1953-cü ildə zorla köçürülmüş Yardımlının Deman kəndinin sakinləri böyük tələfatdan sonra 80-lərin sonlarında yenidən kəndlərinə qayıtdılar. Amma bilmirdilər ki, onları hansı problemlər gözləyir. Abbas Atilayın fotoreportajı bu kəndin yaşadığı dram haqqındadır.
Zorən köç, bir kənd dramı - Deman
1
Azərbaycanın İranla sərhəddində yerləşən Yardımlının Deman kəndi. Bu kəndə gedən yollar sərhəddin dibindən keçir.
2
1948-ci ildə Azərbaycan SSR-nın Yardımlı rayon ərazisində sərhəd pozuntusu baş verir. İranın Xoy hərbi briqadası İran sərhəddindən keçərək əvvəlcə neytral əraziyə, sonra isə Yardımlının 20-ə yaxın kəndinə soxulmağa cəhd edir. Bir neçə gün davam etən toqquşmadan sonra vəziyyət sakitləşir, həyat əvvəlki axarına düşür. Amma gələcəkdə yaşanacaq bir hadisənin başlanğıcı qoyulur - Zorən Köç.
3
Sərhədlərin təhlükəsizliyi və qorunması adı altında Sovet Hökumətinin qərarı ilə 1953-cü ildə bu rayonun 20-ə yaxın kəndi Aran bölgələrinə köçürülür. Bu kəndin əhalisi əsasən indiki Şirvan şəhərində məskunlaşdırılır. Kəskin iqlim dəyişikliyi və xəstəliklər ucbatından qeyri-rəsmi məlumata görə əhalinin yarıdan çox qırılır. Amma geriyə dönüş mümkünsüz olur, ta Sovetlərin çöküşünədək...
4
Sovetlərin çöküşü zamanı bir qrup şəxsin ölkə Ali Sovetinə yazdığı məktub müsbət həll olunur və demanlıların öz dədə-baba torpaqlarına qayıdışı üçün yaşıl işıq yanır. O tarixdən sonra köhnə sakinlərin bir qismi geri qayıdır.