Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:09

Kişi yazıçılar “paxıllıqdan ölsələr də...”


Deyirlər, yazıçılar bir-birini çox da ürəkdən sevən tayfa deyillər. O ki, qaldı onlardan biri, nə az, nə çox Nobel mükafatına layiq görülə, üstəlik də qadın ola!

Deyirlər, yazıçılar bir-birini çox da ürəkdən sevən tayfa deyillər. O ki, qaldı onlardan biri, nə az, nə çox Nobel mükafatına layiq görülə, üstəlik də qadın ola!

Məhz buna görə də 2015-ci ildə ədəbiyyat üçün Nobel mükafatının Belarus yazıçısı Svetlana Aleksiyeviçə verilməsi xəbərini onun öz ölkəsində, ələxüsus da qonşu Rusiyada birmənalı qarşılamayıblar.

Aleksiyeviçi Vladimir Voynoviç, Marina Razbejkina, Boris Pasternak və Yelizaveta Aleksandrova-Zorina kimi qələm və sənət sahibləri təbrik etsələr də, yazıçını və böyük mükafatı ona vermiş təşkilatı tənqid edənlər də olub.

Nə Nobel mükafatdır, nə də o yazıçı...

Məsələn, özü kifayət qədər ziddiyyətli fiqur olan Eduard Limonov deyib ki, nə Nobeli mükafat, nə də Aleksiyeviçi yazıçı hesab edir.

Şoloxov və Soljenitsın hara, Aleksiyeviç hara?” O evdar qadınlar üçün ulduz ola bilər

“Nobel mükafatının verilməsi kübar tədbirinə çevrilib, lap “Dünya gözəli” yarışına bənzəyir. Eyni biədəblik. Fərq ondadır ki, burada münsiflər heyətində gözəlçəni seçən stilistlərin və modaçıların yerində dekorativ Nobel komitəsi var. Kral, kraliça və sair. Onlar smokinq geyinilən dəbdəbəli mərasim düzəldirlər, lakin bunun ədəbiyyata nə dəxli var?” – yazır Limonov.

O qeyd edir ki, bu mükafatı Soljenitsına, Brodskiyə, İvan Buninə və çarəsizlikdən Şoloxova veriblər. Lakin onlar böyük adamlar idi.

“Şoloxov və Soljenitsın hara, Aleksiyeviç hara?” – deyə sual edib Eduard Limonov, - O evdar qadınlar üçün ulduz ola bilər”.

Lakin Aleksiyeviç barədə, onun alacağı 8 milyon isveç kronuna (953 min dollar) görə qibtə etmədən danışanlar da var.

Nobel mükafatını layiq olana da verirlər, olmayana da. Nobel mükafatı almayan yaxşı yazıçılar, məsələn, Vladimir Nabokov var. Lakin Svetlana Aleksiyeviç bu mükafata layiqdir

Vladimir Voynoviç deyir: Svetlana zəmanəmizin ən layiqli yazıçılarından biridir. Onun prozası qadın prozası deyil, müharibənin özü qədər sərtdir. Onun prozası sənədlidir, lakin təsvir gücünə görə bədiiləşir, duyğulandırır, təsirləndirici olur.

Voynoviç qeyd edir ki, adi qadın prozasını oxumağa adət edənlər üçün Aleksiyeviçi oxumaq asan olmayacaq, lakin tarixi və müasir dünyanı bilmək istəyənlər üçün bu mühüm qiraət olmalıdır.

“Nobel mükafatını layiq olana da verirlər, olmayana da. Nobel mükafatı almayan yaxşı yazıçılar, məsələn, Vladimir Nabokov var. Lakin Svetlana Aleksiyeviç bu mükafata layiqdir. O öz istedadına və missiyasına ciddi yanaşır” – deyir Voynoviç.

Rus ədəbiyyatının Belarus qələbəsi

“Vremya” nəşriyyatının baş redaktoru Boris Pasternak da bu xəbərdən sevinib: “Alındı! Mən tamamilə əmin idim idim ki, bu gec-tez belə olacaq. Mənə onun bu mükafata hansısa paramentrlərinə görə uyğun gəlmədiyi barədə söz-söhbət axmaq görünürdü. Gah deyirdilər bədiiliyi azdır, gah deyirdilər aşırı siyasiləşib”...

Boris Pasternak
Boris Pasternak

Boris Pasternak bildirib ki, yazıçı 30 il zəhmət çəkib və cəmisi beş kitab yazıb.

“Bizdə ildə bir, hətta iki kitab buraxmağı özünə borc bilən yazıçılar var və hesab olunur ki, bu yaxşıdır”.

Pasternakın dediyinə görə, Aleksiyeviçin əməyi heç də həmişə adekvat qiymətləndirilməyib. Ölkə dəyişib, quruluş dəyişib, onun özünə bir çox insanların münasibəti dəyişib. Lakin bu adamlar konyunkturaçı olublar – deyib Pasternak.

Pasternak Svetlana Aleksiyeviçin qələbəsinin hansı ölkəyə - Belarusa, yoxsa Rusiyaya aid edilməli olduğu barədə də fikir söyləyib.

“Bu Nobel mükafatı bizim rus dilimizin kisəsinə girib. Məncə buna şübhə edilməməlidir. Svetlana Aleksiyeviç rusdilli yazıçıdır və onun qələbəsi bizim qələbəmizdir” – deyib Pasternak.

Hər nə mülahizə ilə verilibsə də...

Sənədli filmlər rejissoru Marina Razbejkina da həmcinsinin uğuruna sevinib. O deyib ki, yazıçı ilə bir növ məsləkdaşdır. Axı hər ikisi sənədli yaradıcılıqla məşğul olurlar. Biri sənədli filmlərlə, digəri isə sənədli yazıçılıqla.

“Amma çox təəccüblüdür: Bizdə sənədli filmlə məşğul olanlar çox olsalar da, rus ədəbiyyatında Aleksiyeviç az qala yeganə sənədli proza yazıçısıdır. Rusiya haqqında çox sayda sənədli romanlar və pyeslər yazmaq olar, lakin heç kəs bunu etmir” – deyib Razbejkina.

Rejissor bildirib ki, sənədli bədii əsərlər Qərbdə çox oxunur.

“Düşünürəm ki, Rusiyada da oxucu yetkinləşib” – deyib rejissor.

Aleksiyeviç haqqında indi ən müxtəlif fikirlər söylənəcək. Rusiya yazıçıları paxıllıqlarından ölərək onu və Nobel mükafatını tənqid edəcəklər

Yazıçı Yelizaveta Aleksandrova-Zorina isə deyib ki, Aleksiyeviç haqqında indi ən müxtəlif fikirlər söylənəcək. Rusiya yazıçıları paxıllıqlarından ölərək onu və Nobel mükafatını tənqid edəcəklər.

Aleksandrova-Zorina bu fikirdədir ki, ədəbiyyat mükafatları adətən siyasiləşdirilir və ədalətli olmur. Onun fikrincə, Nobel mükafatı da belədir.

“Lakin bu mükafatın Svetlana Aleksiyeviçə verilməsi, belarus yazıçısına hansı mülahizələrlə verilməsindən (siyasət, cins, kitabın mövzusu, Allah bilir daha nələr) asılı olmayaraq böyük ədəbi ədalət və Belarusla Rusiya üçün mühüm hadisədir” – deyib yazıçı.

Tusovkadan kənarda

Aleksandrova-Zorina daha mühüm bir məqama toxunub. O deyib ki, bu gün kitabın ikinciləşdiyi bir vaxtda şou-biznes fiquruna çevrilən yazıçının medialaşması əsas rol oynayır.

Lakin bu qaydalarla oynamaq istəməyən Aleksiyeviçin şəxsiyyəti hörmət doğurur.

Onun Nobel mükfatına layiq görülməsi, Rusiya mükafatlarının böyük ədəbiyyatdan nə qədər uzaq düşdüyünü göstərir

Aleksandrova-Zorina yazır ki, Aleksiyeviç Rusiya ədəbi prosesindən, ədəbiyyat tusovkasından kənarda dayanıb.

Yazıçının fikrincə, Aleksiyeviç Rusiya ədəbiyyat mükafatlarından da kənarda qalıb və indi onun Nobel mükfatına layiq görülməsi, Rusiya mükafatlarının böyük ədəbiyyatdan nə qədər uzaq düşdüyünü göstərir.

Aleksiyeviç Nobel favoritləri yarışında artıq 2002-ci ildən vardı. O son 35 il ərzində “Qırmızı insanın” tarixinə həsr olunmuş “Utopiyanın səsləri” silsiləsini yaradırdı.

Bu silsiləyə “Müharibədə qadın sifəti yoxdur”, “Son şahidlər”, “Çernobıl duası”, “Sink oğlanlar” və “Sekond hend zaman” kitabları daxildir.

XS
SM
MD
LG