Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 09:43

Rusiya 1985-ci ilin «zastoy» – durğunluq dövründədir


Dmitry Medvedev Aivazovsky-nin «Feodosiyada Qara dəniz donanması» rəsminə baxır. Krım. 2016.
Dmitry Medvedev Aivazovsky-nin «Feodosiyada Qara dəniz donanması» rəsminə baxır. Krım. 2016.

-

Rusiyanın baş naziri Dmitry Medvedev-in Krımda dedikləri bu ölkənin böhran içində olduğunu bir daha göstərdi. Baş nazir bəyan edib ki, təqaüdlərin indeksasiyası üçün pul yoxdur və krımlılar həmin vəsaitin əldə edilməsi üçün hələ gözləməlidirlər. Sosial şəbəkələr buna zarafat və sarkazmla cavab veriblər.

Bəs vətəndaşlar Rusiya hökumətinin bu cür bəyanat verəcəyini gözləmirdilərmi? İctimai xadim və vətəndaş cəmiyyəti fəalı Sergei Sharov-Delaunay AzadlıqRadiosunun rus xidmətinə deyib:

- Əslində, təqaüdlərin builki indeksasiyası təkcə Krımda yox, Rusiyanın hər yerində təqaüdlərin indeksasiyası haqqında qanuna uyğun gəlmir. Bu il təqaüdlər inflyasiya həddində indeksləşdirilmir. Bu haqda əvvəl də bildirilib, ancaq o zaman bu, sosial şəbəkələrdə tufan qoparmamışdı, çünki indeksasiyanın olmayacağını hamı əvvəlcədən bilirdi. Amma indiki halda durum fərqlidir, Krım təqaüdçüləri və ümumiyyətlə, krımlılar Rusiyanı ona görə seçmişdilər ki, süd çayında üzəcəklərini, kisel sahillərində gəzəcəklərini, Moskvaya loyal münasibəti saxlamaq müqabilində onlara hər cür şərait yaradılacağını güman edirdilər. Sosial şəbəkələrdəki şərhlər bir az da kinayəlidir, yəni siz havayı yaxşı həyat istəyirdiniz, buyurun alın.

- Belə təəssürat yaranır ki, Krım təkbaşına heç nə ifadə etmir, heç nəyə dəymir, o da Rusiyanın başqa bölgələri kimidir. O, tam şəkildə mərkəzi hakimiyyətdən – indi isə Rusiya hökumətindən gələn dotasiyalarla dolanır. Niyə belədir? Bu sxem necə qurulub?

- Krımın indiki halda az dəyəri var. Elə Ukrayna üçün də az əhəmiyyətli idi. O, Ukrayna üçün də eynən bu şəkildə yük idi: Krım vilayəti və Donbas, Donetsk, Luqansk Ukrayna büdcəsindən transfertlərin getdiyi başlıca bölgələr olublar. Rusiyada hesablayıblar ki, Krımda durum sabitləşib, Ukraynanın onu geri qaytarmaq imkanı yoxdur, Rusiya da onuvermək niyyətində deyil... Buna görə də düşünürlər ki, hər şey əladır, Krıma da başqaları kimi yanaşmaq olar.

Sergei Sharov-Delaunay
Sergei Sharov-Delaunay

Başqalarına münasibətsə çox sadədir: Rusiyanın istənilən bölgəsindəki kimi 75 faiz vergi toplanır, bu da mərkəzə göndərilir, daha sonra transfertlər şəklində paylaşdırılır. Elə regionlar var ki, hətta bu da onlara yaxşı yaşamağa imkan verir. İlk növbədə bu, Saxalin vilayətidir, hələ Boris Yeltsin zamanında burdakı qaz-neft hasilatının pay bölgüsü ilə bağlı razılaşma əldə edilib və gəlirlər Saxalinin büdcəsində qalır. Buna görə də Saxalin vilayətinin büdcəsi həmişə doludur, o əlində olanın hamısını federal büdcəyə vermək məcburiyyətində deyil. Xantı-Mansi və Yamal-Nen dairələrində əhali azdır, hətta enerjidaşıyıcıların qiyməti ucuzlaşsa belə, neft-qaz gəlirləri çoxdur. Dağıstan və Çeçenistan kimi bölgələrinsə büdcəsi mərkəzin transfertləri hesabına 89 faiz dolur. Krım da buna oxşar durumdadır.

İş ondadır ki, Krım Ukrayna tərkibində olanda, orda çox sayda ruslar dincəlirdi və burda pul xərcləyirdilər. Krıma getməyə heç bir əngəl yox idi. Bundan başqa, Ukraynadan ora işıq, su verilirdi, indi isə bununla bağlı vəziyyət getdikcə pisləşməkdədir. Təbii ki, qeyri-sabit durum turistləri Krıma cəlb etmir. Bəs Krım başqa nəylə məşğul ola bilər? Su yoxdur, kənd təsərrüfatı can verir. Elektrik yoxdur, ya da böyük fasilələrlə verilir. Krım nədən gəlir götürsün, nədən qazansın? Rusiya büdcəsinə 75 faiz vergi ödəyəcəyi halda nə qazana biləcək? O, indi yükə çevrilib, biz bu mənada çiynimizə yük qoymuşuq. Bəli, Ukrayna 25 illik müstəqilliyi dövründə Krımda rəqabətə dözümlü kurort yaratmaq üçün heç nə etməyib. Tutalım, Bolqarıstan və ya Türkiyə kimi. Ukrayna buna cəhd də etməyib. Elə indi də heç nə edilmir.

Medvedev Krım təqaüdçülərinə: «Pul yoxdur, amma siz dözün»

- Sizin təsvir etdiyiniz mənzərəyə qayıdaq: 75 faiz dövlətə gedir, daha sonra hansısa hissə transfert şəklində geri qayıdır. Yaxşı iqtisadi durumda belə bu çoxdur. İndi nə baş verir, bu pullar hara gedir, harada it-bata düşür?

- Böyük hissəsi, qeyri-proporsional hissəsi hərbi və təhlükəsizliklə bağlı xərclərə yönəlib. Bu, federal büdcə üçün nəhəng xərclərdir... Bu faktiki olaraq döyüşən ölkənin hərbi büdcəsidir! Bu o deməkdir ki, hamının arasında bölünməli piroqdan təhlükəsizlik üçün, yəni polis, xüsusi xidmət orqanlarına ayrılan payı götürəndə, yerdə çox az qalır. Dövlət daha sonra gözəl bir iş də görür. O, federasiya subyektlərini həddən ziyadə öhdəliklə yükləyir və bu durumda onları heç bir maliyyə ilə təmin etmir.

- Məsələn?

- Məsələn, prezidentin təhsil, səhiyyə və başqa sahələrdə maaşların qaldırılması ilə bağlı may sərəncamı var. Hələ indi yarımleqal şəkildə bu sərəncamların 100 faiz yerinə yetirilməməsi ilə bağlı danışmağa başlayıblar. Vəsait yoxdur, ona görə də bəzi yerlərdə həkimləri, müəllimləri ixtisar ediblər. Biz Moskvadakı durumu bilirik, bölgələrdə vəziyyət daha betərdir.

...Üstəlik də, iqtisadiyyatda dövlət sifarişlərində korrupsiya payı dəhşətli dərəcədə artmaqdadır. Ən yeni nümunələrdən birini gözdən keçirək. Memarlıq abidələrinin bərpasından müqəddəs, təmiz və yaxşı nə ola bilər? Restavrasiyayla məşğul olan əsas podratçılardan biri «Ateks» şirkətidir. Onun tam adı gizlədilmir də, bilbordlarda açıqca yazılır: Federal unitar dövlət müəssisəsi, «Ateks» Federal Mühafizə Xidmətinin şirkətidir.Bir də «Balstroy» şirkəti var. Son üç ildə mənim yadımda qaldığı qədər beş dəfə «Balstroy»un rəhbərləri «Ateks»ə keçirilib, «Ateks»in rəhbərliyi «Balstroy»a. «Ateks»in real sahibi Rusiya Federasiyasının Federal Mühafizə Xidmətidir.

- Sizin cızdığınız mənzərə Sovet İttifaqının 1982-ci ilinin mənzərəsini xatırladır.

- Bəli. Mən 1985-ci ildə Rusiyanın tikinti sahəsində qapalı ekspertiza aparmışdım. Mən dəhşətə gəldim, fondların ortalama aşınması 75 faiz idi, özü də nəzərə alın ki, 78 faiz artıq qəza fondu sayılır. İstehsalatın düşməsi fondların dağılması ilə bağlı idi. Mənzərə eynidir. Vəziyyət ondakı qədər dəhşətli deyil. O zaman lazım olan məhsulun 85 faizi ölkədə istehsal edilirdi, istehsalat azalan kimi ölkə də dağıldı. İndi isə tələb olunan məhsulun 15 faizi ölkədə istehsal olunur, 85 faizi xaricdə. Yaxşı olardı neft-qazdan başqa da satmaq üçün nəsə istehsal edək. Krıma, Donbasa görə Qərb əleyhinə avtomatik sanksiyalar dünyadan təcrid olunmaqdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG