gətirib atmadılar, həqiqətən evdə olan əşyaları götürdülər.”

Saxlandığı bildirilən Azərbaycan Xalq Cəbhəsi Partiyası Gənclər Komitəsinin Ali Məclisinin sədri Ruslan Nəsirlinin atası Şamil Nəsirov Azadlıq Radiosu-na belə deyib.
Onun sözlərinə görə, mayın 25-də onların yaşadığı Saatlı şəhəri, Mirağa Ağayev küçəsi, ev 62 ünvanında axtarış aparılıb:

“İki saata yaxın evdə axtarış aparıldı. Ruslanın ümumvətəndaş pasportunu, mənim bankdan kredit götürməyimə aid sənədləri, orta və ali məktəblərdə oxuduğu vaxt Ruslanın iştirak etdiyi tədbirlərin video yazısı olan diskləri götürdülər. Götürülən əşyalar aktlaşdırıldı, mən də imza etdim.”

Buna da bax: Cəbhəçi atasının icra hakimiyyətində döyüldüyünü deyir

Atası: “ Ruslanı gəncədə saxlayıblar”

Ş. Nəsirov bildirib ki, Ruslan Nəsirlinin bu dəfə saxlanılması ondan ötrü gözlənilməz olub:

“Ruslan aprelin 28-də inzibati həbsdən (polisə müqavimətdə ittiham edilib-R) buraxılandan sonra bir-iki dəfə Bakıya gedib, qalan vaxtlar evdə olub. Əvvəllər saxlanmazdan əvvəl qeyri-rəsmi xəbərdarlıqlar olurdu. Düzdür, bizə siqnallar çatmışdı ki, yenə nəsə ola bilər. Üstündən bir az keçdi, fikirləşdik ki, təhlükə sovuşub. Gəncədə saxlanmağı göstərir ki, Ruslan bu müddətdə nəzarətdə olub.”

Atasının deməsinə görə,oğlu Ruslan Nəsirlini Gəncə şəhərində dostu ilə bir kafedə oturarkən saxlayiblar. Onun deməsinə görə, oğlunu Bakıya aparıblar.

Buna da bax: Ruslan Nəsirlinin polisə aparılmış valideynləri sərbəst buraxılıb

Saatlı Rayon Polis Şöbəsinin növbətçi hissəsidən isə “ Turan” agentliyinə deyiblər ki, axtarışı onlar aparmayıblar. Axtarışı Bakıdan gələnlərin apardığı bildirilir. Ancaq məsələyə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Kimlər saxlanıb?

Dünən, mayın 25-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) 3 fəalının saxlandığı bildirilir.

Bu barədə AXCP-dən məlumat yayılıb. Saxlananların AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirli və Nərimanov şöbəsinin sədri, keçmiş Qarabağ döyüşçüsü, bundan əvvəl də məhbus həyatı yaşamış Babək Həsənov olduğu deyilir.

Saxlananların evində axtarış aparıldığı da bildirilir.Onların özlərinin yerləri isə bilinmir.

Bütün bu deyilənləri hələlik, hüquq-mühafizə orqanlarından dəqiqləşdirmək mümkün olmayıb.

Xatırlatma

Hazırda AXCP-nin bir neçə fəalı inzibati həbsdədir.

Onlar polisə müqavimətdə ittiham edilərək inzibati qaydada cəzalandırılıblar. Partiyanın 10-dan çox fəalı isə müxtəlif ittihamlarla uzunmüddətli həbs edilib.

Partiya onların şərləndiyini, siyasi sifarişlə həbs edildiyini açıqlayıb. Ancaq rəsmilər ölkədə siyasi əsaslarla həbslərin aparılması haqqqında deyilənləri qəbul etmirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG