Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:30

Bölgələrdə «quş qripi»nə nəzarət olunmur


Səs: Real audio
Zavodun işçiləri müəssisədəki bir neçə sexin sökülərək yerində məscid tikilməsinə etiraz edirlər Nəinki diri quşlarla, heç ölmüş quş cəsədləriylə də maraqlanan yoxdur



Azərbaycanda «quş qripi» xəstəliyinin olması rəsmən təsdiqlənməmişdən də çöl quşlarının ovlanmasına, bazarlarda diri quşların satışına icazə verilmirdi, quşçuluq fabrikləri qapalı şəraitdə işləyir, sərhəd məntəqələrindən keçən nəqliyyat dezinfeksiyası olunurdu.



«Quş qripi»nin olması rəsmən təsdiqlənəndən sonra isə karantin və dezinfeksiya işlərinin aparılacağından, bölgələrdə baytarların işinin gücləndiriləcəyindən danışılmağa başlandı. Ancaq bu günə qədər daha çox Bakı ətrafında, Xəzər dənizinin sahillərində çöl quşlarının cəsədləri olan yerlər dezinfeksiya edilir. Evlərində toyuq-cücə saxlayanlar baytar həkimlərinin onların həyətlərindəki quşlarla maraqlanmadığını deyirlər.



Bölgələrdə isə camaat deyir ki, nəinki diri quşlarla, heç ölmüş quş cəsədləriylə də maraqlanan yoxdur. Bu günlərdə Samux rayonunda sağsağanlar kütləvi qırılıb. Rayonun Acınisi kəndinin sakini Nizami Nağıyev deyir ki, qırılan sağsağanları camaat məcbur olub zibilliyə atır.



Dövlət Baytarlıq Xidmətinin rəisi İsmayıl Həsənov da deyir ki, baytarlıq xidmətinin işi hazırda güclü deyil. 64 rayonun yalnız iki faizində baytarlıq xidmətinin maşını var. İşi gücləndirmək üçün iri məbləğlər lazımdır.



Baytarlıq Xidmətinin rəisi deyir ki, Azərbaycan hökuməti "quş qripi" ilə mübarizəylə bağlı keçən il təxminən 800 min dollar ayırıb. Ancaq bu azdır. Ona görə də Baytarlıq Xidməti Dünya Bankına 15 milyon dollar ayrılması üçün layihə verilib.



Fevralın 16-da xarici işlər naziri Elmar Məmmədyarov da Avropa Komissiyasının komissarı Benita Ferrero-Valdnerlə görüşündə "quş qripi" ilə bağlı mübarizədə Azərbaycana yardım göstərilməsini istəyib. Xanım Valdner isə deyib ki, Komissiyada Azərbaycana yardım göstərilməsi məsələsinə baxılacaq.



Neftçala-Biləsuvar quşçuluq təsərrüfatının direktoru Ərəstun Abbasov deyir ki, indi satış azalıb. Onlar əhalini inandırmağa çalışırlar ki, məhsulları təhlükəsizdir. Azərbaycan Quşçuluq Cəmiyyətinin sədri Abbas Məmmədov da deyir ki, məhsullar indi daha çox depolara-dondurularaq anbarlara göndərilir.



Quşçuluqla məşğul olanlar hesab edirlər ki, onların müəssisələri işıq-qaz pulundan, vergidən azad olunmalı, faizsiz kredit verilməli, yem almağa yardım edilməlidir.



Türkiyədən gəlmiş baytar həkimi Barış Yılmaz isə deyir ki, «quş qripi» virusu Türkiyədə tapılanda, camaat toyuq əti, yumurta almaqdan imtina etmişdi. Hökumətin apardığı iş hazırda bu problemi aradan qaldırıb:



«Bu nə Türkiyə, nə Azərbaycanın problemidir, dünyanın problemidir. Eyni şey Türkiyədə də oldu. 45 gün əvvəl heç kim toyuq, yumurta yemirdi. Biz maarifləndirməni güclü apardıq. İndi quş əti də yeyilir, yumurta da. Bunu camaata dövlət başa saldı. Burada da maarifləndirməyə üstünlük vermək lazımdır. Türkiyənin Kənd Təsərrüfatı Nazirliyinin təcrübəsi böyükdür. Bizim təcrübə burada da tətbiq olunmalıdır».



Azərbaycanda maarifləndirməyə gəldikdə, Baytarlıq Xidməti "quş qripi" virusunun qarşısının alınmasıyla bağlı vərəqələr hazırlayıb. Bu vərəqələri isə çox az yerlərdə görmək olur.
XS
SM
MD
LG