Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:38

Prezident kompromissiz danışdı


Səs: Real audio
Şəhər Baytarlıq İdarəsinin həkimi İmamverdi Bayramov quşların mədə-bağırsaq xəstəliyindən tələf olduğunu deyir "Nəinki bu gün, heç sabah da Qarabağ Azərbaycandan ayrılmayacaq. Nəinki ayrılmayacaq, heç buna imkan da verilməyəcək" Bunu prezident İlham Əliyev yanvarın 31-də keçirdiyi müşavirədə deyib



Düzdür, prezident bundan əvvəl də dönə-dönə vurğulayıb ki, münaqişənin həlli yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində baş tuta bilər. Ancaq son günlər tərəflərin güzəştlərə getməsinin vacibliyi barədə müxtəlif səviyyələrdə bəyanatlar səslənir.



ATƏT-in fəaliyyətdə olan sədri Karel de Quxt ötən həftə Bakıda səfərdə olanda dedi ki, prezidentlərin fevralın 10-11-də Parisdə keçiriləcək görüşündə irəliləyişə ümid edir.



Minsk Qrupunun amerikalı həmsədri Stiven Mann də "Azadlıq" radiosuna deyib ki, əgər tərəflər can yandırsalar, güzəştə getsələr və siyasi iradə nümayiş etdirsələr, o zaman 2006-cı il Qarabağ sülh razılaşması ili ola bilər.



Bir müddət əvvəlsə Prezident Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov 15 ildən sonra Dağlıq Qarabağda referendumun mümkünlüyünü istisna etməmişdi.



Yerli müxalifət qəzetləri isə Parisdə Azərbaycan prezidentinin təslimçi sazişə imza atacağı barədə iddialar səsləndirirlər. Məsələn, yazırlar ki, Heydər Əliyevin vaxtilə Ter-Petrosyanla Fransada razılığa gəldiyi, ancaq sonradan ictimai rəydən çəkinərək imzalamaqdan imtina etdiyi sazişə onun oğlu imza ata bilər.



Prezidentin yanvarın 31-də müşavirədə səsləndirdiyi fikirləri məhz yerli mətbuatda yazılanlara cavab, yaxud siyasi xal qazanmaq cəhdi hesab etmək olar.



Politoloq Rasim Musabəyovun fikrincə, prezident demək istəyir ki, Fransa görüşündə heç bir sənəd imzalanmayacaq və ümumiyyətlə, heç bir güzəştdən söhbət gedə bilməz. Politoloqun fikrincə, səslənən təkliflər əslində Azərbaycanın Dağlıq Qarabağ münaqişəsində təslim olması deməkdir, Azərbaycansa özünü həmin güzəştlərə gedəcək dərəcədə zəif hesab etmir.



Politoloq Vəfa Quluzadə isə bu fikirdədir ki, kompromis torpaqların verilməsi deməkdir və Azərbaycan bu güzəştə gedib.



"Zerkalo" qəzetinin şərhçisi Rauf Mirqədirovsa prezidentin bəyanatına iki cür yanaşmağın tərəfdarıdır: ya Azərbaycan sülh danışıqlarını danışıq xətrinə aparır, doğrudan da heç bir sənəd imzalamağa hazırlaşmır, yaxud da bu bəyanatlarla cəmiyyət aldadılır.



Cənab Mirqədirovun fikrincə, əgər Azərbaycan tərəfdən güzəşt yoxdursa, məsələn, son vaxtlar tez-tez danışılan referendum məsələsi götür-qoy edilmirsə, onda danışıqlar ümumiyyətlə, əhəmiyyətini itirir.



Prezident İlham Əliyev yanvarın 31-də onu da deyib ki, son iki ildə Azərbaycanın müdafiə potensialı iki dəfə, bəlkə də iki dəfədən çox artıb, bu siyasət davam etdiriləcək.



Müdafiə naziri Səfər Əbiyev də ötən həftə rusiyalı həmkarı Sergey İvanovun Bakıya səfərində bildirmişdi ki, əgər sülh danışıqları bir nəticə verməsə, Azərbaycan məsələnin güc yoluyla həllinə üstünlük verəcək.



ABŞ-ın "Stratfor" Araşdırmalar Mərkəzinin qənaətincə, əgər Azərbaycan Qarabağı güc yoluyla almağı seçsə, onda üstünlük onun tərəfində olacaq.



Hələliksə, Azərbaycan və Ermənistan prezidentlərinin Fransa görüşünə günlər qalır. Bundan əvvəl İlham Əliyev və Robert Koçaryan Qarabağ münaqişəsilə əlaqədar dörd dəfə görüşüblər və hər bir görüş problemin həllinə doğru bir addım kimi dəyərləndirilib.
XS
SM
MD
LG