Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:37

<i>«Gün Səhər»</i>: «Bilik də puldadır, ağil da...»


Səs: Real audio
Xarici İşlər Nazirliyi karikatura məsələsi ilə bağlı bəyanat verdi «Yeni Azərbaycan» qəzetindəki «Quşçuluq təsərrüfatları böhranla üzləşə bilər» başlıqlı məqalədə bildirilir ki, Azərbaycanda «quş qripi»nə rast gəlinməsə də, əhali arasında yaşanan qorxu və narahatçılıq broyler təsərrüfatlarının işinə mənfi təsir göstərməkdədir. Bazara gündəlik 50 ton quş əti çıxaran fabriklər hazırda 20 ton məhsul satmaqda acizdir. Kənd təsərrüfatı mütəxəssisləri ziyanın həm fərdi ev təsərrüfatlarına, həm də quşçuluq fabriklərinə dəydiyini bildirirlər. Zərərçəkən təsərrüfatlar sırasında Abşeron, Siyəzən, Cəlilabad, Hacıqabul, Xızı, Bərdə, Masallı rayonları üstünlük təşkil edir. Müəllif yazır ki, vəziyyət bu cür davam edərsə, quşçuluq fabriklərinin maliyyə imkanları təkrar investisiya qoyuluşunda müəyyən problemlər yarada bilər.



«Gün Səhər» qəzetindəki «Bilik də puldadır, ağil da pulda...» sərlövhəli məqalədə deyilir ki, hazırda sovet təhsil sisteminin qoyduğu ənənələrin bir qismi yenə də qalmaqdadır. Köhnə dövrlərdə olduğu kimi, təhsilə ayrılan vəsaitlər yenə də yerli və mərkəzi xərclər olmaqla iki hissəyə bölünür. Bu prinsiplə razılaşmayan Təhsil Nazirliyi yeni təkliflə çıxış edir. Nazirlikdə hesab edirlər ki, təhsilə ayrılan vəsaitlər ya mərkəzləşdirilmiş qaydada bu qurumun özü tərəfindən idarə olunmalı, ya da birbaşa hər bir təhsil müəssisəsinin adına açılacaq bank hesabına köçürülməlidir. İndi büdcədən təhsilə ayrılan xərclərin böyük qismi yerli icra hakimiyyəti orqanları tərəfindən idarə olunur. Məqalədə bildirilir ki, Təhsil Nazirliyinin irəli sürdüyü bu təklifi ölkənin maliyyə strukturları dəstəkləmir. Maliyyə Nazirliyindən adının çəkilməsini istəməyən mənbə deyir ki, təhsil müəssisələrinə maliyyə müstəqilliyinin verilməsi indiki şəraitdə qeyri-mümkündür. Çünki belə bir qaydanın tətbiqi maliyyə orqanlarında işçilərin ixtisara salınmasına gətirib çıxara bilər. Bu isə, işsizliyin aradan qaldırılmasına dair dövlət proqramının prinsiplərinə ziddir.



«Ayna» qəzetindəki «Pentaqon Azərbaycanın hərbi aerodromlarını təftiş edir» başlıqlı məqalədə bildirilir ki, Pentaqon ekspertləri «Hava məkanının idarə olunması» adlı hərbi seminarda iştirak etmək üçün Bakıda səfərdədirlər. Fevralın 10-dək davam edəcək seminar çərçivəsində amerikalı zabitlər Azərbaycanın Hərbi Hava Qüvvələrinin mövcud durumunu öyrənəcək, onlara məxsus olan hərbi obyektlərə baş çəkəcəklər. Müəllifə görə, Pentaqon ekspertlərinin bu fəaliyyəti ABŞ-ın İrana qarşı gözlənilən hərbi müdaxilə planı ilə əlaqəli ola bilər. Bu istiqamətdə səslənən bir sıra məlumatları Qərb mənbələri də təsdiq edir. «Pentaqonun İrana qarşı həyata keçirəcəyi hərbi əməliyyatlarda Gürcüstan və Azərbaycandakı hərbi aerodromlardan istifadə olunacaq» - bu diqqətçəkən məlumatı Amerikanın məşhur «Atlantic Monthly» jurnalı yazıb.
XS
SM
MD
LG