Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:28

Avropa Birliyi Rambuye danışıqlarına nikbin baxır


Səs: Real audio
Səfərdə əsas məqsəd Azərbaycanda "Rusiya İli"nin açılışında iştirak etməkdi "Yeni Qonşuluq Siyasəti" çərçivəsində Azərbaycan üzrə Fəaliyyət Planı ləngiyir



Beynəlxalq aləm tərəfləri Qarabağ problemini nizamlamağa məcbur edə bilməz. Bunu Yerevanda səfərdə olan Avropa Birliyinin Cənubi Qafqaz üzrə nümayəndəsi Heyki Talvitiye söyləyib. Ancaq o deyib ki, sülh olsa, Dağlıq Qarabağın bərpasına pul verəcək donor tapmaq asandır.



Talvitiyedən əvvəl regionda olmuş Avropa Birliyinin xarici əlaqələr üzrə komissarı Benita Ferrero-Valdnerin də səfərinin gündəliyində Cənubi Qafqazdakı "donmuş münaqişələr" və "Yeni Qonşuluq Siyasəti" ilə əlaqədar Fəaliyyət Planı əsas yer tutub. Səfərdən sonra Brüsseldəki rəsmilər deyiblər ki, bu məsələlərlə bağlı hiss olunan tərəqqi əldə edilməyib.



"Azadlıq" radiosunun Avropa Birliyindəki mənbələrdən aldığı məlumata görə, Fəaliyyət Planının ləngiməsi əsasən Kipr məsələsi ilə bağlıdır. Yəni Birliyin üzvü olan Kipr Azərbaycandan Kiprin türk hissəsinə – Şimali Kiprə birbaşa reysin açılmasının əleyhinədir. Belə bir uçuş yalnız bir dəfə ötən il olmuşdu.



Xanım Valdnerin sözçüsü Emma Udvin deyir ki, Avropa Birliyinin xarici əlaqələr üzrə komissarı Gürcüstan, Ermənistan və Azərbaycanı Fəaliyyət Planı üzrə məsləhətləşmələri davam etdirməyə çağırıb. Planın hazırlanması ötən ilin sonunadək başa çatmalıydı. Emma Udvinə görə, ləngimə o demək deyil ki, bu iş düzgün aparılmır.



Benita Ferrero-Valdnerin səfəri Azərbaycan və Ermənistan prezidentlərinin Paris danışıqlarından sonra baş tutub. Avropa Birliyi deyir ki, Qarabağın bərpasına yardım göstərməyə hazırdır, amma əvvəlcə sülh müqaviləsi əldə edilməlidir.



Emma Udvin "Azadlıq" radiosuna deyib ki, Avropa Birliyi Rambuyedəki danışıqlara pozitiv baxır. Onun sözlərinə görə, mətbuat bu görüşü daha çox qəmgin şəkildə işıqlandırsa da, o hesab edir ki, münaqişə tərəflərinin Rambuyedəki görüşə prosesin sonu yox, bir addımı kimi baxmaları təqdir olunandır.



Xanım Udvinə görə, Ferrero-Valdner üç Cənubi Qafqaz respublikasının hökumətlərinə çatdırıb ki, bu dövlətlərin Avropa Birliyinə yaxınlaşmaları üçün regiondakı "donmuş münaqişələr"in həlli vacibdir:



"Biz dəfələrlə vurğulamışıq ki, bu ölkələrin "Qonşuluq Siyasəti"nin bütün potensialından istifadə etmələri üçün regional sabitlik vacibdir. Bu "donmuş münaqişələr" həll olunmayınca, onlar "Qonşuluq Siyasəti"ndən tam faydalana bilməyəcəklər".
XS
SM
MD
LG