Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:08

«Azəriqaz» İranla əməkdaşlığı genişləndirir


Səs: Real audio
Bu il sərhəd rayonlarının kəndlərinə təbii qaz veriləcək «Azərbaycan Rusiyadan aldığı təbii qaza alternativ yaratmaq üçün İranla əməkdaşlığı genişləndirir». «Azəriqaz» Səhmdar Cəmiyyətinin sədri Əlixan Məlikov "Azadlıq" radiosuna müsahibəsində belə deyib.



Əlixan Məlikov: «Rusiya Azərbaycana satdığı qazın qiymətini həddindən artıq artırsa və ya qəza baş versə, hökumət bu problemi İran qazı hesabına həll etməyi planlaşdırır. Yəqin ki, İrandan alınacaq qazın qiyməti Rusiyanın təklif etdiyi qiymətdən baha olmayacaq».



Bu məqsədlə İran və Azərbaycan arasında yeni yüksəkgərginlikli Astara-Qazıməmməd qaz kəmərinin çəkilməsi də nəzərdə tutulub. Fevralın 24-də keçirdiyi mətbuat konfransında Əlixan Məlikov dedi ki, indi hökumət bu məsələləri müzakirə edir.



Amma bu tədbirləri «Azəriqaz» fövqəladə hallar üçün nəzərdə tutur. Əlixan Məlikov deyir ki, 2006-cı ilin 4-cü rübündə «Şahdəniz» layihəsi üzrə əldə olunan qaz bazara çıxandan sonra Azərbaycanda qaz sarıdan problem olmayacaq. Hətta hökumət istəyir ki, ilin ortasında Rusiyadan aldığı 4.5 milyard kubmetr qazı 3.5 milyard kubmetrə qədər azaltsın.



«Azəriqaz»ın sədri deyir ki, «Şahdəniz» işə düşəndən sonra qazı saxlamaq üçün yer tapmaq hökumət üçün problem ola bilər. Yeri gəlmişkən, bp şirkəti ilə bağlanmış müqaviləyə görə, bu yataqdan əldə olunan qazın 1.5 milyard kubmetrini Azərbaycan hökuməti alacaq. Bu məqsədlə hələ ki, 1 milyard kubmetr tutumu olan yeraltı qaz anbarlarının genişləndirilməsi nəzərdə tutulur. Amma bu işi həyata keçirmək üçün hökumətə ən azı iki il vaxt lazımdır. Əlixan Məlikov deyir ki, bu müddət ərzində əldə olunan mavi yanacaq indiyədək qaz almayan kəndlərə veriləcək.



Əlixan Məlikovun sözlərinə görə, bu il sərhəd rayonlarının kəndlərinə təbii qaz veriləcək. İndi Azərbaycan kəndlərinin əksəriyyətinə təbii qaz verilmir. Ötən il 85 kəndə qaz vermək mümkün olub.
XS
SM
MD
LG