Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:07

Şirvanın internet klublarında sosial şəbəkələrə qadağa


Şirvan şəhərinin internet klublarında bəzi saytlara giriş qadağan olunub. «Ölkə» qəzetinin əməkdaşı İdrak Camalbəylinin AzadlıqRadiosuna verdiyi məlumata görə, getdiyi internet klublarında gənclərin aktiv olduqları saytlara və sosial şəbəkələrə girərkən məhdudiyyətlərlə üzləşib:

«Bir neçə gündür işlə əlaqədar Şirvan şəhərindəyəm. Gün ərzində internet klublarına gedirəm. Burada İcra Hakimiyyətinin nümayəndələri tərəfindən gün boyu nəzarət var. Klub rəhbərlərinə «Facebook» və «Twitter» kimi sosial şəbəkələrə girişin qadağası ilə bağlı tapşırıqlar verilib. İndi mən burada yalnız saytlara proxy xidmətlərdən istifadə etməklə daxil ola bilirəm»

Şirvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Şəfayət Əsgərov isə bu məlumatı təkzib etdi:

«Fevral ayında internet klublarına baxış keçirilib. Reyd zamanı az yaşlı uşaqların əxlaqsız saytlara baxması faktı aşkarlanıb. Bundan sonra az yaşlı uşaqlar tərəfindən əxlaqsız saytlara giriş qadağan olunub. Bununla bağlı elanlar vurulub».

Şəfayət Əsgərov eyni zamanda İcra Hakimiyyətinin sosial şəbəkələrə qadağalar etmək səlahiyyətinin olmadığını vurğuladı.
XS
SM
MD
LG